“Mən deputat fəaliyyətim dövründə rastlaşmamışam ki, Hesablama Palatasının təklifləri əsasında hansısa qanuna dəyişiklik edilsin”.
Deputat Qüdrət Həsənquliyev bu fikirləri Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə olunarkən söylədi. Bildirdi ki, gecikmədən qanunvericiliyi təkmilləşdirmək lazımdır, məhkəmə hüquq sistemində islahatlar dərinləşdirilməlidir.
Q.Həsənquliyev dedi ki, rüşvət verənlər məsuliyyətə cəlb edilmədiyi, məsuliyyətdən azad olduqları üçün neqativlərin aradan qaldırılması istiqamətində effektiv nəticələr əldə etmək mümkün olmur. Deputat bəzi icra başçılarının korrupsiya əməllərinə görə qandallandığını, ancaq buna baxmayaraq, digər başçıların da bu əməllərdən əl çəkmədiyindən də bəhs etdi: “Bu vəzifəli şəxslərin bir qismi belə fikirləşirlər ki, hansısa formada cinayət məsuliyyətindən yayına bilərlər. Biz sistemli şəkildə ölkədə islahatlar aparmalıyıq. Qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı Milli Məclis komitələrinin üzərinə çox ciddi işlər düşür”.
E.Paşasoy,
Musavat.com






