İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qoşulmayanlar” qoşulacaqlar: Bakıdan dünyaya önəmli çağırışlar və kəllə sümüklərini qənimət sayanın “demokratiya”sı

2552 06.07.2023 10:27 Gündəm A A

Azərbaycan dövləti 5 iyulda daha bir mötəbər beynəlxalq tədbirə evsahibliyi etdi, paytaxt Bakı dünyanın çoxsaylı ölkələrin diqqət mərkəzində oldu. Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü mühüm mesajların, çağırışların səsləndiyi növbəti əhəmiyyətli tədbir oldu.

Bu yerdəcə qeyd edək ki, 2011-ci ildə Azərbaycan Hərəkata tamhüquqlu üzv qəbul ediləndə reaksiyalar birmənalı olmamışdı, o zaman postsovet məkanındakı bir sıra ölkələrdən fərqli olaraq Azərbaycanın “daha qəti və birmənalı” Avrointeqrasiya xətti götürməyərək Qoşulmayanların sırasına qoşulmasına tənqidi yanaşanlar da az deyildi. Amma ötən illərin təcrübəsi, keçmiş sovet coğrafiyasında baş verənlər, qanlı müharibələr göstərdi ki, Azərbaycan tamamilə doğru-düzgün seçim edib, seçdiyi istiqamətdə yanılmayıb. Quruma üzvlükdən beş il sonra, 2016-cı ildə Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısının Bakıda keçirilməsi, üstəlik 2019-cu ildə sədrliyin ölkəmizə keçməsi haqqında yekdilliklə qərarın qəbul olunması da Azərbaycanın uğurlu xarici siyasətinin, təşkilata üzv ölkələrlə ikitərəfli və çoxtərəfli əlaqələrində zərgər dəqiqliyi ilə çalışmasının məntiqi nəticəsiydi. Azərbaycana yüksək etimadın göstəricisidir ki, 2019-cu ildə ona həvalə olunan sədrlik hələ də uğurla davam edir, ilbəil bu etimad çoxsaylı üzv ölkələr tərəfindən rəsmiləşdirilir.

343266.jpg (37 KB)

Prezident İlham Əliyev Bakıda keçirilən nazirlər görüşündəki çıxışında məmnunluqla Azərbaycana yüksək beynəlxalq etimaddan bəhs etdi. Bildirdi ki, Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün sədrliyi öz üzərinə götürdü və yenidən yekdil qərarla sədrliyimiz daha bir il uzadıldı.

Dövlət başçısı xüsusilə vurğuladı ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qorudu. Bu yerdə qeyd edək ki, təşkilata üzvlük prinsipləri hələ Təşkilatın təsis olunmasından əvvəl 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Konfrans zamanı qəbul edilib. “Banduq prinsipləri” ölkələrin ərazi bütövlüyünə, suverenliyinə, beynəlxalq hüquqa hörmətə əsaslanan məsələləri özündə ehtiva edir. Torpaqlarının işğalda olduğu on illər boyunca beynəlxalq səviyyədə ikili standartlardan əziyyət çəkən Azərbaycan üzləşdiyi haqsızlıqlara rəğmən, ədalət keşikçisi rolunda çıxış etdi Qoşulmama Hərəkatına sədrlik etdiyi bu dönəmdə. Hətta bəşəriyyət koronavirus sınağı ilə üz-üzə qaldığı dönəmlərdə də ölkəmiz yalnız öz vətəndaşlarının taleyini düşünmədi, paralel qaydada ədalətsiz peyvənd bölgüsünə məruz qalanların haqlarının müdafiəçisi qismində çıxış etdi. Dövlət başçısının xatırlatdığı kimi, beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, misli görünməmiş bu çağırışla mübarizədə qlobal səyləri birləşdirən Qoşulmama Hərəkatı oldu. 2020-ci ilin mayında Azərbaycanın təşəbbüsü ilə təşkil edilmiş Qoşulmama Hərəkatının liderlər səviyyəsində onlayn sammiti 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə nəticələndi. O zaman Ermənistanın Azərbaycan tərəfindən irəli sürülən xilas təklifinə qarşı çıxmasını nə biz unudacağıq, nə də ədaləti hər şeydən üstün tutan digər ölkələr, xalqlar. O zaman bir sınaq dövrü idi, hər kəs, hər bir dövlət özünün gerçək simasını nümayiş etdirdi. Azərbaycanın sədrlik etdiyi dönəmdə Qoşulmama Hərəkatının bəzi zəngin ölkələr tərəfindən yürüdülən “peyvənd millətçiliyi”nə güclü etirazı və bunun ardınca bütün ölkələr üçün peyvəndlərə ədalətli və universal çıxışla bağlı BMT qətnamələrinin qəbul edilməsi Hərəkatın koronavirusla mübarizədə liderliyinə dəlalət edir, bu tarixi missiya isə məhz ölkəmizin liderliyi ilə həyata keçirildi.

prezident_tedbir_020323_7.jpg (78 KB)

Qoşulmama Hərəkatının institusional inkişafı da məhz Azərbaycanın quruma sədrlik etdiyi dönəmdə baş verdi. Belə ki, 2021-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi və Qoşulmama Hərəkatı Gənclər Təşkilatı təsis edildi. Azərbaycan Prezidenti Bakı toplantısında bu qurumların yaradılmasını Azərbaycanın sədrliyinin növbəti nailiyyəti olaraq xarakterizə etdi. Qeyd edək ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin ilk konfransına da ötən il Bakı evsahibliyi edib. Bu toplantının nə qədər uğurla təşkil olunması barədə cari ilin əvvəllərində Bəhreyndə keçirilən konfransda ayrı-ayrı ölkələrin rəsmiləri tərəfindən yüksək fikirlər eşitmək olduqca xoş idi.

Hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində də işlər aparılır. Lakin Azərbaycan bütün bunlarla da kifayətlənmək niyyətində deyil. “Beynəlxalq ictimaiyyətin məsuliyyətli və fəal üzvü olaraq postpandemiya dövrü haqqında düşünməli olduq. Azərbaycan bu ilin mart ayında Bakıda Qoşulmama Hərəkatının pandemiyadan sonrakı bərpaya həsr olunmuş növbəti sammitini uğurla təşkil etdi. Ehtiyacı olan ölkələrə yardım göstərmək Azərbaycanın sədrliyinin digər prioriteti idi”-söylədi ölkə Prezidenti. Quruma üzv olan ölkələrlə yanaşı, aktiv müşahidəçilər və digər beynəlxalq platformaların təmsilçiləri də ölkəmizin aktiv fəaliyyətini qeyri-ixtiyari izləyirlər. Diqqət edin, Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərib. Ümumdünya Səhiyyə Təşkilatına ölkəmizin 10 milyon ABŞ dolları məbləğində könüllü maliyyə dəstəyi verməsi, üstəlik, beş ölkəni peyvəndlə təmin etməsi işğalın və postmüharibə dövrünün çətinlikləri ilə təkbaşına mübarizə aparan bir dövlətin fədakarlığının, bəşəri dəyərlərə sadiqliyinin bariz nümunəsidir.

Azərbaycan dövləti beynəlxalq hüququn təməl prinsiplərinə sadiq qalaraq bu təşkilata sədrlik etdiyi dönəmdə də davamlı şəkildə qlobal çağırışla çıxış edir. Cənab Prezident də Bakı toplantısında bəzi xatırlatmaları ilə vacib məsələlərə bir daha diqqət yönəltdi. Vurğuladı ki, Azərbaycan Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə postpandemiya dövründə bərpanı dəstəkləmək üçün iki qlobal çağırış elan edib. Bununla kifayətlənməyən Azərbaycan ilk donor kimi hər iki çağırış üçün bir milyon ABŞ dolları ayırıb. Azərbaycan lideri təşkilatın və onlarla ölkənin taleyində mühüm əhəmiyyət kəsb edən yeni ideya müəllifi olaraq bildirdi ki, multilateralizmin əsl müdafiəçisi və BMT-dən sonra ikinci böyük təsisat kimi Qoşulmama Hərəkatı yenidən formalaşan dünya nizamında öz yerini tapmalıdır. Həmçinin hərəkat “Bandunq prinsipləri” ətrafında qətiyyətlə dayanmalı, habelə suverenliyin, ərazi bütövlüyünün pozulması və ölkələrin daxili işlərinə müdaxilə hallarına qarşı öz səsini ucaltmalıdır. Və...növbəti qətiyyəli mövqe: “Hazırda beynəlxalq təşkilatlar, xüsusilə BMT bəşəriyyətin gözləntilərinə cavab vermir. BMT-də ciddi islahatların aparılması qaçılmazdır. BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir. Biz Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq”.

Olduqca vacib və bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edən mövqe nümayişidir. Bəli, Azərbaycanın 30 il ərzində pozulan hüquqlarına barmaqarası münasibət dünyanın bu, ali qurumunun öz vəzifələrinin öhdəsindən gələ bilmədiyini, yaxud gəlmək istəmədiyini açıq-aydın göstərdi. Azərbaycan ərazilərinin işğaldan azad olunmasını özündə ehtiva edən 4 qətnaməsinin on illər boyunca icrasına cəhd belə etməyən BMT Təhlükəsizlik Şurasının yerində saymasına bu şəkildə sərt və açıq etirazın dövlət başçımızdan gəlməsi tam məntiqəuyğundur. Bəli, “keçmişin qalığı” və reallıq hissini çoxdan itirmiş bir qurum niyə moderator rolunu oynamaqda davam etsin ki? Bəzi dost dövlətlər olmasaydı, hətta 44 günlük müharibənin ilk həftəsində BMT-nin həmin bu “keçmişin qalığı” Azərbaycan əleyhinə qətnamə qəbul etməyə köklənmişdi, bunu da unutmayacağıq. Bu, BMT TŞ tarixində utanc səhifəsidir. Hansı ki, bu qurum 1993-cü ildə qəbul etdiyi 4 qətnaməni təkbaşına icra etdiyinə görə Azərbaycan dövlətinə təşəkkür etməli, 28 ilə yaxın müddətdə torpaqlarımızı Ermənistanın işğalından azad edə bilmədiyinə görə üzr istəməli idi. Etmədi, etmək istədiyi isə bəşəri prinsiplərə xəyanət cəhdi idi...

Təbii ki, söhbət təkcə Azərbaycanın pozulan maraqlarından, üzləşdiyi ikili standartlardan getmir. Qeyd etdiyimiz kimi, dövlətimiz, dövlət başçımız həm də milli maraqları pozulan, haqsızlığa məruz qalan, suverenliyinə təcavüz edilən ölkələrin, millətlərin yanındadır. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti Fransa prezidentini Əlcəzair xalqından üzr istəməyə çağırdı! Bəli, işğalçı, terrorçu, müharibə cinayətlərinə imza atmış Ermənistanı bütün varlığı və yoxluğu ilə müdafiə edən Makron təkcə Azərbaycana qarşı deyil, digər bir sıra ölkələr və xalqlara qarşı da törətdiklərinə, davranışlarına görə üzr istəməli, siyasətdən getməlidir! Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra işğalçı ölkənin hərbi texnikası, silah-sursatlarının, məhv edilən işğalçıların dəbilqələrinin toplandığı Hərbi Qənimətlər Parkı yaradıldı Bakıda. O zaman Fransa başda olmaqla, bir sıra ermənipərəstlə beynəlxalq şivən qaldırdılar, ay qoymayın, Azərbaycan “beynəlxalq hüququ pozur”, daha nə nağıllar...Amma baxın, hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır.

16186553802626717460_750x500.jpg (256 KB)

Təsəvvür edin, Azərbaycanda sərgilənən baş dəbilqələrinə etiraz edən ölkə kəllə sümüklərini sərgiləyir muzeyində! Və Qarabağda bircə erməni sakinin burnu qanamadığı halda, Laçın yoluna yas tutan ölkə yaxın tarixdə 1,5 milyona yaxın əlcəzairlini qətlə yetirib! Bu, beynəlxalq hüquqdan, demokratiyadan dəm vuran Fransanın üzündəki qara ləkədir! Belə bir ölkənin təmsil olunduğu, qərar verdiyi BMT Təhlükəsislik Şurası əslində bəşəriyyətə təhlükədir, odur ki, ya arxivə gömülməli, ya da sıraları genişləndirilməlidir! Qardaş Türkiyənin Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın “dünya beşdən böyükdür” sözləri iyulun 5-də bir başqa biçimdə beynəlxalq aləmin nəzər-diqqətinə çatdırıldı. Dərhal Ermənistanda narahatlıqlar başlandı, hətta BMT-yə “donos”lar hazırlandı. Olsun, Azərbaycanın mövqeyi açıq-aydındır, sözü ilə imzası vəhdətdədir. Nədən BMT TŞ-də Türkiyə kimi dünyanın önəmli, nəhəng dövləti təmsil olunmasın? Niyə Fransa kimi, Malidə, Əlcəzairdə, elə Fransanın özündə dinc insanları qanına qəltan edən imperiya BMT TŞ daimi üzvlüyündən tutmuş, Minsk Qrupunun vasitəçiliyinədək, Avropa İttifaqının “mülki missiyası” qiyafəsində Zəngəzur dağlarında post quran emissarların heyətinədək yer almalıdır? İnanaq ki, Azərbaycan Prezidentinin səsinə səs verən dünya liderlərinin sayı günbəgün artacaq, Bakı toplantısından sonra nümayəndə heyətlərinin həqiqətləri daha cəsarətlə dilə gətirməsini izləmək xoş oldu. Azərbaycan dünyada yeni düzən yaradılması istiqamətində qətiyyətli təşəbbüslərlə çıxış etməkdədir, addımlar atmaqdadır. Eyni zamanda görünən budur ki, Qoşulmayanlar dünyada baş verənləri görməzdən gəlmək niyyətində deyil, artıq həm də qoşulanlar statusunda çıxış edirlər: haqqı pozulanların, ərazi bütövlüyü, suverenliyi pozulanların səsinə səs verənlərdir, Azərbaycanın sədrlik dönəmi bu təşkilata yeni nəfəs verməkdədir. Bu, bir Azərbaycan nümunəsidir!

 

Elşad Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR