İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qlobal məkrli oyun", "kütləvi çipləşdirmə" nağıllarını kim uydurur - informasiya savaşının çarpaz atəşi...

3102 26.06.2020 15:55 Yazarlar A A

Bu iki dövlətin amansız rəqabətinin, açıq düşmənçilyinin ən azı 75 illik tarixi var.

Əslində ABŞ və Rusiya öz düşmənçiliklərinə 100 il əvvəl, bolşevizmin Rusiyada qalib gəlməsi ilə başlayıblar. Amma 1920-ci ildən ta 1945-ci ilə qədər onların arasındakı münasibətlər enişli-yoxuşlu olub, arada hətta faşist Almaniyasına qarşı təbii və zorən müttəfiqə çevriliblər.

1945-ci ildən sonra, Uinston Çörçillin həlledici ideoloqluğu ilə ABŞ-la SSRİ adlanan rus dövlətinin münasibətləri kəskin rəqabət, qatı düşmənçilik müstəvisində davam edib.

SSRİ dağılana qədər yüksələn xətt üzrə inkişafda olan düşmənçilik zamanı Koreya, Vyetnam, Laos, Kamboca, Çili, Suriya, İraq, Nikaraqua, Əfqanıstan və sair üçüncü dünya ölkələrinin milyonlarla əhalisi qurban gedib, yüzlərlə casusun başı yeyilib, minlərlə diplomat “arzuedilməz şəxs” elan olunub, hər iki tərəfdən on minlərlə əsgər cəngəlliklərdə, səhralarda həlak olub.
Bir çox ölkələrdə ABŞ xüsusi xidmət orqanları SSRİ tərəfdarı olan dövlət başçısını devirib, bir xeylisində isə SSRİ kəşfiyyatçıları eyni motivlə dövlət çevrilişi həyata keçiriblər.

II Dünya Soyuq Müharibəsi –

Sonda, 1989-91-ci illərdə “soyuq müharibə”ni SSRİ, Rusiya uduzub. Dünyanın ən böyük imperiyası dağılıb, ABŞ müvəqqəti olaraq rahat nəfəs alıb – təxminən 9 il.

2000-ci ildən sonra , əski kəşfiyyatçı Putinin hakimiyyətə gəlməsi ilə ABŞ-Rusiya düşmənçiliyi yenidən yüksələn xətt üzrə inkişaf edir. Son illərdə bizə 1980-85-ci illərdən (bu dövr iki dövlət arasındakı düşmənçiliyin ən pik dövrüdür) tanış olan ritorika yenidən bərpa olunub: “Amansız imperialist dünyası”, “qlobal mafiya şəbəkəsi”, “dünya hegemonluğuna can atan ABŞ və əlaltıları”, “istismarçı kapitalist quruluşu” və s.

Heç ABŞ tərəfi də dinc oturmur, onun da Rusiyaya yapışdırdığı yarlıqlar var: “Xalqlar həbsxanası”, “şər imperiyası”, “dünyada diktatura rejimlərinin əsas himayədarı”, “insan azadlığı və hüquqlarını tapdayan”, “qonşu dövlətlərə qarşı mürtəce planlar hazırlayan” və sair və ilaxır.

Ən pisi odur ki, bir-birinə mənfur damğalar vuran tərəflərin ikisi də haqlıdır, ikisi də düz deyir. Onlar bir-birini bəşəriyyətin gələcəyi üçün təhlükə hesab edərkən səmimi və dürüstdürlər. Gerçəkdən bu dövlətlərin ikisi də bəşər əhli üçün təhlükə mənbəyidir.

Bu iki pisdən hansının daha az pis olduğu mübahisəlidir.

Hər iki dövlətin düşmənçilik münasibətlərinin koronavirus pandemiyası dövründə belə yumşalmaması, hətta daha da gərginləşməsi göz önündədir.

Soyuq müharibə” qapıda: “Azərbaycanın bircə yolu qalır, o da ...

Koronavirusun “qlobal güclərin məkrli oyunu”, “masonların işi”, “ABŞ-ın antibəşəri planının tərkib hissəsi” olması, “dünya əhalisinin sayının bir neçə milyard azaldılması planı” və s. barədə söz-söhbətlər də məhz ABŞ və Rusiya arasındakı düşmənçilikdən qaynaqlanır.

Müxtəlif internet resurslarında, sosial şəbəkələrdə, informasiya yayıla biləcək bütün platformalarda müvafiq materialların – videoların, səs yazılarının, fərdi mesajların dolub-daşması boşuna deyil. Bütün bunları təşkil edənlər var.

Həmin materialların dilinə baxsaq, əksəriyyətinin rusca olduğunu, rusdilli resurslarda yayıldığını görərik.

Rusiyalı piarçılar israrla region ölkələrində bu cür materialları yayıb tirajlamaqla “soyuq müharibə”nin ikinci hissəsində ABŞ-ı, Qərb dünyasını diskreditasiya etməyə çalışırlar.

Hazırda dünya dövlətləri arasında informasiya savaşı üçün ən çox potensial, qüvvə, vəsait sərd edən ölkə Rusiyadır. Bundan ötrü Rusiyanın nüfuz edə biləcəyi ölkələrin hamısında sırf Kremldən idarə olunan informasiya agentlikləri, media qurumları yaradılıb və onlar gecə-gündüz yerli əhaliyə təbliğat materialları üfürürlər. Rusiyalı hakerlər artıq ABŞ və Avropa dövlətləri üçün kabusa çevrilib.

Kreml başbilənləri hesab edirlər ki, SSRİ 30 il əvvəl ABŞ-a məhz informasiya müharibəsində uduzub. Ona görə də indi tarixi revanş ilk növbədə bu müstəvidə alınmalıdır. Məqsəd ABŞ-ın və ona yaxın olan dövlətləri tam etibarsızlaşdırmaq, onların belinə “bəşər əhlinin düşmənləri” etiketi yapışdırmaqdır.

Tərs kimi, dünyanın bir çox dövlətlərində (müsəlman ölkələrində, Çində, Koreyada, Kubada, Venesuealada, Nikaraquada və s.) ABŞ barədə deyilən istənilən mənfi səciyyəli söhbətlərə inanan yüz milyonlarla insan var.

Bu baxımdan internet resurslarında, mobil və stasionar cihazlar vasitəsinə yayılan şayiə və dezinformasiya xarakterli materialları ciddiyə almaq, ürəyə salmaq olmaz.

Bütün dünyanı silkələyən iddia: Koronavirus insanlara çip ...

Kimlərsə o tərəfdə informasiya müharibəsi aparacaq, bu yolla özü üçün dünya ağalığı davası edəcək, nüfuz dairəsini genişləndirəcək, nəticədə biz burada kütləvi stress keçirib, depressiyaya düşəcəyik.

Bu məsələlərə bu prizmadan yanaşmaq lazımdır. Ortada olan söz-söhbətlərin tam əksəriyyəti manipulyasiya məqsədi daşıyır, qara PR-dır, cəfəngiyyatdır.

Ən pisi odur ki, bu sayaq söhbətlərə ən çox üçdən az kitab oxuyanlar və ümumiyyətlə, sosial şəbəkə mesajından başqa heç nə oxumayanlar inanır. Hər gün 3 dildə, 7-8 mənbədən yüz cür materiallarla tanış olan şəxslər isə küləyin hansı istiqamətdən əsdiyini bilirlər.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR