İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurtuluş Gününə həsr olunan “Qələbənin imza günü” adlı fotosərgi açılıb - Fotolar  

348 15.06.2022 13:37 Ölkə A A

İyunun 14-də “Space” televiziyasında Qurtuluş Gününə həsr olunan “Qələbənin imza günü” adlı fotosərgi açılıb.

Musavat.com bildirir ki, tədbirdə öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra “Space” televiziyasının rəhbəri Müşfiq Hətəmov sərgi haqqında məlumat verərək bunları bildirib:

"Xalqımız böyük məhrumiyyətlərdən və ağır sınaqlardan çıxıb. 29 il əvvəl iyunun 15-də görkəmli siyasi xadim, Ulu öndər Heydər Əliyev Azərbaycan parlamentinin rəhbəri seçilib. Ulu öndər hakimiyyətə gəldikdən sonra Azərbaycanda yeni siyasi proseslər, inkişaf dövrü başlayıb. Məhz bu qələbənin ulu öndərin hakimiyyətə gəlməsi və onun uzaqgörən siyasəti nəticəsində həyata keçdiyinin bir daha şahidi olduq.

Mən çox istərdim ki, hər il 15 iyun Milli Qurtuluş Günü hər bir təşkilat, müəssisədə Heydər Əliyevin bizə miras qoyduğu dövlətdə hansı işlərin görüldüyünün hesabatı verilsin. Bu gün bir hesabat günü olsun. "Space" televiziyası olaraq bu ənənənin təşəbbüskarıyıq. Bu gün biz bu sərgi ilə sübut etdik ki, hər əsgər, qazimizin heç bir xidməti yaddan çıxmır. Biz bir televiziya, yayım mərkəzi olaraq bunu göstərməliyik və hər zaman göstərəcəyik".

Müşviq Hətəmov qeyd edib ki, sərgidə nümayiş edilən fotolar Şuşa və Suqovuşanda əsgərlərimizin əl işləridir: "Onların sırasında şəhidlərimiz və qazilərimizin də əl işləri var. Şuşamızda tikinti işləri gedir. Ona görə də fotoları bu şəkildə təqdim etməyi qərara aldıq".

Millət vəkili Arzu Nağıyev isə çıxış edərək bildirdi ki, Azərbaycanda şəhid ailələrinə və qazilərə çox böyük diqqət və qayğı göstərilir:

“Bugünki sərginin keçirilməsi çox təqdirəlayiqdir və məqsəd qəhrəman şəhidlərimizin, qazilərimizin Qarabağımızda yazdıqları yazıları tarixləşdirməkdir”.

Aprel döyüşlərinin şəhidi Raqıf Orucovun həyat yoldaşı, “Zəfər şəhid ailələrinə dəstək” İctimai Birliyinin sədri Sevinc Alızadə Qarabağda Azərbaycan bayrağının dalğalanmasının qürurverici və sevindirici olduğunu bildirərək, bu cür tədbirlərin torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin gələcək nəsillərə tanıdılmasında böyük rol oynadığını vurğulayıb.

Xalq artisti Mənsum İbrahimov isə qeyd edib:
"Qarabağımızın azad olması qürurverici hissdir. Bu gün Qarabağda silah səsi yox, muğam səsi eşidilir”.

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan tədbirin önəmindən danışaraq şəhidlərimizin ruhuna rəhmət diləyib, qazilərimizə şəfa arzulayıb.

İkinci Qarabağ müharibəsinin iştirakçıları da çıxış edərək, təəssüratlarını bölüşüb, döyüş yoldaşlarının mübarizliyini əks etdirən belə tədbirlərin təşkilini yüksək qiymətləndiriblər.

Çıxışlardan sonra şəhid və qazilərin yazılarından ibarət fotosərgiyə baxış keçirilib.

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR