Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi: “Gəncə hadisələri də göstərdi ki, radikal və ekstremist qrupların Azərbaycanda sosial bazası yoxdur”
Məlum Gəncə hadisələrindən sonra ortaya bir sual da çıxdı: Ölkədə dini maarifləndirmə kifayət qədər aparılırmı? Bu istiqamətdə görülən işlər zamanı kontingent düzgün seçilirmi?
Suallarımıza cavab almaq üçün bu sahənin nümayəndələrinə müraciət etdik.
Məşhədi Dadaş məscidinin imam-cüməsi, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli əhali arasında dini maarifləndirmə səviyyəsini tam qənaət-bəxş hesab etmir:
“Sovet ittifaqı dağılandan sonra bu sahədə işlərə sıfırdan başlamışıq. Sovet dövründə dini maarifləndirmə aparmaq qadağan idi, dini təhsil, ümumiyyətlə, bu sahədə dini baza yox idi. Hazırda iki mötəbər ali təhsil müəssisəsinin fəaliyyət göstərməsi mühüm addımdır. Eyni zamanda da televiziya verilişləri, kütləvi informasiya vasitələri dini maarifləndirmə istiqamətində proqramlar və bu verilişlərin geniş tamaşaçı kütləsi də var. Bu da təqdir layiq addımdır. Proses gedir, amma bizi qane edəcək səviyyəyə çatması üçün hələ çox işlər görülməlidir”.

QMİ-nin rəsmisi radikallıqla mübarizə iki istiqamətdə apardığını qeyd edir: “Birinci, hüquqi müstəvidə mübarizə aparılmalıdır ki, bununla hüquq mühafizə orqanları ciddi məşğuldur. İkinsi isə maarifləndirmədir. Radikalizm adətən savadsızlıq hökm sürən mühitdə çiçəklənir, inkişaf edir. Ona görə də onun qarşısını almaq üçün mütləq dini maarifləndirmə səviyyəsini qaldırmaq lazımdır. Və bu istiqamətdə də ardıcıl addımlar atılır. İstər Qafqaz Müsəlmanlar İdarəsi, istərsə də Dini Qurumlar üzrə Dövlət Komitəsi tərəfindən dini maarifləndirmə istiqamətində işlər görülür. Həm ali təhsil müəssisələrində, həm bölgələrdə, həm də hərbi hissələrdə bu tip tədbirlər həyata keçirilir. Belə tədbirlərdə mütəmadi olaraq mən də iştirak edirik. Azərbaycanda iki dini təhsil ocağı var. Biri Bakı İslam Universiteti, digəri təzə açılan İlahiyyat İnstitutu. İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədovla görüşmüşdüm. Belə qərara alındı ki, bütün ilahiyyatçılar və din xadimləri ilə sıx əməkdaşlıq şəraitində Universitetdə və İnstitutda dini maarifləndirmə işləri aparılsın. Artıq bir seminarda özüm iştirak etmişəm. Bütövlükdə bu istiqamətdə işlər aparılır. Çünki Azərbaycan özü peşəkar ilahiyyatçılar formalaşdıra bilməsə, kənar təsirlər güclənə bilər. Ona görə də kənar təsirlərdən qorunmaq üçün Azərbaycanda keyfiyyətli dini təhsilə ehtiyac var. Və İlahiyyat İnstitutunun da yaradılması bu istiqamətdə atılan ən önəmli addımlardan biridir”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsininin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev “Yeni Müsavat”ın sorğusuna cavab olaraq bildirdi ki, dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, dini fanatizmə, radikalizmə qarşı effektiv mübarizənin aparılması, ölkəmizdə tarixən mövcud olan multikultural mühitin, birgəyaşayış ənənələrinin qorunması və təşviqi istiqamətində maarifləndirmə işinin aparılmasına və təşkilinə xüsusi diqqət yetirir:

“Bu məqsədlə Dövlət Komitəsi aidiyyəti dövlət qurumları, qeyri-hökumət təşkilatları, həmçinin kütləvi informasiya vasitələri ilə yaxından əməkdaşlıq edir. Ölkə əhalisinin təqribən 96 faizi müsəlmanlardan ibarətdir və Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsi ilə birgə dini maarifləndirmə işi aparmaq məqsədilə silsilə tədbirlər həyata keçirir. Eyni zamanda din xadimlərinə maddi dəstək göstərilir. Məlumat üçün bildirək ki, ötən illərdə olduğu kimi cari ildə də dini maarifləndirmə işi sistemli şəkildə həyata keçirilməkdədir. Dövlət Komitəsi sədrinin əmrinə əsasən, təkcə bu ilin yeddi ayı ərzində Bakı şəhərində 8 konfrans, 1 respublika müşavirəsi, bölgələrdə isə 8 regional konfrans, 11 seminar-müşavirə və 9 seminar-treninq keçirilib. Həmçinin maarifləndirmə istiqamətində işlər televiziya kanalları, KİV və sosial media vasitəsilə də aparılır. Məsələn, həftədə bir dəfə İctimai TV-də “Din və Cəmiyyət” verilişi, Space TV-də isə “İnam” verilişi efirə çıxır. Dövlət Komitəsinin sifarişi ilə ərsəyə gəlmiş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmi, İslam dininin sülhsevərliyindən, tolerantlığından bəhs edən “Üfüqdəki gələcək” filmi mütəmadi nümayiş etdirilir. Maarifləndirmə sahəsində işlər Dövlət Komitəsinin mətbu orqanı olan “Dövlət və Din” ictimai fikir toplusu, “Cəmiyyət və Din” qəzeti, nəşr olunan kitab, broşür və digər maarifləndirmə vasitələri ilə də həyata keçirilir. Eyni zamanda, Azərbaycan Ordusu və digər silahlı birləşmələrdə, təhsil müəssisələrində, cəzaçəkmə müəssisələrində, ayrı-ayrı müəssisələrin kollektivləri arasına dini maarifləndirmə xarakterli tədbirlər baş tutur. İlin əvvəlindən indiyədək Dövlət Komitəsi digər qurumlarla birgə 350-dən artıq tədbir keçirib. Məsələn, Dövlət Komitəsi və Təhsil Nazirliyinin yerli strukturları tərəfindən bu ilin altı ayı ərzində təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi məqsədilə 160-dan artıq birgə tədbir təşkil edilib. Bu qəbildən olan tədbirlərin bundan sonra da mütəmadi davam etdirilməsi nəzərdə tutulur”.
Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdirinin sözlərinə görə, ölkəmizdə milli-mənəvi dəyərlərimizə yad, zərərli dini qrupların olması narahatlıq doğurur: “Bu cür cərəyanların ölkəmizə ayaq açması Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk dövrlərə təsadüf edir. Həmin dövrdə Azərbaycanda əhalinin böyük hissəsinin dini bilikləri, demək olar ki, yox səviyyəsində idi, eyni zamanda dini təhsil sahəsində kifayət qədər boşluqlar vardı. Üstəlik, din sahəsində mütəxəssislərin sayı çox az idi, yerli müəlliflərin əsərləri tələbatı ödəmirdi. Bütün bunlar dini dəyərlərimizə yad, radikal cərəyanların yayılması üçün münbit şərait yaratmışdı. Lakin sonrakı dövrlərdə dövlət-din münasibətləri sahəsində görülən işlər bu proseslərin qarşısını əhəmiyyətli dərəcədə aldı. Xalqımızın milli-mənəvi, o cümlədən dini dəyərlərinə qayğı göstərilməsi, ölkədə dini dözümlülük və tolerantlıq dövlət siyasətinin tərkib hissəsinə çevrildi. Ulu Öndər Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində qoyduğu bu siyasət onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı tərəfindən 2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsi, həmçinin ötən ilin oktyabr ayında Mənəvi Dəyərlərin Təbliği Fondunun və bu ilin fevral ayında Azərbaycan İlahiyyat İnstitutunun yaradılması dövlətimizin dinimizə böyük dəyər verdiyinin bariz göstəricisidir. Bir faktı da qeyd edək ki, təkcə ötən il ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 600-dən artıq dini maarifləndirmə sahəsində tədbir keçirilib. Görülən çoxsaylı işlərə baxmayaraq, bu sahədə olan təhdidlərlə bağlı maarifləndirmə işlərinin aparılmasına ehtiyac hələ də qalmaqdadır”.
Sadiq Mirzəyev hesab edir ki, Gəncə hadisələri də göstərdi ki, radikal və ekstremist qrupların Azərbaycanda sosial bazası yoxdur: “Xaricdən idarə olunan və din pərdəsi altında gizlənmiş bir qrup ekstremist tərəfindən planlı şəkildə həyata keçirilmiş bu terror aktı cəmiyyətin müxtəlif təbəqələri, xüsusilə dindar kəsim tərəfindən ciddi etirazla qarşılandı. Bu baxımdan baş vermiş hadisələri birbaşa dinlə əlaqələndirmək yanlışdır. Ona görə də bu hadisələrlə dini maarifləndirmə arasında hansısa əlaqənin aparılması doğru deyil. Bu, daha çox bəzi dairələrin dindən sui-istifadə edərək öz geopolitik maraqlarını həyata keçirmək cəhdləridir. Yaxın Şərqdə baş vermiş hadisələr buna bariz nümunədir. Lakin bu sahədə maarifləndirmə işi davam etdirilməlidir. Bu baxımdan Dövlət Komitəsi qeyd olunan tədbirlərlə yanaşı, kütləvi informasiya vasitələri ilə işini daha sıx qurmağı və yeni televiziya proqramları açmağı, eyni zamanda yeni kitabların çapını planlaşdırır. Dini sahədə baş verən proseslərin dinamikliyi dini maarifləndirmə ilə bağlı yeni yanaşmaların ortaya çıxmasını, xüsusilə onların keyfiyyət baxımından gücləndirilməsini şərtləndirir. Dövlət Komitəsinin tabeliyində yaradılmış Azərbaycan İlahiyyat İnstitutunun, eləcə də Mənəvi Dəyərlərin Təbliği Fondunun dini maarifləndirmə işinin keyfiyyət baxımından daha da yüksəldilməsinə böyük töhfə verəcəyini düşünürük. Xüsusilə dini radikalizmə qarşı ideoloji müstəvidə aparılan mübarizədə dindən sui-istifadə edilməsi, müqəddəs mətnlərin kontekstdən qoparılaraq əsl mahiyyətindən fərli formada təqdim olunması hallarına rast gəlinir. Bu baxımdan həm Dövlət Komitəsi, həm də onun tabeliyində olan qurumlar tərəfindən müxtəlif formatlarda elmi-praktiki konfrans, seminar, “dəyirmi masa” və s. tipli tədbirlər daha da genişləndirilir”.
Ləman Mustafaqızı,
Musavat.com






