İnsanlara hürriyət, millətlərə istiqlal!

QOÇULARI VƏ QƏHRƏMANLIQLARI İLƏ MƏŞHUR MAŞTAĞA

11697 01.02.2010 05:20 Ölkə A A

Maştağa kəndinin adı qarşısına çoxlu “ən” sözünü artırmaq olar. Braziliyada hər 4 nəfərdən 3-ü futbola meyil elədiyi kimi Maştağa kəndi də çoxlu ustad meyxana, muğam, qəzəlxanlar yetişdirib. Beləliklə, bu bazar yolumuzu Bakının məşhur və ecazkar kəndi olan Maştağaya saldıq. “Bakı kəndləri bizim gözümüzlə” rubrikasında bu kənd haqda maraqlı məlumatları öyrənəcəksiniz.

Sosial problemlər girdabında

Maştağa kəndi Bakının memarlıq mərkəzlərindən biri sayılır. Kənd görkəmli şəxsiyyətlər, ruhani alimlər, elm-mədəniyyət xadimlərinin vətəni olub. Kəndi gəzdikcə addımbaşı tarixi abidələr - məscid, hamam, pir qarşına çıxır. Hətta qədim evlərin üzərində inşa olunduğu tarix qeyd olunub. Maştağalılar öz milli koloritliyi ilə fərqlənirlər, mentalitetimizə indiyə qədər sadiqdir. Onu da deyək ki, maştağalılar 1918-ci ilin mart soyqırımında göstərdiyi mərdliyə görə də tarixə düşüb. Kəndin qoçuları əsl qəhrəmanlıq göstəriblər. Ancaq “qoçu” deyəndə indiki nəqliyyat müfəttişləri ağlınıza gəlməsin. Çünki Maştağada məşhur Qoçu Nəcəfqulu, Qoçu Əziz kimi kişilər soyqırımın qarşısını almaq üçün döyüşüblər. Eyni zamanda bu kənd 1918-ci ilin sentyabr ayında Bakının ermənilərdən təmizlənməsi işində fövqəladə qəhrəmanlıq göstərib, Nuru paşanın Qafqaz İslam Ordusuna ciddi dəstək verib. Maştağa kəndi 5 məhəllədən ibarətdir ki, onların ayrıca özünəməxsus tarixçələri var.
Maştağanın mərkəzindəki Heydər Əliyev parkına daxil olmaq üçün qayıqdan istifadəyə ehtiyac var. Belə ki, kənddə kanalizasiya sisteminin yoxluğu yağan qardan sonra Maştağanı gölə çevirib. Maştağaya baxanda adama elə gəlir ki, burda problemlər çoxdan həllini tapıb. Amma öyrəndik ki, kəndə axırıncı dəfə kanalizasiya xətləri keçən əsrin 50-60-cı illərində çəkilib. Elektrik xətləri isə 1970-ci illərdə bərpa olunub. Kəndin mərkəzi hissəsi istisna olmaqla, kənar küçələr zibillidir. Maştağada elə bir ailə tapılmaz ki, kommunal xidmətlərinə görə borcu olmasın.

Tarixin yanı ilə addımlayırıq

Maştağanın “Xonxar” deyilən məhəlləsində yerləşən Şamxar hamamının yaşını bilən yoxdur. Maştağa sakini Mirəzim dayı hamamın XIX əsr nümunəsi olacağını zənn edir. Bundan əlavə “Xonxar məhəlləsi”ndə Cümə məscidi fəaliyyət göstərir və deyilənə görə, 400 ildən artıq yaşı var. Burdan ayrılıb “Seyid məhəlləsi”nə gedirik. Adından bəlli olduğu kimi, bura seyidlərin yaşadığı ərazi olub. Ümumiyyətlə, Maştağa din-imanın üstünlük təşkil etdiyi yerdir. Digər kəndlərdən fərqli olaraq “Seyid məhəlləsi”nin qadınlarını hicabsız görmək mümkün deyil. Məhəllədə Qum hamamı, Cümə məscidi, Seyid İbad ağa ocağı yerləşir. Olduğumuz Seyid İbad ağa ocağının qarşısında bir-iki şəkil çəkib oranın axundu ilə söhbət etmək istəyirik. Gəliş niyyətimizi ocağın axundu Hacı Səmədə söyləsək də, hacı bizə: “biz qəzetlərə danışmırıq” deyərək qapıları bağlayır.
Hacıdan fərqli olaraq, sadə maştağalılar bizi gülər üzlə qarşılayıb, kənd haqda qəribə söhbətlərdən söz açdılar. Deyirlər ki, indi keçdiyimiz həmin məhəllə keçmişdə “Keçənlər məhəlləsi” adlanıb. Özü də o dönəmdə burdan keçmək şəhərdəki tıxaclardan betər imiş. Əbdülağa kişi bunu məhəllədən ötüb keçənlərin çox olması ilə izah edir: “ Görünür həm bazara yaxın olduğu üçün, həm də qədimdə ”Xonxar"ın qorxusuna görə burdan keçənlər çox olub".
Maştağalıların əsas məşğuliyyətlərindən biri də gülçülük olub. Di gəl, son dövrlər qazın verilməsində yaranmış fasilələr bu sahənin inkişafına mənfi təsir göstərib. Bir qədər yuxarı irəlilədikcə təpəlik ərazilərdə “Tavaylıq məhəlləsi” ilə də tanış oluruq. Maştağa camaatı quşbazlığından da geri qalmır. Adıçəkilən məhəllədə quşbazlara daha çox rast gəlindiyini demək olar. Maştağanın məhəllələrindən biri də “Dərəqılınc”dır. Şəriət qanunlarına burda diqqətlə və ifrat dərəcədə əməl olunur.

Nardaran balıqları Maştağada ucuz satılır

Maştağada bir neçə ticarət mərkəzi var. Amma kəndin təkcə bir böyük bazarı var ki, onun tarixi də lap qədimlərə gedib çıxır. Deyilənə görə, o vaxtı Bakı xanı Mirzə Məhəmməd ticarət əlaqələrini genişləndirmək məqsədi ilə bazarın yanında böyük bir karvansaray da inşa etdirib. Lakin indi karvansaray uçulub-dağılıb. Hazırda isə Maştağanın elə bir küçəsi yoxdur ki, orda piştaxtaya rast gəlməyəsən. Nardaran balığı isə Maştağada ucuzdur. Maştağanın demək olar ki, hər yerində Nardaran balığı satılır. Balıq satılan piştaxtalardan birinə yaxınlaşırıq. 18 yaşlı satıcı Əsəd Nardaran balığının birini iki manatdan bizə satmaq istəyir. Əslində balıq almaq niyyətimizin olmadığını deyib, başlayırıq söhbətə. Əsəd deyir ki, balığı Nardarandan gətirirlər. Hətta o iddia edir ki, Nardaran balıqları Maştağada ucuz satılır. Alverin pis olmadığını deyən gənc satıcı havaların soyuq keçməsi ilə bağlı balığın qiymətinin artdığını dedi. Səbəb isə çox sadədir. Çünki soyuq və küləkli havada heç kimsə risk edib dənizə balıq ovuna getmir. Ona görə də balıq almaq istəyən birini 20 manata da olsa alır.

“Mənim ”Muravey"imin yanında “BMW” heç nədir"

Maştağanın mərkəzinə marşrut avtobuslar işləsə də, kəndin “Seyid məhəlləsi”nin sakinləri yük və sərnişin daşımaq üçün xalq arasında “Muravey” adlandırılan üçtəkərli motosikletlərdən taksi kimi istifadə edirlər. 30 ildən çox “Muravey”i ilə çörək pulu qazanan İbrahim dayı bizə deyir ki, kənddə bundan ucuz nəqliyyat vasitəsi tapmaq mümkün deyil: “Elə yer var ki, ora maşın gedib çıxa bilmir. 30 ildən çoxdur motosikletimlə taksiçilik edirəm. Kəndin içində hər hansı bir yerə bir manata, qonşu kəndlərə isə iki manata gedirik. Yük aparsaq isə qiymətlər dəyişir”.
İbrahim dayı 30-ildə bir dəfə də olsun onu yarı yolda buraxmayan “Muravey”indən bizə ağız dolusu danışır: “Bax bala, bu ”Muravey" ki var çox davamlıdır. Bu neçə ildə məni bir dəfə də olsun yarı yolda qoymayıb. Ona görə həmişə deyirəm ki, mənim “Muravey”imin yanında “BMW” heç nədir. Dağ-dərə demədən hər yerə dırmaşır".
Söhbətimizin sonunda isə İbrahim dayıdan icazə alıb təriflədiyi “Muravey”ini sürürük.

Azərbaycanın ən bahalı maşını Maştağadadır

Kənddə olarkən öyrənirik ki, Azərbaycanda ən bahalı maşın Maştağadadır. Kənd sakinləri yol göstərərək bizi “Xonxar məhəlləsi”nə yollayırlar. Bura gəlmə səbəbimiz həmin bahalı maşını tapmaqdır. Məhəllənin girəcəyində daşlar üzərində güclə duran, sınıq-salxaq, 40-50-ci illərə aid maşının üzərində “ 600 min manata satılır” elanını görcək əvvəlcə gülürük. Sonra isə elandakı telefon nömrəsinə zəng vuraraq maşın sahibi ilə görüşüb söhbətləşmək istəyirik. Lakin bu cəhdimiz alınmır. Qonşuluqdakı mağazada çalışan Nicat bizə bu maşın barədə məlumat verir. O deyir ki, bu qədim maşın vaxtı ilə Kremldəki yüksək vəzifəlilərdən birinin xidməti avtomobili olub. “Qaz” markalı avtomobilin bu modelindən cəmi iki ədəd buraxılıb. Onlardan biri hazırda Moskvadakı muzeylərdən birində saxlanılır. Onun qiyməti 800 min dollara yaxındır. İkincisi isə Maştağa kəndindədir. Nicat deyir ki, bir neçə dəfə almanlar kəndə gələrək bu avtomobil ilə yaxından maraqlanıblar. Hətta söz-söhbət gəzir ki, maşının yiyəsinə təzə “Mercedes” təklif ediblər. Amma o, bu köhnə maşını verməkdən imtina edib.
Beləliklə, Bakının daha bir kəndinə baş çəkdik və qısa qeydlərlə də olsa, kəndin tarixini, bu gününü qələmə aldıq. Gələn həftə başqa bir kənddə, başqa qeydlər və fotolarla görüşmək ümidi ilə...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR