Prezident Tramp divar tikməkdə israrlıdır. Artıq Konqresin Nümayəndələr Palatası 235 lehinə, 192 nəfər əleyhinə olmaqla, ABŞ-la Meksika arasında divarın tikintisinə 1,6 milyard dollar ayrılmasına səs verib. “Divarın tikilməsində məqsəd ölkənin təhlükəsizliyini təmin etməkdir”- rəsmi məlumatda deyilir.
Diqqət edin, dünyanın superdövləti öz təhlükəsizliyini təmin etməkdən ötrü... “Çin səddi” çəkir. Kimsə deyə bilər sizə nə? Təbii. Deməyəcəyik ki, sən vətəndaşlarının taleyini düşünmə, hasar çəkmə! Çək, amma digər ölkələrin də vətəndaşını, ərazisini düşün, lütfən!
Amma və lakin dünyanın söz sahibi bizim torpaqları işğal etmiş Ermənistana bir dəfə “konkret olaraq rədd ol” deməyib, əksinə, rədd olmaması üçün maliyyə ayırır. Nədir? Azərbaycan xalqı təhlükəsiz yaşamaq haqqına sahib deyilmi? Niyə bizim balaca zəhralar öz yurdunda erməninin gülləsinə tuş gəlməlidir?!
Hasar tikiləndən sonra Amerikadakı 3 milyon qanunsuz miqrant ölkədən deportasiya ediləcək. Yenə etirazımız yoxdur. Ancaq həmin ABŞ Konqresi Azərbaycan ərazisində ordu saxlayan Ermənistana 2018-ci il üçün milyonlar ayırıb. Üstəlik, Suriya qaçqınlarını qəbul etdiyinə görə də işğalçı ölkəyə vəsait vəd olunub! Suriya qaçqınlarının Qarabağa qanunsuz köçürülməsi planına dəstək verir “qanunsuz miqrasiyaya qarşı mübarizə aparan” ABŞ. Təzadı görürsünüzmü?!
Bəzən müxaliflər Azərbaycan hakimiyyətini Rusiya ilə ehtiyatlı münasibətlərinə görə qınayır. İddia olunur ki, Bakı birmənalı şəkildə Qərbə, NATO-ya inteqrasiya qərarını qəbul etsə, xilas olar. Gəlin görək, bu xəttə sadiq olanlar xoşbəxt olubmu?
Gürcüstanı, sonra da Ukraynanı qızışdırıb Rusiya ilə üz-üzə qoyan, onlara NATO vədi verib qapı arxasında saxlayan kim oldu? Cavab məlumdur. Dedilər “qorxmayın, Rusiyanın üstünə gedin, sizi NATO-ya qəbul edəcəyik”, Kiyev və Tiflis bu günəcən gözləyir. Demirəm ki, Avrasiya Birliyinə üzv olaq. Rusiyanın gətirdiyi “xoşbəxtliyi” tarix boyu görmüşük. Amma Qərbi də çox tərifləməyin, lütfən! GUÖAM yaradılmışdı e, indi hardadır? Qərb bu qurumun “fatihəsini” vermədimi? Sahib çıxmadı, istəmədi. PKK-ya, PYD-yə daha ox sahib çıxdılar...
Budur, Rusiya qoşunu Gürcüstanın içərilərinədək irəliləyib, Bakı-Supsa kəmərini nəzarət altına alıb, Ermənistana dəhliz açmağa fürsət gəzir, Qərb deyir “qorxmayın, onsuz da Rusiya 2025-ci ildə parçalanacaq”. A kişi, rus ordusu Tiflisin burnunun ucundadır e!
O zaman da eyni münasibət oldu, Gürcüstan Rusiya ilə üz-üzə qaldı, sonra da Saakaşvilini lağa qoydular ki, qorxudan qalstukunu çeynəyir. Bəs bədbəxt Mişa nə etməli idi? Torpağını azad etməyə qərar verdi, əvəzində öz ərazisində iki separatçı dövlət yaradıldı, Qərb də “gəmi gəlir uzaqlardan” mahnısını oxumaqla kifayətləndi.
Eləcə də Ukrayna nümunəsini gördük. O boyda Maydan hərəkatı oldu, Kiyev birmənalı seçim etdi. Əvəzində... Krım əldən getdi, indi də Kreml Donbasda “Malorusiya” dövləti yaradır. Rusiya Gürcüstanı tikə-tikə etmək istəyir, Ermənistanla birgə 120 minlik ordu yaradır, özü də NATO-ya istiqamət götürən Gürcüstanın qulağının dibində, Gürcüstanın içərilərinə doğru günbəgün irəliləyir. Bəs Qərb nə edir? Heç nə!
Bu mərhələdə Qərb nəinki postsovet ölkələrini, hətta postsovet ölkələrinin liderlərini də Rusiyaya satdı. Mixail Saakaşvili nümunəsi göz qabağında. Qərbə inteqrasiya üçün əvvəlcə Gürcüstanda, sonra isə Ukraynada hər şeyindən keçən Mişanı axırda rəsmən “havada” qoydular. Budur, öz ölkəsindən sonra Ukrayna da onu vətəndaşlıqdan məhrum edib. Qərb heç olmasa “qorxma, mən səninləyəm” də demir.
Son illərin təcrübəsi göstərdi ki, Rusiya öz adamlarına dərhal sahib çıxır, elə öz ölkələrinə də. Ukraynanın eks-prezidenti Yanukoviçi inqilabçıların əlindən xilas edib aparan Kreml oldu (hələ Vəzirov, Mütəllibov nümunələrini bir kənara qoyuruq). Amma bu gün Saakaşvilinin başına məhz Putinə görə oyunlar açılır, Ağ Ev uzaqdan baxıb gülümsəyir.
Tam mümkündür ki, 1920-ci ildəki işğal planı başqa formada işlənib hazırlanıb, bu dəfə “Gürcüstandan Ermənistana kömək” adı ilə... Bu, təkcə Azərbaycanı təhdid deyil, həm də Qərbin maraqlarına, enerji layihələrinə sarsıdıcı zərbədir... Lakin ABŞ başda olmaqla, Qərb sükut edir. Hətta Gürcüstanın rusmeyilli deyilən prezidenti Georgi Marqvelaşvili də narahatdır, Qərb isə narahat deyil. Deyəsən, doğrudan da Qafqaz daxil, postsovet məkanı Rusiyanın payına düşüb... ABŞ olsa-olsa Baltikyanıya təhlükə yarananda hərəkətə keçir.
Bu yerdə bir lətifəni xatırladım. Deyir qədimlərdə qan düşmənçiliyinin ən pik həddi qarşı tərəfin əziz qonağını öldürmək olub. Bir gün birinin çox əziz qonağının gəldiyini eşidən digər tərəf silahlanıb evə soxulur və qanlı-qanlı qonağa baxır. Qonağın özünü itirdiyini görən ev sahibi qayıdır ki, “əziz qardaş, qorxma, qoy onlar səni öldürsün. Gör mən onun neçə qonağını öldürəcəyəm”.
Bax, bu lətifədəki ev sahibi Qərbin yeni siyasətinə çox bənzəyir... ABŞ deyir qoy Rusiya sizi öldürsün, işğal etsin, görün mən ona qarşı neçə sanksiya qərarı qəbul edəcəyəm...






