İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban adına Qarabağ! - Almanların stadionunda yazılan yazı - VİDEO VƏ FOTOLAR

6296 19.03.2024 03:34 Yazarlar A A

Bu gün, Qarabağ sözü, hər bir azərbaycanlı üçün birlik andı, həmrəylik sözüdür.

30 illik işğaldan sonra, azad etdiyimiz bu torpaqlar, bizim üçün yenidən vətəndir.

Qarabağ, yenə Azərbaycandır.

Bu il, Avropanın ən mötəbər futbol yarışlarından olan UEFA Avropa Liqasında ölkəmizi təmsil edən Qarabağ Futbol Klubunun da eyniadlı olması, hər bir vətənpərvər azərbaycanlı üçün futbolu sadəcə bir idman yarışı olmaqdan çıxarır, milli hisslərin önə çıxdığı ab-hava yaradır.

Bu gün futbol, azarkeşlərə misilsiz emosiyalar bəxş edən idman növü olduğu qədər, böyük tanıtım və təbliğatların yer aldığı, bir neçə yüz milyardlıq iqtisadi döngünün olduğu böyük industriyadır.

Bu baxımdan, son ölkə çempionu Qarabağ FK-nun Avropa liqalarındakı uğurlu çıxışı, ölkəmizin tanıtımı, təbliğatı və haqq səsinin çatdırılması baxımından olduqca əhəmiyyətli idi.

Qarabağ FK-nun hər uğurlu oyunu, Fransa daxil olmaqla, Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni lobbiçiliyinə vurulmuş ən böyük zərbələrdən biri idi. Hələ 4 il əvvəl, Ermənistan Futbol Federasiyasının, Qarabağ FK-nun UEFA yarışlarından uzaqlaşdırılmasını istəməsini də xatırlatmaqda fayda var.

Qarabağ FK-nun Avropa arenasında əzmli çıxışı, əldə etdiyi ardıcıl uğurların əhatə dairəsi, Azərbaycanın diaspor və lobbi fəaliyyətinə ən böyük töfhələrdən biridir.

Baş məşqçi Qurban Qurbanov çoxillik zəhməti hesabına ərsəyə gəlmiş bu komandanın, Avropanın sayılı klubları arasına girməsi, ölkəmizin UEFA reytinqini yüksəltməsi, hər birimiz üçün qürur və fəxr mənbəyidir.

Leverkuzendəki oyuna gəlincə, öz komandamızı dəstəkləmək üçün yenə yollara düşdük. Bakıda əldə edilən 2-2-lik nəticə, Qarabağın son ana qədər mübarizə aparacağını göstərirdi. 

Martın 14-ü, uşaqlar günortaya qədər məktəbə getdikdən sonra, günün 2-ci yarısı 600 km-lik yolu bir başa qət edərək Leverkuzenə çatdıq. Övladlarım azyaşlı olsa da, bu cür matç və yarışların onların milli ruhda formalaşmaları üçün təkan olacağını düşünürəm. Fransada doğulan və yaşayan,, hər gün fransızca danışan və fransız mədəniyyətinin ortasında böyüyən biri olaraq, minlərlə azərbaycanlıyla bərabər 90 dəqiqə eyni atmosferi paylaşmaq, özünü onlardan biri hiss etmək, övladlarımızın öz milli kimliklərini qorumaq üçün vacibdir.

BayArena stadionuna çatdığımızda, bizi stadiondan təxminən 3 km aralıda yerləşən, Bayer 04 klubunun matçları üçün nəzərdə tutulan, ictimai avtomobil parkinqinə yönləndirdilər. Parkinqdə azərbaycanlı və alman tərəfdarlar öz avtomobillərini yan-yana saxlayırdılar, heç bir insident yox idi, əksinə bayram havası vardı. 

Küçələrdə və yollarda, Bayer 04 ilə Qarabağ klubun şərfləri satılırdı. Qarabağ FK mətbuat xidmətindən, klub formalarının satışının da olacağı bildirilsə də, təəssüf ki, bu satış həyata keçirilmədi.

Maşınımızı parkinqdə saxladıqdan sonra, azarkeşlərin stadiona aparılması üçün nəzərdə tutulan dayanacaqda yarım kilometr uzanan növbəyə dayandıq. Alman azarkeşlər, bizi Azərbaycan formalarıyla və Qarabağ şərfləriylə görüb təbəssümlə qarşılayırdılar. Almaniyada yaşayan türklərin də bu matça marağı olduqca böyük idi. Çoxtutumlu qoşqulu avtobuslar (metrobus təipli) azarkeşləri ardıcıl olaraq stadiona daşıyırdı.

Stadiona çatdıqda, iticket.az saytından aldığımız vauçerləri biletə çevirmək ilk işimiz oldu. Qarabağ azarkeşləri üşün ayrılmış 1700 biletin 1000-in satıldığı bildirilsə də, stadiona gələn azərbaycanlı azarkeşlərin sayı bundan 3 dəfə artıq idi.

Vauçerləri dəyişəcəyimiz yerin girişində isə, növbə yox idi, qələbəlik bir topluluq vardı, hər kəs bir an öncə vauçerlərini biletə dəyişib, stadiona daxil olmaq istəyirdi, vauçerləri olmayanlar isə, bilet axtarışında idi.

Biletlərimizi aldıqdan sonra, yoxlanış məntəqəsindən keçib, azərbaycanlı azarkeşlər üçün ayrılan tribunaya qalxdıq, tribunalarda böyük sıxlıq vardı, insanlar, tribunaların pilləkənlərini belə doldurmuşdular.

Düzünü desəm, Braqadakı matçdan fərqli olaraq azyaşlı uşaqlarıyla gələn ailələr üçün aşırı sıxlıq və oturacaqların olmaması, çətinlik törədirdi.

Qarabağ azarkeşlərinin tribunasında yüksək atmosfer vardı və bu atmosfer matçın son dəqiqələrinə qədər davam etdi. 

10 nəfərlə, 0-2 hesabıyla önə keçdiyimizdə, almanlar susmuş, bütün stadion Qarabağ azarkeşlərini dinləyirdi.

Oyunun 70-ci dəqiqəsindən etibarən, 1 nəfər əksik oynama və fiziki yorğunluq getdikcə öz təsirini daha çox göstərməyə başladı. Futbol, məhz buna görə sonra qədər həyacanlı və maraqlı keçən oyundur. Bütün taktikaların tam mənada uğurlu alınması üçün sona qədər fiziki gücün olması vacibdir.

Uzatma dəqiqələrində atılan 2 qol, Qarabağın UEFA Avropa liqasındakı ¼ finaılna çıxma xəyalını ertələmiş oldu. Ancaq, bu futbol müvsümü boyunca, istər milli liqada, istər Avropada keçirdiyi oyunlarda böyün əzmkarlıq nümayiş etdirən və uğur qazanaraq, Azərbaycanı tanıdan Qarabağ FK oyunçularına və baş məşqçi Qurban Qurbanova böyük təşəkkür düşür.

Asan deyil, qrup mərhələsindən çıxdıqdan sonra, Sportinq Braqa və Bayer 04 kimi Avropa futbolunun ekolu sayılan klublara ümumilikdə 10 qol atmaq (6 qol Braqaya, 4 qol Bayer 04-ə), Avropada və dünyada ilk 50-yə girmiş hər klubun işi deyil.

Qarabağ FK, onu zəif və aşağı görənləri, inadla yanıltdı və ortaya böyük əzmkarlıq və mübarizə qoydu.

Qarabağ FK, Azərbaycan liqasında da lokomotiv rolunu öz üzərinə alıb, ölkə çempionatının inkişafında, futbol səviyyəsinin artmasında və futbola ictimai marağın yaranmasında Qarabağ FK-nun müstəsna rolu var. Qarabağ FK, eyni zamanda, Azərbaycan milli komandasının dəyirmanına çevrilib. Ölkə çempionatı gücləndikcə, milli komanda səviyyəsində də ciddi uğurların şahidi olacağıq.

Qurban Qurbanova burada ayrıca parantez açmaq istəyirəm.

Qurban müəllimin, bir məşqçi kimi, öz karyerasını ölkə hüdudlarından kənarda davam etdirməsinin vaxtının gəldiyinə inanıram. Qurban Qurbanov, daima özünü inkişaf etdirən, öyrənməkdən yorulmayan və ən əsası əldə etdiyi uğurlara baxmayaraq təvazökarlığını qoruyan adam kimi adamdır.

İnşallah, növbəti futbol mövsümündə, Qarabağ FK ilə yanaşı, Neftçi FK və digər klublarımızın da Avropa liqalarında uğurlu nəticələr göstərər və Azərbaycan xalqına qürur hissini bir daha yaşadarlar. 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR