İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızmar Günəş altında işləyənlər - “Pulsuzluq istidən daha pisdir” - Fotolar

2667 09.08.2017 21:58 Reportaj A A

Son günlər Bakıda havanın temperaturu xeyli yüksəlib. Kölgədə havanın temperaturu 40 dərəcəni keçir. Bununla bağlı sosial şəbəkədə də xeyli sayda paylaşımlar edilib və günün altında hətta 45 dərəcəyə qalxan temperatur qeyd olunub. Məsələ ilə bağlı rəsmi məlumatda da bildirilib ki, son günlər Bakıda iqlim normasından yüksək temperatur müşahidə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova APA-ya bildirib ki, avqustun 8-də Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 4 dərəcə yüksək olub: “2015-2016-cı illərdə də belə isti hava şəraiti qeydə alınıb. Bakı və Abşeron yarımadasında temperatur 40-41 dərəcə olub. Bu gün paytaxtda havanın temperaturunun 35-40°, bəzi yerlərdə 42°, bölgələrdə 35-40°, Naxçıvan və Mərkəzi Aran rayonlarının bəzi ərazilərində 42-43, dağlıq ərazilərdə 30-34° isti olacağı gözlənilir. Əgər bu gün Bakı və Abşeronda 42 dərəcə temperatur qeydə alınarsa, o zaman rekord yenilənə bilər”, mütəxəssis bildirib.

Lakin havaların isti keçməsinə baxmayaraq paytaxt ərazisində yüzlərlə adam günün altında öz gündəlik işlərinə davam edirlər. Günəş altında çalışanlar daha çox küçədə pərakəndə satışla məşğul olanlar (onların əksəriyyəti yaşlılardır), fəhlələr, o cümlədən sürücülərdir.

Paytaxt ərazisində gəzib, onlarla söhbət etdik. 75 yaşlı Maral nənə bildirdi ki, istiyə soyuğa baxmadan hər gün işləmək məcburiyyətində qalır:
“Dolanışıq üçün istiyə baxmadan işləyirəm. Səhər tezdən kürəkənim şəhərə, Zirədən bir neçə kiloqram tərəvəz alıb, şəhərdə satıram. İsti nəfəsimi kəssə də başqa yolum yoxdur. Malı da sabaha saxlasam xarab olacaq. Ona görə də isti-soyuq demədən hər gün 12-15 saat işləyirəm”.

İsti havalarda stəkanı 20 qəpiyə su satanların alveri yavər getsə də özləri istidən şikayətlənirlər. Onlar da bildirirlər ki, başqa yolları yoxdur.

Gəncdirlər və işləməlidirlər:
“Qazancımız qəpik-quruş olsa da yenə də puldur də. Evdə otursaq kimdir bizə gətirib pul verən. Bir neçə manat da olsa qazancımız olur. İstidə çətindir, ancaq pulsuzluq ondan da çətindir...”

İsti havada küçədə kiçik piştaxtaların üzərində tərəvəz, meyvə və ya geyim satanlara da rast gəlmək olur. Onların bəziləri çətir quraraq, altında əyləşiblər. Günvurmanın qarşısını almaq üçün ara-sıra əllərindəki su qabından başlarına, üzlərinə su tökürlər. Beləcə özlərini istidən qoruyurlar. Müşahidə etdik ki, bəziləri isə piştaxtanı qoyub, kənarda özünü kölgəliyə verməklə, canlarını qoruyurlar.
İsti havada tikinti aparılan ərazilərdə işlər dayanmayıb. Fəhlələr, ustalar şəhərdə tikilən binanın mərtəbələrində öz gündəlik işləri ilə məşğuldurlar. Onlarla söhbətimiz zamanı bildirdilər ki, isti havada yuxarı mərtəbələrdə işləmirlər. Ancaq aşağıda işlərini davam etdirirlər.
Bəs əslində necə olmalıdır?

Bir çox Avropa ölkələrində bu cür anomal hava şəraitində işlər dayanır. Bir çox ölkələrdə belə havalarda xüsusi qrafik də tətbiq olunur. Məsələn, günə 9-da yox, 7-də başlayırlar və günorta saatlarına qədər işləyirlər. Daha sonra fasiləyə çıxıb, işin davamını isə Günəşin təsiri azaldıqdan sonra görürlər.

Bu məsələ Azərbaycan qanunverciliyində də öz əksini tapıb. Belə ki, Azərbaycanda əmək qanunvericiliyinə görə, kölgədə temperatur müsbət 41 dərəcəyə çatarsa, iş dayanmalıdır: “İşçilər havanın temperaturu 41 dərəcə selsidən çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcə Selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara bu maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır. İşçilərə sərinləmək üçün şərait yaradılmalıdır. İşin dayandırılması və fasilələrin verilməsi habelə fasilələrin sayının və müddətini işəgötürənlə həmkarlar ittifaqının birgə qərarı əsasında həyata keçirilir.

Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir. İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir”, deyə qanunvericilikdə qeyd olunur.

 

 

Əli Rais

Musavat.com

Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR