Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən ay Ermənistanın Tovuz təxribatı ilə bağlı verdiyi bəyanatda hədəfə vuran bir ifadə işlətmişdi. Demişdi ki, “bu, Ermənistanın boyunu aşan özbaşınalıqdır”. Yəni “arxalı köpək” məsələsinə, İrəvanın havadarına işarə etmişdi.
İndi işğal edilmiş Dağlıq Qarabağdakı oyuncaq rejimin təzə, oyuncaq başçısı, Azərbaycan türməsinin darıxdığı Araik Arutunyan da danışmağa başlayıb. Bu erməni tulası o gün başından böyük bir qələt edərək bildirib ki, bəs "əgər Xankəndinə (o, Stepanakert deyib – Z.S.) raket və ya bomba atılsa, cavab olaraq Gəncəni (o, Kirovabad sözünü işlədib – Z.S.) vuracağıq".
Bu yerdə Moşunun məşhur frazasını azacıq dəyişib demək istəyirsən: “Qoymayın, üstümüzə Araik gəlir!..”
Ciddiliyə gəlincə, görünür, Tovuzdakı uğursuzluq, işğalçı tərəfin yeni ərazilər ələ keçirmək yönündə çoxsaylı cəhdlərinin iflas olması Ermənistanı yeni təxribatlara əl atmağa, revanş götürməyə vadar edir.
Ancaq əbəs yerə. Cavab bu dəfə gözlənildiyindən qat-qat ağır olacaq. Buna düşmənin zərrəcə şübhəsi olmasın. Çünki Azərbaycan xalqının əsəbləri artıq tarıma çəkilib və Tovuz insidenti də göstərdi ki, müqəddəs Vətən savaşına başlamaq üçün ona növbəti qığılcım bəs edəcək...
Hədələrə gəlincə, əvvəla, biz belə şeylərə öyrəncəliyik. Mingəçevir SES-in, neft-qaz kəmərlərimizin vurulacağı hədələri kimi. Eyni zamanda işimizi, kontur-tədbirlərimizi görürük, görəcəyik. Hər halda, Metsamor AES Naxçıvanla sərhədin cəmi 45-50 km-liyindədir.
Burası da yəqindir ki, erməni yalnız arxasında kiminsə enli çiynini hiss edəndə şirə, əjdahaya dönür. Elə bu səbəbə düşmən tərəf Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmağa adət edib. Bununla da öz yırtıcı, faşist simasını dönə-dönə dünyaya nümayiş etdirib. Atəşkəs dövründə erməni gülləsindən həlak olmuş azərbaycanlılar arasında isə 2 yaşlı Zəhra və nənəsindən tutmuş, ötən ay Tovuzun sərhədyanı Əlibəyli kəndində öldürülən 76 yaşlı Əziz kişiyədək, onlarla günahsız adam var.
Amma düşmən təmas xətti boyu biz tərəfdən açılan atəşlə dünyasını dəyişən bircə erməni uşağının, qoca və ya qadının, bircə dinc sakinin adını çəkə bilməz. Yoxdur belə şey. Ona görə ki, Azərbaycan Ordusu erməni silahlı qüvvələrindən fərqli olaraq heç vaxt mülki obyektləri, dinc əhalini hədəf almır, əhali ilə müharibə aparmır.

Araik Arutunyan
Birinci Qarabağ müharibəsi zamanı dinc sakinlərə (Xocalı) qarşı soyqırım törədən də Azərbaycan Ordusu deyildi, faşizmi dövlət səviyyəsində özünün ideologiyası elan edən Ermənistandır. Harada ki, bu gün də Njde və Dro kimi nasist əlaltılarına yuxarıdan-aşağı total rəğbət hökm sürür...
Sözsüz ki, beynəlxalq təşkilatlar, ələlxüsus Qarabağ konfliktinin həllinə məsul olan vasitəçi güclər işğalçı qüvvələrin Azərbaycanın ikinci böyük şəhərini vurmaqla hədələməsini nəzarətə götürməlidirlər. Eyni zamanda, Ermənistan hakimiyyəti hədə ilə bağlı izahat verməlidir.
Əfsus ki, ATƏT Minsk Qrupu həmsədrləri indiyədək bu fitnəkar bəyanata münasibət bildirməyib.
Görünür, turist-diplomatların yay tətili hələ bitməyib. Yazıqlar il boyu o qədər işləyirlər ki. Bir də ki, işğala məruz qalan tərəflə işğalçı arasında 27 ildir fərqi görə bilməyən, üçüncü on ildir səbəbi (işğalı) qoyub nəticə ilə (atəşkəs pozuntuları) ilə mənasız mübarizə aparan vasitəçilərdən ədalətli mövqe gözləməyə dəyərmi?..
Qayıdaq Araikin sayıqlamasına.
Əslində bizim Xankəndinə bomba və ya raket atmağımıza lüzum qalmayacaq. Öz şəhərimizi niyə bombalayaq ki? Dağlıq Qarabağ ətrafında 1-2 rayon azad edilən kimi separatçı-kriminal tör-töküntülərin hamısı öz dabanlarına tüpürüb qaçacaq. Necə ki, 2016-cı ilin aprel döyüşləri zamanı separatçı rejimin ovaxtkı rəhbəri Bako Saakyan rəngi ağarmış şəkildə gizlənməyə siçan deşiyi axtarırdı.
O ki qaldı erməni məlunun Gəncəni sovet dönəmindəki adı ilə – Kirovabad adlandırmasına, guya xəbəri yoxdur ki, Gəncə adı çoxdan əsl sahibinə qayıdıb. Eləcə də Azərbaycan ərazisində adı zorla ruslaşdırılan və ya erməniləşdirilən digər şəhərlərimiz. Sırada indi daşnak tör-töküntüsü, xalqımıza qarşı soyqırıma imza atmış Stepan Şaumayan adını daşıyan “Stepanakert”dir.
Onu da öz əzəli adına qaytarmağa bir şey qalmayıb. Elə Araik kimilərin sərsəm fikirlər gəzdirən başlarının dağılacağı günə də!..






