İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qoymayacam evlənəsən, qayıt yanıma"- keçmiş avadını öldürən şəxsə hökm oxundu

2145 27.08.2018 17:35 Kriminal A A

Bakıda keçmiş arvadını öldürməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. Məlum olub ki, onlar boşansa da dost kimi görüşürmüşlər.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rahib Babayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmədə hökm oxunub.

Hökmə əsasən Rahid Babayev 11 il müddətinə azadlıqdan məhrum edilib.

Babayev son sözündə özünü qismən təqsirli bildiyini deyib. O arvadının həmişə çantasında bıçaq gəzdirdiyini deyib: "Bir dəfə evdə olanda mübahisə etdik. Bıçağı atanda sağ buduma dəydi. Sonra mən Binədə kirayə ev tutub getdim. Amma məni izləməyə başladı. Yolda rastlaşanda yenə mənə bıçaq çıxardı. Sinəmə vuranda çəkildim. Bıçaq sinəmi yaraladı".

R.Babayev hadisə günü baş verənlərlə bağlı da danışıb. O deyib ki, həmin vaxt uşaqları yan otaqda yatıbmış: "Mənimlə yenə də mübahisə elədi. Bıçaqla özünə xəsarət yetirmək istədi. Qollarını kəsmək istəyəndə mən onu tutdum, imkan vermədim. Ağzından da tutdum ki, qışqırmasın. Sonra saat 3-də mübahisəmiz düşdü. Mən yatanda şəklimi çəkib yeni ailə həyatı qurduğum qadının qardaşına göndərib. Deyib ki, Rahib mənim yanımdadır, sən gəl, bacını apar. Mən də buna əsəbləşdim. Mübahisəmiz düşəndə qışqırmağa başladım. Əllərimlə boğazından tutub sıxdım, boğuldu".

Rahib Babayev keçmiş arvadını öldürməsinin səbəbi kimi bunları deyib: "Şərəf və ləyaqətimi alçatdığı üçün etdim. Əməlimdən peşmanam. Özümü də, onu da bədbəxt etdim. Uşaqlarımın isə həyatını məhv elədim".

Mərhumun atası Rahib Babayev verilən cəzanın az olmasına etiraz edib. Məhkəmədə gərginlik yaşanıb. Halı pisləşən Rahib Babayev məhkəmə zalından çıxarılıb.

Qətl hadisəsi bu il yanvarın 23-də gecə saat 3 radələrində Hasil Bayramov küçəsi ev 67-də baş verib.

Qeyd edilən ünvanda kirayədə yaşayan, 1991-ci il təvəllüdlü Orucəliyeva Ülviyyə Sulduz qızı keçmiş həyat yoldaşı, 1985-ci il təvəllüdlü Babayev Rahid Telman oğlu tərəfindən öldürülüb. Hadisədən sonra R.Babayev könüllü olaraq 31-ci polis bölməsinə gələrək təslim olub.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Saxlanılan Rahid Babayev istintaqa verdiyi ilkin ifadəsi zamanı bildirib ki, 2 ildir Ülviyyədən ayrılıb, 2 azyaşlı övladları var.

"Ötən axşam Ülviyyənin kirayədə yaşadığı evin qabağından keçirdim, birdən o, qabağımı kəsərək qışqırdı ki, səni qoymayacam evlənəsən, qayıt yanıma. Birtəhər onu sakitləşdirdim və yaşadığı mənzilə apardım. Ancaq o, evdə də sakitləşmədi, məni təhqir etməyə başladı. Mən də dözmədim, gecə saatlarında onu boğaraq öldürdüm”- deyə Rahid Babayev ilkin ifadəsində bildirib.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR