İnsanlara hürriyət, millətlərə istiqlal!

“Quranı baş üstə qoyub, zikr etmək haqqında hədislər var” - ilahiyyatçıdan açıqlama

8476 26.04.2022 08:10 Mənəviyyat A A

Hacı Şahin Həsənli: “Burada  narahat olunası nə var, anlaya bilmirəm”

Hazırda müsəlman ölkələrində, o cümlədən Azərbaycanda müqəddəs Ramazan ayı yaşanır. Ötən həftə Ramazan ayının 1-ci və 2-ci Əhya gecələri qeyd olundu. Bu gecələrdə bəzilərinin Quranı-Kərimi başı üzərinə qoyaraq, dualar oxuması  sosial şəbəkələrdə tənqidlə qarşılandı. Qeyd edək ki, Quranı başı üzərinə qoyaraq, imamların adını zikr edənlərdən biri də tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli idi.

Bəs Quranı baş üzərinə qoyub, zikr etməyin anlamı nədir? İslam dinində bununla bağlı hər hansı məqamlar var?

Mövzu ilə bağlı ilahiyyatçı Hacı Şahin Həsənli “Yeni Müsavat”a danışıb:

“İlk öncə qeyd edim ki, Quranı baş üstə qoyub dua oxunması ilə bağlı dini mənbələrdə, hədislərdə qeyd olunub. Əslində bu ideoloji mövzulara daxil olmaq istəmirəm. Lakin deyə bilərəm ki, bu, dinimizə zidd əməl deyil. Quranı  baş üzərinə qaldırıb, dua etmək  icazəlidir və bu əməl də dindarlarımız tərəfindən həyata keçirilir.

İkincisi, burada  narahat olunası nə var, anlaya bilmirəm. Toplumun Quranı başı üzərinə qoyması əslində simvolik olaraq onun yerini müəyyən edir. Yəni bizim həyatımızda  bu kitabın yeri başımızın üzərindədir. Bir toplumun baş üzərinə kitab qoyması düşünürəm ki, hər zamanlar üçün mütərəqqi addımdır. Bu, kitaba dəyər verməkdir. Bir qrup insanın təkbir deyib, din şüarları  ilə baş kəsdiyi zamanda digərlərinin Quranı başı üzərinə qaldırması ancaq təqdirəlayiq addım kimi qəbul oluna bilər.

Bu cür məsələlərin gündəmə gətirilməsi bir çox hallarda bəzi insanların qərəzli  mövqeyindən irəli gəlir. Əlbəttə ki, insanlar hər şeyə tənqidlə  yanaşa, müzakirə edə bilər. İnsanların fikrinə sayğı ilə yanaşırıq. Amma diqqət etsəniz görərsiniz ki, bir qrup insanlar, o cümlədən mətbuat nümayəndələri, sosial şəbəkə izləyiciləri hər il eyni mövzunu gündəmə gətirir. Bildirirlər ki, “Quranı baş üzərinə qoymaqdansa, onu oxuyaq”. Təbii ki, Quranı baş üzərinə qoymaqla kifayətlənmək olmaz. Quran oxunmalı, həyatda tətbiq edilməlidir. Müsəlmanlar üçün Quran bir həyat proqramıdır. Eyni zamanda müəyyən simvolik davranışlarımız olur. Məsələn,  bayrağımızı gördüyümüz zamanı onu öpüb, başımızın üzərinə qaldırırıq. Bu, dövlətə, millətə, xalqa bağlı olduğumuzu, bayrağa sayğımızı bildirir.

Beləliklə, bir daha qeyd edirəm ki, Quranı baş üzərinə qaldırmaq  hədislərdə qeyd olunub və Quranıi-Kərim Qədr (Əhya) gecəsində nazil olduğu üçün simvolik olaraq baş üzərinə qoyulur və Allaha dualar edilir. Hesab edirəm ki, bu, müsbət qarşılanası addımdır və burada tənqid olunası bir şey yoxdur".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR