İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban Qurbanov: "4 top buraxdıqdan sonra da rəqib məğlub olmaq istəmirdi" - FOTOLAR

3579 11.07.2017 23:22 İdman A A

“Eşitdim ki, baş məşqçiləri yenə də şanslarının qaldığını deyib. Bu sözdən və oyundan sonra komandaya, məşqçiyə qarşı hörmətim daha da artdı”.

Musavat.com xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Çempionlar Liqasının II təsnifat mərhələsindən mübarizəyə başlayan Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən ilk görüşdə Gürcüstan çempionu “Samtredia”ya heç bir şans verməyib. Rəqibi üzərində böyük hesablı qələbə qazanan (5:0) “Qarabağ” cavab matçını formallığa çevirib.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Qurbanov qələbəni belə şərh edib: “4 top buraxdıqdan sonra da rəqib məğlub olmaq istəmirdi. Eşitdim ki, baş məşqçiləri yenə də şanslarının qaldığını deyib. Bu sözdən və oyundan sonra komandaya, məşqçiyə qarşı hörmətim daha da artdı. Oyuna gəlincə, çətin başlanğıc oldu. İlk hissə bizim üçün bir qədər ağır keçdi. Futbolçularımız xarakter nümayiş etdirdilər. Bir dəqiqə də olsun sakitləşmədilər. Azarkeşlərin də bu gün bizə köməyi oldu. Artıq cavab oyunu haqqında düşünəcəyik. Çalışacağıq bu müddətdə çatışmayan cəhətlərimizi aradan qaldıraq. Həddən artıq diqqətli və ciddi olmalıyıq”.

- Yeni transferlərin hər ikisini matçda gördük. Onlardan razı qaldınızmı?

- Hər ikisi təcrübəli futbolçudur. Razı qaldım, razı qalmadım deyə bilmərəm. Bir oyuna görə qiymət vermək olmaz. Futbolçu mövsümboyu özünü formada saxlamalı, daha çox çalışmalıdır. Amma oyun intizamlarından razı qaldım. Nə tapşırmışdımsa, onu da yerinə yetirdilər. Onlar meydanda olanda da sistem pozulmadı. Bu da çox önəmlidir. 

- Rəşad Sadıqovun zədəsi nə yerdədir?

- Dizində problem yaranıb. Daha dəqiq sabah biləcəyik. Ümid edirəm ki, ciddi bir şeyi yoxdur. 

- Bu heyətlə maksimum hədəfiniz nədir?

- Biz hər turnirdə maksimum nəticə əldə etməyə çalışırıq. Həmişə istəmişəm ki, əlimdə daha çox futbolçu olsun. Təkcə transferlərə görə yox, əlimizdə olan oyunçularla daha yaxşı nəticə əldə etməyə çalışacağıq. Çempionlar Liqasında zəif komanda yoxdur, çox ciddi turnirdir. Burada hər komanda öz ölkəsinin çempionudur. İstənilən oyunda istənilən nəticə baş verə bilər. Maksimum hədəfimizə gəlincə, Çempionlar Liqasında qrupa düşmək üçün mübarizə aparacağıq. 

Məhəmməd Türkmən

Musavat.com

Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR