İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurumaqda olan Xəzəri necə xilas etməli? – AÇIQLAMA

701 11.03.2024 15:06 Gündəm A A

Ekoloq alimlər Xəzər dənizinin mövcud vəziyyətindən narahatlıqlarını dilə gətirərək, qapalı hövzənin su balansının pozulduğunu, son 10 il ərzində dənizdə 1 metrdən çox su itkisinin qeydə alındığını bildirirlər. Qeyd edirlər ki, səthə düşən yağıntının miqdarının azalması, buxarlanma prosesinin artması Xəzərdə suyun səviyyəsini getdikcə daha da azaldacaq. Həyəcan təbili çalan alimlər vurğulayırlar ki, tədbir görülməsə, Xəzərin böyük bir hissəsi yox olacaq.

Göründüyü kimi, Xəzər dənizində suyun azalması artıq hər kəsi düşündürməyə, narahat etməyə başlayıb. Bəs nə etməli? Xəzəri qorumaq, onun su itkisinin qarşısını almaq, su balansını qorumaq üçün hansı tədbirlər görülməlidir? Bu məsələdə Xəzəryanı dövlətlər, o cümlədən Azərbaycan hansı təxirəsalınmaz tədbirlər həyata keçirməlidir?

Musavat.com xəbər verir ki, mövzu ilə bağlı Medianews.az-a danışan Xəzər Universitetinin Ekoloji Tədqiqat Mərkəzinin direktoru Rövşən Abbasov bildirib ki, Xəzər dənizinin səviyyəsinin düşməsi Azərbaycan üçün çox neqativ bir hadisədir.

Ekoloq-alimin sözlərinə görə, Xəzər dənizinin səviyyə dəyişmələrinə qarşı olan milli uyğunlaşma planı hazırlanmalı və həyata keçirilməlidir: “Azərbaycanın 825 kilometrdən çox sahilyanı zolağı var. Sahilyanı zolaqda yaşayan insanlar bu və ya digər şəkildə Xəzər dənizi ilə daim təmasda olublar. Biz bir şeyi də nəzərə almalıyıq ki, təkcə sahil zonasında yaşayanlar yox, uzaqda yaşayanlar da Xəzərlə təmasda olublar. Məsələn vaxtı ilə, Bakıdan Yevlaxa gəmi ilə getmək olurdu. Bakıdan Neftçala istiqamətində gedirdik, orada Kür çayına daxil olub Yevlaxa qədər gəmi ilə üzə bilirdik. Bütün bu nəqliyyat sistemi çoxdandır ki, yoxdur. Əlbəttə ki, gələcəkdə nə olacağı bilinmir. Xəzər dənizinin səviyyəsi yenidən qalxa və düşə bilər. Biz hər bir dəyişikliyə hazır olmalıyıq. Buna adaptasiya, uyğunlaşma deyilir. Bu uyğunlaşmalar böyük bir strateji və taktiki olaraq həllər planını əhatə etməlidir. Bu həllər planı Xəzər dənizinin səviyyəsinin düşməsi nəticəsində bizim sahil zonalarında, dənizdə, ölkəmizdə hansı neqativ dəyişiklik ola biləcəyini ifadə etməlidir. Eyni zamanda bu neqativ dəyişikliklərin təsirinin azadılması, yumuşadılması, həmçinin bu dəyişikliklərə uyğunlaşmaq üçün hansı işlərin görülməli olduğunu da göstərməlidir. Bütün bu işlərin xüsusi bir planda ehtiva olunması, həmin planın həyata keçirilməsi üçün dəqiq, aydın vaxtın tətbiq olunması, onların maliyyə mənbəyinin tapılması zəruridir. Buna Xəzər dənizinin səviyyə dəyişmələrinə qarşı olan milli uyğunlaşma planı deyilir. Bu mütləq baş verməlidir. Baş verməsə bizdə neqativ dəyişmələr olacaq və biz, bu dəyişmələrdən iqtisadi, sosial və ekoloji baxımdan çox şey itirə bilərik”.

R.Abbasov deyib ki, Xəzər dənizini qorumaq və su itkisinin qarşısını almaq üçün ilk növbədə Xəzərə tökülən çayların axınları bərpa olunmalıdır: “Xəzər dənizinə tökülən ən böyük çay Volqa çayıdır. Onun suyunda itkilər var. İl ərzində təxminən 20-25 kub kilometr həcmində Volqa çayı su itirir. Lakin, problem yalnız bununla əlaqəli deyil. Kür çayında da su çox azalıb. Bu çayda da suyun kəskin azalması Xəzər dənizinin su balansına çox mənfi təsir edir. Ural çayında suya olan tələbat xeyli artıb. Bu əsas şərtlərdən biridir. Bunun üçün suya az tələbatı olan texnologiyalara keçid, su itkilərinin qarşısının alınması, su itkiləri ilə bağlı olan fəaliyyətlərdən qismən də olsa imtina olunması əsas şərtlərdən biri olacaqdır. Əlbəttə ki, çayların su axını bərpa olunarsa, Xəzər dənizinin su balansı da tədricən bərpa oluna bilər. İqlim dəyişiklikləri ilə bağlı onu qeyd etməliyəm ki, təbii şəkildə də çayların axınında azalma gedir. Bu bir qədər çətin olsa da biz, hər halda getdikcə daha az suya dayanıqlı təsərrüfat qurmalıyıq. İkinci bir tərəfdən, ayrı-ayrı sektorlar üzrə adaptasiya aparılmalıdır. Məsələn bizdə, gəmiçilik, su, sahilyanı ərazilərin idarə olunması, turizm və rekreasiya sektorları var. Bu sektorlarda neqativ dəyişmələrin olması gözlənilir. Hər bir sektor üzrə geniş proqramlar tərtib olunmalıdır”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR