Saleh Məmmədov: “Hökumət ən qısa zamanda qeyri-neft iqtisadiyyatını qorumaq üçün tədbirlərə başlamalıdır”
Yaxın qonşularımız olan Türkiyə, İran və Rusiyada baş verən iqtisadi böhran Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Bu ölkələrdən ikisi - Rusiya və Türkiyə qeyri-neft ixracımızda müvafiq olaraq birinci və ikinci yeri tuturlar. Onlarda yerli valyutanın sürətlə dəyərdən düşməsi ixracatçılarımız üçün ciddi çətinliklər yarada bilər. Bu çətinlikləri önləmək, qeyri-neft iqtisadiyyatımızı mümkün mənfi təsirlərdən qorumaq üçün hökumətin bir sıra addımlar atması gərəkir.
Maliyyəçi-alim, sabiq maliyyə naziri Saleh Məmmədovun fikrincə, hökumət ən qısa zamanda qeyri-neft iqtisadiyyatını qorumaq üçün tədbirlərə başlamalıdır: “Əsas ticarət tərəfdaşlarımız olan Türkiyə, İran, Rusiya, Çin, Avropa, Qazaxıstan və sair ölkələrin hamısında milli valyutalar ciddi surətdə dəyərini itirmişlər. Nəticədə Azərbaycan idxalının qiyməti bir o qədər ucuzlaşmış, ixrac məhsullarının qiyməti isə bahalaşmışdır. Deməli, dünya bazarında Azərbaycanın qeyri-neft məhsulları üzrə rəqabət qabiliyyəti xeyli zəifləyib. Belə davam edərsə, bu məhsulların istehsalçıları ya istehsalı məhdudlaşdırmaq, yaxud da tamamilə dayandırmaq məcburiyyətində qala bilər. Bu isə ölkədə işsizliyin artması, istehsalın və büdcə gəlirlərinin azalması, iqtisadi artımın zəifləməsi və sair kimi neqativ hallara gətirib çıxarar”.
“Birinci növbədə ən ağır zərbəni zərərsizləşdirmək, yəni manatın dəyərinin tədriclə azaldılması vacibdir. Milli valyuta yalnız pul vahidi deyil, həm də ən mühüm makroiqtisadi tənzimləmə vasitəsidir. Son bir neçə ayda İran valyutası 200-300 faiz, Türkiyə lirəsi- 150-200 faiz, Rusiya rublu - 20 faiz dəyər itirib. Bunlardan idxal olunan malların dəyəri də təqribən bu qədər ucuzlaşıb. Bunun qarşısında hansı Azərbaycan istehsalçısı rəqabətə tab gətirə bilər? İkinci qrup tədbirlərə daxili qeyri-neft istehsalçılarına xüsusi güzəştli vergi sistemi qurmaq, əksəriyyətini bir çox vergilərdən azad etmək və ya çox cüzi səviyyəyə endirmək, güzəştli vergi sistemi hazırlamaq daxil olmalıdır. Üçüncüsü, qeyri-neft ixracatına xüsusi təşviq rejimi qurmaq, ixracı stimullaşdırıcı və sadələşdirici rejim yaratmaq lazımdır. İxracın nəqliyyat məsrəflərinin ən azı yarısını, sertifikatlaşma, rəsmiləşdirmə məsrəflərinin hamısını dövlət öz üzərinə götürməlidi, idxal-gömrük vergiləri (elmi-texnoloji məhsullar istisna olmaqla) dünya regionları üzrə artırılmalı və bunun hesabına ixrac bonusları müəyyən olunmalıdır. Dördüncüsü, qeyri-neft məhsullarının maya dəyərini aşağı salmaq üçün digər ciddi addımlar atmaq lazımdı: istehsal kreditlərinin maksimum həddi 3 faiz müəyyən edilməklə, kredit resursları dövlət vəsaiti hesabına təmin edilməli; dövlət inhisarında olan yanacaq, elektrik, suyun qiyməti aşağı salınmalı; istehsal üçün digər dövlət xidmətləri ucuzlaşdırılmalıdır. Beşincisi, idxal-ixrac rejimi Avropa İttifaqı standartlarına uyğun yenilənməli, sadələşməli, rüşvət aradan qaldırılmalı, tələb olunan sənədlər minimuma endirilməli, qeydiyyat müddəti maksimum qısaldılmalıdır. Sadalanan tədbirlər kompleks proqramın hissələridir, proqram isə bütün detalları ilə daha geniş tədbirlər sistemini əhatə edir. Bu tədbirlərin tətbiqini ləngitmək olmaz, dərhal başlamaq lazımdır, hər itirilən gün ölkəyə milyonlarla zərərə başa gəlir”.
DÜNYA,
“Yeni Müsavat”






