İnsanlara hürriyət, millətlərə istiqlal!

Qonçar Kremlin paxırlarını açdı - Rusiyanın ənənəvi “mürəkkəbləşdirmə” siyasəti...

1398 04.08.2023 14:45 Siyasət A A

Rusiya dediyi ilə etdiyi üst-üstə düşməyən dövlətlərdən biridir. Konkret nümunə: Kreml rəsmiləri diplomatik səviyyəli açıqlamalarında deyirlər ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün əlindən gələni etməyə hazırdırlar. Guya bu istiqamətdə var gücləri ilə çalışırlarmış...

Ancaq real mənzərəyə baxanda əksinin şahidi oluruq. Qısa desək, Rusiya Ermənistana sülh müqaviləsi imzalamaq üçün imkan vermir. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdəki separatçı rejimi isə cani-dildən dəstəkləyirlər, nəinki onları neytrallaşdırır, zərərsizləşdirirlər. Reinteqrasiyaya dəstək vermək əvəzinə, revanşist qrupları qızışdırırlar.
Bu eybəcər davranışın siyasi yolla həlli Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanmasıdır, habelə Qarabağın erməni sakinləri ilə vasitəçisiz, birbaşa danışıqların başlamasıdır. Hər iki istiqamətdə Azərbaycan dövləti var gücü və səmimiyyəti ilə çalışır.
Rusiya-Qərb qarşıdurması, Cənubi Qafqazda mövqe savaşları kontekstində Qərb dairələri sülh müqaviləsinin imzalanmasında daha maraqlı tərəfdir. Təbii, onların da özünün korporativ maraqları var, bölgədə sülhü heç də cani-dildən istəmirlər. Sadəcə, Rusiya ilə maraqlar toqquşmasında bu cür davranış onlara daha sərfəlidir.
Siyasət mümkün olanı həyata keçirmək peşəsidir. Bu gün Azərbaycana regionda sülh, əmin-amanlıq lazımdır və bu yöndə bütün mümkün addımları atır.
Son vaxtlar sülh danışıqlarında kifayət qədər intensivlik var, ümidlər artıb və belə rəylər daha üstündür ki, qısa zamanda sülh müqaviləsi imzalanması mümkündür. Bunun paralelində Qarabağ ermənilərinin nümayəndələri ilə Yevlaxda görüş planlaşdırılır.
Bu həssas dönəmdə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono regiona səfər edib. Təbii, təsadüfi deyil...

Nikbin mövqelər olduğu vaxtda Rusiya nə etsə yaxşıdır? Yenə şantaja, pozuculuğa və Ermənistana qarşı təzyiqlərə start verib.

Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar TASS-a müsahibə verərək, deyib ki, “Bakı və İrəvan sülh müqaviləsinin istənilən şərtlər daxilində imzalanmasına hələ hazır deyil, çünki hələ də həllini gözləyən mürəkkəb məsələlər var”.

denis.jpg (102 KB)
Qərəzə fikir verin: Qonçar deyir ki, “mürəkkəblərdən” ən mühümü Qarabağın erməni əhalisinin təhlükəsizliyinin Azərbaycan qanunvericiliyi çərçivəsində təmin edilməsi və hər kəs tərəfindən tanınmış hüquqların təmin olunmasıdır.
Adam, rəsmi Bakı uzun müddətdir bəyan edib, Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan Qarabağın erməni əhalisinin təhlükəsizliyini təmin etməyə tam təminat verir. Burada artıq hansı “mürəkkəblik” var?!
Sadəcə, Rusiyanın özünün məkri var, erməni əhalinin təhlükəsizliyini bəhanə edərək, sülhməramlı kontingenti Qarabağda daha çox sağlamağa can atırlar...

Qonçarın “qönçəvari” digər absurd iddiası: “Tərəflər qarşılıqlı olaraq 1991-ci il Alma-Ata Bəyannaməsinin effektivliyini təsdiq edib. Sülh sazişinin həyata keçirilməsi üçün elə bir beynəlxalq dəstək mexanizmi tələb olunur ki, Ermənistanla Azərbaycanın suverenliyini və siyasi müstəqilliyini şübhə altına almasın”.
Bütün dünya Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyır, o cümlədən Rusiya, elə Ermənistanın özü də bunu etiraf edib. Söhbət hansı şübhədən gedir, yəqin ki, bunu heç Qonçarın naziri Lovrov da izah edə bilməz...
Qonçarın, dolayısı ilə Kremlin “sözünün mustafası” budur ki, sülh sazişinin yaxın müddətdə imzalanmaması üçün nə bacarsalar edəcəklər.
“Tələsik hazırlanmış, kobud sülh müqaviləsi regiona davamlı sülh gətirməyəcək. Əksinə, gələcəkdə yeni münaqişələrin, faciələrin əsasını qoyacaq. Prioritet sürət deyil, balanslaşdırılmış və qarşılıqlı məqbul qərarların keyfiyyətli hazırlanması olmalıdır”.
Yoldaş Qonçar, müharibənin bitməsindən, 10 noyabr Bəyanatının imzalanmasından artıq 2 il 9 ay ötür! Bu müddətdə Rusiya imkan versəydi, sülh çoxdan imzalanmışdı!..

Qonçar Rusiyanın faktiki məramını da açıqlamış olub, dolayısı ilə mesaj verib ki, Qərbin iştirakı ilə sülh prosesinə imkan verməmək düşüncəsindədirlər. Sitat: “Məsuliyyətli vasitəçilərin vəzifəsi fürsətçi mülahizələr naminə danışıqlar prosesini sürətləndirmək deyil, güclü uzunmüddətli razılaşmaların əldə olunmasına kömək etməkdir. Onlar yerlərdə hökm sürən reallıqlara, ilk növbədə, ən yüksək səviyyədə Rusiya-Ermənistan-Azərbaycan bəyanatlarına və onların əsasında fəaliyyət göstərən mexanizmlərə əsaslanmalıdır”.
Yaxşı, deyək ki, Qərb tezliklə sülh müqaviləsi imzalanmasını istədiyi üçün Rusiyanın gözündə pisdir. Onu da qəbul edirik ki, Qərb heç də mələk deyil. Axı sülhün yubanması daha pis variantdır! Eyni zamanda Rusiya əsasən pozucu davranışlar sərgiləyir, bunun izahı nədir?!
Rusiya əgər gerçəkdən bu işə əngəl törətmək yox, kömək etmək istəyirsə, müharibənin bitməsindən 3 ilə yaxın vaxt keçdiyi halda “tələskənlikdən” danışmamalıdır. Əgər istəyirsə ki, sülh müqaviləsi Qərbin, Avropanın yox, onun vasitəçiliyi ilə reallaşsın, onda səmimi olsun, şantajla məşğul olmasın, pozucu fəaliyyətlə məşğul olmasın.

4979f37913e4470e1a78ba437bcb8fa8.jpg (70 KB)

Əgər bunu edərsə, belə davranarsa sözsüz ki, Cənubi Qafqazda nüfuzu da artmış olacaq. Yoxsa şantajla, təhdidlə, zorla nüfuz saxlamaq, artırmaq müasir dövrdə effekt verməyən mexanizmdir.

Əslində, Azərbaycan bütün reallıqları bilir və ona görə də bütün tərəflərlə yalnız milli maraqlarımız çərçivəsində, siyasi, diplomatik etikaya uyğun davranırıq. Eyni zamanda gəldiyimiz qənaət də budur ki, sülh birbaşa və vasitəçisiz danışıqlarla daha tez baş tutar.
Yetər ki, Ermənistan özünü xarici boyunduruqlardan azad etməyi bacarsın. Çünki hamıya lazım olan sülh Ermənistana 3 qat vacibdir. Səbəbləri də bəllidir.

Elşad MƏMMƏDLİ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR