Deputat Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında icbari tibbi sığortaya keçidlə bağlı problemlərdən bəhs etdi. O, icbari tibbi sığortaya keçid məsələsində 20 ildir problemlərin olduğunu söylədi.
“Ya Səhiyyə Nazirliyi ləğv olunmalı və ya da bu, iki qurum bir araya gətirilməlidir. İkibaşlı idarəetmə uğurlu nəticə verməyəcək”, - Q.Həsənquliyev bildirdi.
Deputat məsələ ilə bağlı dünya ölkələrinin təcrübəsindən istifadə olunmasını, mütəxəssislərin cəlb edilməsini təklif etdi: “Utanmaq lazım deyil”.
Deputat ardınca komitə sədri Əhliman Əmiraslanova sual etdi: “Əhliman müəllimdən xahiş edirəm ki, desin, icbari tibbi sığortanın normal qaydada həyata keçirilməsi üçün daha neçə il lazımdır?”
Ə.Əmiraslanov cavabında dedi ki, icbari tibbi sığortaya keçidlə bağlı biz dünyanın bütün ölkələrinin təcrübəsini öyrənmişik: “Razıyam, problemlər var. Amma deyə bilmərəm ki, neçə ildən sonra məsələ həllini tapacaq. Bununla belə, inanıram ki, tezliklə problemlər aradan qaldırılacaq”.
Bundan sonra qanun layihəsi ikinci oxunuşda təsdiq edildi.
E.Paşasoy,
Musavat.com






