İnsanlara hürriyət, millətlərə istiqlal!

Qonşudan dala qalmağın tarixi aspektləri

1142 25.07.2016 18:04 Yazarlar A A

Bu günlərdə son dövrlər çəkilmiş ən yaxşı sənədli film olan "Əbədi ezamiyyət" filminə baxdım. "Əbədi ezamiyyət" 1919-cu ilin yanvarında AXC-nin Əlimərdan bəy Topçubaşovun başçılığı altında Paris sülh konfransına göndərdiyi nümayəndə heyəti haqqındadır. Filmin sonu istisna olmaqla, qalan hissəsinə qənaətbəxş demək olar. 

Nümayəndə heyətinin nələr elədiyi və sonradan onların necə geriyə dönmək imkanlarının məhv edilməsi və s. haqqında tarix kitablarında və internetdə xeyli materiallar var. Çox maraqlı tarixdir, oxumaq əşhədü dərəcədə vacibdir. Mənim diqqətimi çəkən məsələ isə Topçubaşovun Fətəli xan Xoyskiyə yazdığı məktubundakı bu hissə oldu. 

"Fətəli xan, Bakıdan uzaqlaşdıqca bizim nümayəndə heyətinin zəif olduğunu daha çox hiss edirsən. Bizim qonşuların hər biri nümayəndə heyətlərinə 12 nəfərlik ən ciddi, sanballı və populyar xadimləri daxil ediblər. Hələ üstəlik, onların Parisdə və Londonda da öz adamları və komitələri var. Nümayəndə heyətinin möhkəmləndirilməsi barədə ciddi düşünməlisiniz. Bizim maliyyə məsələmiz də yaxşı deyil: Ermənilər 10 milyon rubl götürüblər, gürcülər hələlik 5 milyon… Deyilənə görə, sanballı maliyyə olmadan orada iş görmək mümkün deyil”.

Film boyu beləcə nümayəndə heyətinin üzləşdiyi çətinliklər, xüsusən də maliyyə çətinlikləri, həmçinin ermənilərin və gürcülərin hər sahədə bizdən qabaqda olması diqqəti cəlb eləyir.

Ümumiyyətlə, həmin zamandan etibarən azərbaycanlılar hara gediblərsə ermənilərin və gürcülərin çoxdan orda olduğunu görüblər. Bu keçən əsrin əvvəllərində də bizim maarifçilərin, yazarların əsas yazı mövzularından biri olub. Yüz il keçib və hələ də biz Qafqazın əsas üç millətindən biri olaraq niyə ikisinin bir çox mövzularda bizdən irəlidə olduğunu müzakirə edirik. 

Azərbaycanlıların böyük bir qismi əslində heç də bizim kimi düşünmür. Məsələn, onlar fikirləşirlər ki, ermənilər əslində qorxaq və fərasətsiz millətdirlər, (necə olubsa biz bu qorxaqlara torpaq uduzmuşuq), gürcülər isə kasıbdırlar. Gürcüstana gedəndə isə adətən ağız büzürlər. Hərçənd bu bahalaşmadan sonra "Pirveli" siqareti üçün ora getdiklərini və növbədə gözlədiklərini unudurlar. 

Gürcülər dişləri və dırnaqları ilə demokratik dövlət yaratmaq uğrunda mübarizə aparırlar, yavaş-yavaş da getsələr dövlət quruculuğu işini uğurla davam etdirməkdədirlər. Türkiyədəki olaylardan sonra da deyə bilərik ki, indi regionda təhlükəsizlik adası kimi bir dövlətdirlər. Ətrafdakı ölkələrin hamısının vəziyyəti acınacaqlıdır, lakin Gürcüstan demokratik dövlət olmaq yolunda əmin addımlarla irəliləyir. Dünənə qədər bəyənmədiyimiz kasıb Gürcüstan indi regionda investisya qoymaq üçün ən yaxşı ölkədir. 
Bundan başqa ermənilər və gürcülər, həmçinin onların ölkələri xaricilərə bizdən daha maraqlıdır. Gürcüstana səfər etməyə can atan onlarla polyak tanışım var. 

"Bütün bunlar niyə belə olur?" - deyə özümüzə sual versək, səbəbin yenə özümüzə yatdığını görərik. Məsələ orasındadır ki, bizdə dövlət olmaq üçün yetəri qədər elementlər hələ formalaşmayıb. Bəli, paytaxtı, ərazisi, ordusu və s. vacib eləmentləri olan dövlət qurmuşuq, amma bu dövləti sivil dövlətə çevirmək üçün hələ ki nəsə etməmişik.

Ona görə də üstündən yüz il keçsə də, hələ də eyni sualı veririk. "Nəyə görə onlar irəlidədir?". 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR