Qohumu torpağını ələ keçirtdi, üstəlik öz vəkilləri də onu aldatdı - REPORTAJ, FOTOLAR
Hər kəsə məlumdur ki, Azərbaycanda sənədləşmə işləri heç də asan başa gəlmir. Əsas da ev alqı-satqısı və ya tikintisi zamanı...
Binəqədi rayonundakı Binəqədi qəsəbəsinin sakini Ramiz Abdullayev redaksiyamıza müraciət edərək bildirib ki, Elman Orucov adlı şəxs, saxtakarlıq yolu ilə onun torpağını əlindən almaq istəyir.
Şikayət əsasında Binəqədi qəsəbəsinə yollandıq. Şikayətçi Ramiz Abdullayevlə görüşdük.
R.Abdullayevin sözlərinə görə, o, mübahisəli torpaq sahəsini normal hala salmaq üçün 50 min dollar pul xərcləyib. Bunu edə bilmək üçün isə evini satıb: "2002-ci ildə 182 nömrəli məktəbin arxasında şəxsi evim var idi. Onu satdım ki, buradakı evimin yanındakı torpaq sahəsində ev tikim, oğullarım bir-birilərinə yaxın yaşasınlar.
Ata evimin arxasındakı bataqlığı götürdüm. Ora yaman gündə idi. Ora maşınlarla torpaq tökdürdüm ki, bataqlıq qurusun. Həm də ora çox çökək idi. Ərazini hündürləşdirmək lazım idi.
Qəsəbə adamları ilə köməkləşdik, oranı normal hala saldıq. Həmin günlərdə mən işdə olurdum. İşçilərin üstündə dayana bilmirdim. Bacanağımdan xahiş etdim ki, gəlsin, sürücülərə nəzarət etsin, neçə maşın torpaq töküldüyünü dəftərə qeyd eləsin. Bacanağım Elman Orucov 4-5 gün nəzarət elədi və sonra bir bəhanə uydurdu və çıxıb getdi. Bundan sonra işə oğlanlarım nəzarət eləməyə başladı".
R.Abdullayev deyir ki, külli miqdarda pul xərclədiyi və sənədlə aldığı torpaq sahəsini indi saxtakarlıq yolu ilə onun əlindən almaq istəyirlər. Bunu etməyə çalışan isə onun öz qohumudur: "Həmin əraziyə sənəd almaq istəyirdik. Elə bu ərəfədə bir nəfər gəldi və dedi ki, bəs, bu torpaq sahəsi onundur. Əlində də sözlərini sübut edən sənədlər, eskiz var idi. Mən də bu adamla razılaşdım. Torpağın pulunu verdim, aldım. Amma savadsızlıqdan sənədləri adıma keçirmədim. Torpağa olan sənədləri evə qoydum. Fikirləşdim ki, bir dəfə imkan edib, adıma keçirdərəm. Torpağı hasarlayıb, tikintini davam etdirməyə başladım. Bütün tikintiyə 50 min dollar xərcim çıxdı.
2011-ci ildə prezidentin sənədsiz evlərlə bağlı sərəncamı oldu. Mən də getdim və həmin adamla danışdım. Torpağı yoldaşımın adına keçirməsini istədim. Torpağı keçirtdim, yoldaşımın adına... Bir müddət sonra bacanağım bizə gəldi. Dedi ki, "Mənə bu torpaqdan 2 sot pay ver". Dedim ki, "Mən sənə necə bunu pay verim? İndiki dövrdə kim-kimə torpaq hədiyyə edir? Üstəlik, mən bura neçə min xərc çəkmişəm. Buranı oğlum üçün tikirəm". O da cavabında dedi ki, "Əgər torpağı mənə vermirsənsə, mən səndən buranın hamısını alacağam".
R.Abdullayev bildirdi ki, bacanağı sənədlərdə saxtakarlıq edib: "Elman Orucov məni məhkəməyə verdi. Məhkəmədə dedim ki, onun dağın ətəyində şəxsi torpağı olub. Hətta mən ona yardım da eləmişəm. Həyətinə bir maşın daş tökmüşəm. Özünə dedim ki, "Torpağına sahib çıx. Sənədlərin də var". Amma eləmədi. Hakim məndən soruşdu ki, "Sənin torpağa sənədin var?" Vəkilim də mənə qabaqcadan demişdi ki, "Sən tərəf deyilsən. Torpağın sənədilə bağlı nəsə soruşulsa, de ki, sənin sənədin yoxdur. O, sənə heç nə edə bilməz".
Mən də hakimə elə dedim. Məhkəmədə o, dedi ki, "Mənim sənədim var". Dediyi sənəd isə onun öz torpağına olan sənəddir. O da dağın ətəyindədir. Mənim torpağıma heç bir aidiyyatı yoxdur. Hakim işi başqa vaxta təyin etdi. Köməkçisi dedi ki, "Sizi çağıracağıq. O vaxta qədər də həmin sənədi göndəririk, torpaq komitəsinə..." Ancaq bu vəkil mənə yalan deyirmiş. Onlarla sövdələşib, məni aldadıb. Mən bunu təəssüf ki, sonradan anladım. Amma iş-işdən keçmişdi".
R.Abdullayev deyir ki, bacanağı müxtəlif yollarla öz adına olan torpağın eskizini dəyişib: "Onun məhkəməyə təqdim etdiyi sənəd məndə də var idi. Həmin sənədi o, özü mənə vermişdi. Torpağını geri qaytarmaq istəyəndə bu sənədi milli arxivdən almışdı. İşləri tərs gətirdi. Yanıma gəlib, dərdləşəndə sənədi stolun üstünə atmışdı. O vaxtdan o sənəd məndə idi. Hansı ki, bu sənəd onun həqiqi öz torpağına aiddir. Onu mənim torpağıma verilmiş sənəd kimi məhkəməyə təqdim etdi.
Üstündən bir müddət vaxt keçdi. Vəkilə məhkəmə ilə bağlı sual verdim. Dedi ki, hələ cavab yoxdur. Nəsə olsa, çağıracaqlar. Mən də gözlədim. Bir müddət sonra, daha dəqiq desək, fevral ayında icra nümayəndəliyindən gəldilər. Dedilər ki, "Bacanağın bizə ərizə yazıb. Sənin torpağının eskizini çəkəcəyik. Verəcəyik, ona... O da özəlləşdirib, satacaq".
Mən də onlara dedim ki, belə şey olar? Kim necə istəsə, başqasının torpağını öz adına keçirib, sata bilər? Diqqətlə baxın. Oradakı eskizdə olan ünvan bura deyil. Dağın ətəyidir.
Gördülər ki, alınmır. Dedilər ki, "Gələrsən, icra nümayəndəliyinə..." Mən də getdim, torpağın sənədini və eskizini onlara verdim. Məni növbəti gün üçün icraya çağırdılar. Getdim. Dedilər ki, "Bizlik bir şey yoxdur. Hər şey məhkəmədə həll olunacaq". Amma bütün bunlar bəhanə olub. Artıq saxtalaşdırma işləri gedirmiş.
Gəldim, vəkilin yanına... O da torpaq komitəsinə zəng elədi. Telefonla nə danışdıqları açıq şəkildə eşidilirdi. Telefonda vəkilə dedilər ki, "Mənə təzə eskiz təqdim ediblər. Mən də ona baxaraq, sənəd tərtib etmişəm". Vəkil də cavab verdi ki, "Sən necə yeni sənəd tərtib edə bilərsən? Mövcud olan sənədi yeni eskizlə necə dəyişə bilərsən?". O da dedi ki, "Mənə "yuxarıdan" zəng ediblər".
Şikayətçi qeyd edir ki, onun tutduğu vəkillər, gizli yolla qarşı tərəf üçün çalışıblar və onu aldadıblar: "2012-ci ilin iyun ayının 19-da işə xitam verildi. Dedilər ki, "Torpaq sənin deyil". Torpağı mənə satan da hər şeydən imtina etdi. Mən gördüm ki, burada saxtakarlıq edilir. Getdim, yeni vəkillər tutdum. Burada da aldandım. Bu vəkillər onların adamları olub. Məndən vəkalətnamə alıb, torpağı yavaş-yavaş əlimdən alıblar. Bir sənədə iki eskiz yapışdırıblar. Biri mənim torpağıma aiddir, digəri onun torpağına... Bir sözlə düzüb-qoşublar. Bu vəkillər utanmadan məndən pul da alıblar. Hər dəfə nəsə sual verəndə "Sən darıxma. Hər şeyi biz həll edəcəyik. Narahat olma" deyirdilər.
Məhkəmələrdə min oyundan çıxıblar. Hətta bir dəfə vəkillərim məni zala buraxmadılar. Bəhanələr uydurdular. Mən də savadsız adamam. Məni aldatmaq asandı. Dekabr ayında icraçılar gəldilər. Vəkillərə zəng vurdum ki, belə bir iş var. Yenə dedilər ki, "Narahat olma. Qol çək". Mən də qol çəkdim. Bir sözlə, məni aldadıb, torpağa sahib olmaq istəyirlər. Yaxşı ki, inzibati məhkəməni udmuşuq. Binəqədi rayon, Binəqədi kənd icra nümayəndəliyi tərəfindən verilən saxta eskizə görə mən hələ də zülm çəkirəm. Məhkəmədə çəkişməmiz hələ də davam edir. O qədər pul xərcləyib, tikdiyim evi də söküblər. Üstəlik, bacanağım üzümə durur ki, hasarı da o çəkib, bataqlığı da o doldurub".
Şikayətçinin dediklərindən belə başa düşülür ki, Elman Orucov Prezident Aparatında sürücü işləməsindən istifadə edərək, məhkəməyə və digər qurumlara təzyiq edir. Belə çıxır ki, adi bir sürücü öz rəhbərlərinin adından, ona verilən vəsiqədən istifadə edərək, özü üçün mənfəət əldə edir?
Mövzunu diqqətdə saxlayacağıq.
P.S. Məsələ ilə bağlı yazıda adıçəkilən digər şəxslərin mövqeyini də dərc etməyə hazırıq.
Məhəmməd TÜRKMƏN,
Fotolar müəllifindir.






