İnsanlara hürriyət, millətlərə istiqlal!

Qlobal bazardakı 14 faizə yaxın ucuzlaşmadan bizə niyə pay düşməyib; inhisarçı şirkətlərin “hədiyyəsi”...

731 16.01.2024 13:28 İqtisadiyyat A A

 

Dövlət Statistika Komitəsi 2023-cü il üzrə Azərbaycanda inflyasiya səviyyəsini açıqlayıb. Komitədən “Yeni Müsavat”a verilən məlumata görə, 2023-cü ildə istehlak qiymətləri indeksi 2022-ci illə müqayisədə 8,8 faiz artıb. İl ərzində ərzaq məhsulları, içkilər və tütün məmulatları 9,6 faiz, qeyri-ərzaq məhsulları 8,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər 8,2 faiz bahalaşıb. İl ərzində ən çox bahalaşma 9,8 faiz olmaqla ərzaq məhsullarında qeydə alınıb.

2023-cü ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,5 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 2,1 faiz artıb. Ay ərzində ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,0 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 0,8 faiz bahalaşıb.

Komitə deyir ki, ötən ilin dekabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma yumru düyünün, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, zeytun yağının, narın, naringinin, üzümün, heyvanın, xurmanın, almanın, bananın, qozun, fındığın, xiyarın, pomidorun, sarımsağın, soğanın, balqabağın, limonadın, ucuzlaşma isə əsasən qarabaşaq və manna yarmasının, çörəyin, mal və qoyun ətinin, kəsmiyin, süfrə marqarininin, qarğıdalı və günəbaxan yağlarının, portağalın, limonun, kələmin, yerkökünün, çuğundurun, kartofun, şəkər tozunun qiymətlərində müşahidə olunub.

Maraqlıdır ki, yumurta istehsalçıları dekabrın 29-da açıqlama yayaraq yumurtanın qiymətində hər hansı bahalaşmaya getmədiklərini bildiriblər. Eyni zamanda Azərbaycanda nə mal, nə də qoyun ətinin qiymətində bir qəpik də olsa, ucuzlaşma baş verməyib. Lakin rəsmi statistika həm noyabr, həm də dekabr aylarında bu məhsulların ucuzlaşdığına dair məlumat yayıb. Bu isə açıqlanan inflyasiya səviyyəsinə dair rəqəmlərin mötəbərliyini ciddi sual altına alır...

Komitənin məlumatına əsasən, 2023-cü ilin dekabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən dəyişməyib, əvvəlki ilin dekabr ayına nisbətən 2,7 faiz artıb. 2023-cü ilin dekabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi isə əvvəlki aya nisbətən 0,1 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 3,7 faiz yüksəlib. Dekabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən taksi nəqliyyatı ilə şəhərdaxili sərnişindaşıma xidmətlərinin və istirahət turlarının qiymətlərində, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Rəsmi statistikadan görünür ki, ötən il Azərbaycanda ən yüksək bahalaşma ərzaq məhsullarında on faizə yaxın olmaqla qeydə alınıb. Halbuki qlobal ərzaq qiymətlərində bundan iki dəfəyə yaxın azalma müşahidə olunub. Bunu BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının hesablamalarından aydın görmək olur. Belə ki, 2023-cü ilin dekabr ayında FAO-nun Ərzaq Qiymətləri İndeksi (FPPI) noyabr ayı səviyyəsindən 1,8 bənd (1,5 faiz) aşağı olmaqla 118,5 bənd təşkil edib. Təşkilat bildirir ki, ay ərzində süd məhsulları və taxıl qiymətləri indekslərindəki artımlar şəkər, bitki yağları və ət indekslərinin ucuzlaşması ilə kompensasiya edilib. Beləliklə, qlobal ərzaq qiymətləri indeksi əvvəlki ilin müvafiq səviyyəsindən 13,3 bənd (10,1 faiz) aşağı olub. 2023-cü ilin sonunda indeksin ümumi dəyəri 124,0 bənd təşkil edib ki, bu da 2022-ci ilin orta göstəricisindən 19,7 bənd (13,7 faiz) aşağıdır.

Dekabrda FAO Taxıl Qiymətləri İndeksi orta hesabla 122,8 bənd təşkil edib ki, bu da noyabr ayına nisbətən 1,8 bənd (1,5 faiz) yüksək, lakin 2022-ci ilin dekabrında qeydə alınan müvafiq səviyyədən hələ də 24,4 bənd (16,6 faiz) aşağıdır. Bir sıra əsas ixracatçı ölkələrin logistika sistemlərində hava şəraiti ilə bağlı problemlər və Qara dəniz regionunda yaranan gərginlik nəticəsində, güclü tələb fonunda dekabr ayında dörd ay dalbadal ucuzlaşan buğda ixracı qiymətlərində artım müşahidə olunub. Dekabr ayında düyü qiymət indeksi noyabr ayı səviyyəsindən 1,6 faiz artıb. Ümumilikdə 2023-cü ildə qlobal düyü qiymətləri əvvəlki mövsümlə müqayisədə 21 faiz yüksəlib. Bu, ilk növbədə düyü məhsuldarlığının azalmasına səbəb olan El Nino cərəyanı və Hindistanın tətbiq etdiyi ixrac məhdudiyyətlərinin nəticələri ilə əlaqədardır. 

Bütövlükdə 2023-cü ilin sonunda FAO Taxıl Qiymətləri İndeksi 130,9 bənd təşkil edib ki, bu da 2022-ci il üçün rekord yüksək illik orta göstəricidən 23,8 bənd (15,4 faiz) aşağı olub. FAO bildirir ki, təklif bolluğu şəraitində bu il də taxıl qiymətlərində azalma davam edəcək.

FAO Bitki Yağı Qiymətləri İndeksi dekabrda orta hesabla 122,4 bənd təşkil edib ki, bu da noyabrda qısamüddətli artımdan sonra 1,7 bənd (1,4 faiz) azalma deməkdir. Əsas istehsalçı ölkələrdə istehsalın mövsümi azalmasına baxmayaraq, qeydə alınan bu azalma aparıcı idxalçıların alış həcmlərinin azalması fonunda palma, soya, kolza və günəbaxan yağlarının dünya qiymətlərinin aşağı düşməsini əks etdirir. Bütövlükdə 2023-cü ilin sonunda qlobal səviyyədə təklifin artması fonunda FAO Bitki Yağı Qiymətləri İndeksinin dəyəri 126,3 bənd təşkil edib ki, bu da əvvəlki göstəricidən xeyli aşağıdır (61,5 bənd və ya 32,7 faiz). 

FAO Süd Məhsullarının Qiymətləri İndeksinin orta dəyəri dekabrda 116,1 bənd təşkil edib ki, bu da noyabr göstəricisindən 1,9 bənd (1,6 faiz) çoxdur. Beləliklə, bu indeksin artımı ardıcıl üçüncü aydır ki, davam edir. Lakin yenə də onun dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,2 bənd (16,1 faiz) aşağı olub. Dekabrda bu indeksin dəyərinin artması ilk növbədə kərə yağı, tam süd tozu və pendirin kotirovkalarının artması ilə əlaqədardır. Kərə yağı və pendirin dünya qiymətləri əsasən regionda süd istehsalının mövsümi artımına baxmayaraq, bazar təklifinin daha da azalması fonunda bayramlar ərəfəsində Qərbi Avropada daxili tələbatın güclü olması səbəbindən artıb. Bundan əlavə, Yaxın Şərqdən artan idxal tələbi də pendir qiymətlərinin artmasına səbəb olub. Bütövlükdə 2023-cü ilin sonunda FAO Süd Məhsullarının Qiymətləri İndeksinin orta dəyəri 118,8 bənd təşkil edib ki, bu da 2022-ci ilin orta göstəricisindən 23,6 bənd (16,6 faiz) aşağıdır: bu tendensiya idxal tələbinin, xüsusən də yerində zəif olması ilə əlaqədar olub. 

FAO-nun orta Ət Qiyməti İndeksi dekabrda 110,4 bənd təşkil edib ki, bu da noyabr ayı göstəricisindən 1,1 bənd (1,0 faiz), keçən ilin müvafiq göstəricisindən 2,0 bənd (1,8 faiz) aşağıdır. Qlobal donuz əti qiymətləri dekabr ayında bəzi ixracatçı ölkələrdə mövsümi olaraq daha yüksək daxili satışlara baxmayaraq, Asiya ölkələrindən gələn zəif idxal tələbi ilə azalıb. Bu arada, mal və quş ətinin qiymətləri də Asiyadan zəif istehlak tələbi və əsas istehsalçı regionlardan əhəmiyyətli ixrac təklifi nəticəsində azalıb. Bunun əksinə olaraq, iki aylıq davamlı enişdən sonra quzu ətinin qiymətləri yüksəlib, bu da bayram mövsümü ərəfəsində daha güclü tələbat və fermerlərin son yağışlar sayəsində mal-qaranın sayını azaltmaq ehtimalının az olduğu Okeaniyada kəsim heyvanlarının tədarükünün azalması ilə əlaqədardır. Bütövlükdə 2023-cü ilin sonunda FAO Ət Qiymətləri İndeksinin orta dəyəri 114,6 bənd təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 4,2 bənd (3,5 faiz) aşağıdır: bu, aparıcı ixracatçı regionlarda ixrac imkanlarının artması ilə əlaqədardır. Əsas ət idxal edən ölkələrdən qlobal tələbatın zəifləməsi və mal, quş və quzu ətinin orta illik qiymət səviyyəsinin azalmasının əksidir və donuz ətinin orta qiymət səviyyəsinin artması ilə qismən kompensasiya edilir.

FAO Şəkər Qiymət İndeksi dekabr ayında orta hesabla 134,6 bənd təşkil edərək, noyabr ayı ilə müqayisədə 26,8 bənd (16,6 faiz) aşağı düşüb və son doqquz ayın ən aşağı səviyyəsinə çatıb, lakin ötən ilin müvafiq dövrü ilə müqayisədə yenə də 17,5 bənd (14,9 faiz) yüksəkdir. Dekabr ayında qlobal şəkər qiymətlərində qeydə alınan kəskin eniş əsasən Braziliyada əlverişli hava şəraiti ilə dəstəklənən güclü hasilatdan irəli gəlir. Braziliyadan güclü ixrac və etanol satışından əldə edilən aşağı gəlir dünya şəkər qiymətlərinin ümumi azalmasına səbəb olub. Üstəlik, Hindistan hökumətinin cari mövsümdə etanol istehsalı üçün şəkər qamışının istifadəsini məhdudlaşdırmaq qərarı qiymətlərin enməsinə daha da təsir edib. Bütövlükdə 2023-cü ilin sonunda FAO Şəkər Qiyməti İndeksinin orta dəyəri 145 bənd təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 30,6 bənd (26,7 faiz) yüksəkdir və 2011-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. 

Azərbaycanda qlobal bazarlardan fərqli prosesin getməsi, qiymətlərin bahalaşmağa davam etməsi bilavasitə inhisarçı şirkətlərin fəaliyyəti ilə bağlıdır. Ötən il hökumət inflyasiyaya, xüsusilə ərzaq qiymətlərinə təsir göstərən amillərin qiymətləndirilməsi, subyektivliyin aradan qaldırılması ilə məşğul olmaq üçün xüsusi qrup formalaşdırdı. İşçi qrupun fəaliyyəti ilə bağlı hansısa rəsmi məlumat açıqlanmayıb, lakin görünən odur ki, bu fəaliyyət inflyasiyanı tətikləyən əsas səbəbi - inhisarçılığı aradan qaldırmağa gətirib çıxarmayıb. İnflyasiya sahəsində diqqəti cəlb edən əsas məqam reallıqda hər hansı ucuzlaşma qeydə alınmayan məhsulların (məsələn, mal və quzu əti kimi) qiymətində “ucuzlaşma” rəsmiləşdirilməklə inflyasiya səviyyəsinin 10 faizdən aşağı salınmasıdır. 

Yeri gəlmişkən, Azərbaycan İqtisadiyyat Nazirliyi 2023-cü ilin yekunları üzrə orta illik inflyasiyanı 9,5 faiz proqnozlaşdırmışdı. 

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR