İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızmış qırxıqbaşların yetişən sezonu

2545 31.03.2024 10:45 Yazarlar A A

 İlk yayınlama saatı - 08.00

***

3-4 il qabaq Çində uyğurlar növbəti dəfə incidiləndə eynilə bizim kimi Anadolu türkləri də hiddətlənmişdi və İstanbulun mərkəzində basıb uyğurları döymüşdülər. Çinlilərlə səhv salmışdılar. Çünki Çindəki uyğurlarla qeyr-uyğurlar bir-birinə çox oxşayırlar. Özləri bir-birini asanca ayırır, amma kənar adamlar fərqlilikdən çox oxşarlıq görürlər.

Ona qalsa çoxumuz kambocalılarla vyetnamlıları, filippinliləri, malayları, laosluları, tayları bir-birindən ayıra bilmirik, amma onlar özləri bir baxışdan bilirlər ki, qarşılarındakı hara maralıdır. Hətta Koreya yarımadasının şimalında yaşayanlarla cənubunda yaşayanları da fərqləndirmək mümkündür. Halbuki bir millət-iki dövlətdirlər.

Odur ki, İstanbulda uyğurların çinlilərin əvəzinə döyülməsi hadisəsi anlayışla qarşılandı. Allahdan, davamlı olmadı. Hərçənd türk qardaşlarımız yumruqlarını düyərək soy-kök qardaşlarımızın üstünə cumarkən bircə kəlmə “hanki millətdənsiz” deyə soruşsalar, uyğurlar, əl-əlbət, 5 qrupa ayrılan Altay dillərinin birində “biz uyğuruz, abi” deyəcəkdilər, məsələ bitəcəkdi.

Budur, “Krokus”dakı terror aktından sonra Rusiyada Mərkəzi Asiyadan olan miqrantlara münasibət dəyişib. “Dəyişib” deyəndə, onlar heç əvvəlcədən baş tacı edilməmişdilər, düz-əməlli, sevgi dolu münasibət yox idi, amma indi daha da pisləşib. Terror aktını törədən tacik millətindən olan şəxslərdir, amma qırğızlar, özbəklər, qazaxlar, türkmənlər də hədəf halına gəliblər. Hələ bunun qaraqalpaqları, naymanları, xakasları, xantıları, mansıları, nə bilim, noğayları, başqırdları, tatarları var. Namxuda, hamısı da bir-birinin bənzəridir.

Xalqların bir-birinə oxşaması və ya kənar adamlara elə görünməsi barədə belə bir lətifə var: gürcü, erməni və azərbaycanlı otelin liftinə minirlər, liftdə bir neçə yapon da olur. Qafqazlılar düşüb gedəndən sonra yaponların biri deyir ki, bu ruslar necə də bir-birinə oxşayır.

Əslində dünənə qədər taciklər qürur duya-duya deyirdilər ki, onların antropoloji quruluşları, gözləri, ağız-burunları Mərkəzi Asiyanın digər xalqlarından çox fərqlənir, çünki onlar ari irqindəndirlər, türk dünyasına aidiyyətləri yoxdur. Amma indi məlum olur ki, regionda elə bir qaynayıb-qarışma prosesi gedib ki, taciklərlə, məsələn, özbəklər bir-birindən seçilməz hala gəlib.

Zatən, lap sovet dövründən ruslar üçün asiyalıların fərqi yox idi, hamısına “çurki” və başqa bir söz (gözlə bağlı) deyirdilər, ta burada yazılası deyil.

İndi də hamısını bir-birinə qatıblar. Allah bilir, bu saat Rusiyada nə qədər qaraqalpaq qara qalpaqlarını, yəni papaqlarını gözlərinin üstünə basıb, gün eynəyi taxıb küçəyə çıxır ki, qıraqdan asiyalıya oxşamasın. Rəng və boy fərqini necə edəcəklər, bilinmir. Slavyanlar caydaqdır axı. Orta statistik slavyanlarla asiyalıların arasında yarım metrə yaxın boy fərqi var. Salamatı ara sakitləşincəyə qədər evdən çıxmamaqdır. Qızmış qırxıqbaşların qabağında durmaq çətindir. Onların sezonu yenidən gəlib.

Düzdür, indi, oxumuş adamlar demişkən, ksenofobiyanın şiddətlənməsinə görə rusları qınamaq olar, amma onların yerində kim olsa, elə olardı. Kütləvi can qorxusu pis şeydir. Bir aralar, yadınızdadırsa, özcə paytaxtımızda əllərində çoxlu xırdavat gəzdirən, “üs manat, bes manat” deyə-deyə onları xırıd eləmək istəyən çinlilər vardı, günü-gündən də çoxalırdılar. Bir dəfə “Sədərək” bazarında öz yerlilərini girov götürmüşdülər. Deyəsən, buranın kriminogen aləminə inteqrasiya etmək istəyirdilər. Hökumət gördü ki, belə davam eləsə, ölkədə eynilə Nyu-Yorkdakı kimi Çin mafiyası əmələ gələcək, hamısını perikdirdi. İndi küçədə adamın gözünə çinli dəymir.

Bu mərəkədə olan qırğızlara olacaq. Psixoloji baxımdan. Çünki onlar zatən taciklərlə intriqalıdırlar, arada sərhəddə atışırlar da. İndi Rusiyada taciklərin yerinə döyülsələr, pislərinə gələcək. Bu, qəbahət işləmiş ermənilərin yerinə azərbaycanlıların döyülməsi (və ya əksinə) kimi bir şey olar.

Bizimkilər də gərək şimal ellərində ehtiyatlı olsunlar. Çünki taciklərlə daha çox oxşarıq və “çujoy poxmel getmək” söhbəti Rusiyada həmişə aktual olub.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR