İnsanlara hürriyət, millətlərə istiqlal!

Qiymətlər qalxdıqca ərzağın keyfiyyəti düşür...

1280 07.11.2016 10:40 İqtisadiyyat A A
Hazırda Azərbaycanın ərzaq bazarındakı problem təkcə məhsulların qiymətinin sürətlə qalxması yox, həm də buna tərs mütənasib olaraq keyfiyyətin düşməsidir. Bunu iqtisadiyyatda analoqu olmayan hadisə də hesab etmək olar. 

Bir qayda olaraq bahalaşma keyfiyyətin artmasına gətirib çıxartsa da, indi azalması ilə müşahidə olunur. Və ya sənaye üsulu ilə qablaşdırılan bəzi məhsullarda bahalaşma ilə yanaşı, məhsulun çəkisinin də azaldığının şahidi olunur. Bunun bir səbəbi də qiymətlər üzərində inzibati nəzarətin olmasıdır. Qiymət artımları dolların bahalaşmasına adekvat olmadığı üçün sahibkarlar zərəri məhsulun keyfiyyətini və ya çəkisini azaltmaqla kompensasiya edirlər. 

Bəs, görəsən hazırda bazarlarda müşahidə olunan durum vətəndaşları nə dərəcədə narahat edir? Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əhalidə daha çox kənd təsərrüfatı məhsullarının keyfiyyəti ilə bağlı narahatlıq var: “Hər gün bizə bununla bağlı 8-10 istehlakçı zəngi gəlir. O zənglər əsasında istehlakçıların fikirlərini ümumiləşdirib onu deyə bilərəm ki, belə bir proses gedir. Azad bazar iqtisadiyyatıdır, əgər bolluq yoxdursa, Kənd Təsərrüfatı Nazirliyini işçiləri yalnız şənbə-bazar günləri yarmarkalarda qiymət tənzimləməklə məşğul olursa, bazarda bolluğu təmin etmirsə, belə bir şəraitdə, təbii ki, istehsalçı məhsulun keyfiyyətini də, çəkisini də aşağı salacaq. Ümumiyyətlə, Azərbaycan istehlakçısı qazancının 20 faizini aldanmaya xərcləyir. Hər gün o, bazarda çəkidə və keyfiyyətdə aldadılır. Bu şəraitdə keyfiyyət azalması gözləniləndir. Mən bu il Bakı bazarlarında monitorinq apardım və məlum oldu ki, qarpıza vurulan dərmanın miqdarı iki dəfə artıqdır. Mən bunu xüsusi cihazla ölçdüm. Bazarda təbii qarpız tapılmadı. Nəticədə insanların tədrici zəhərlənməsi baş verir. Kənd Təsərrüfatı Nazirliyi hara baxır?”

Sənaye istehsalı olan ərzaq məhsullarının keyfiyyətinə gəlincə, Eyyub Hüseynov bildirdi ki, hazırda bəzi məhsullarda keyfiyyət azalmaları hiss olunur bunun səbəbi aidiyyəti dövlət qurumlarının işinin yetərsiz olmasıdır: “Sənaye məhsullarının keyfiyyətində  da problem var. Çörəyin, un məhsullarının, süd  məhsullarının, suyun keyfiyyətinin aşağı düşdüyü hiss olunur. Spirtli içkilərin əksəriyyətinin isə, ümumiyyətlə, keyfiyyəti çox aşağıdır. Görün, vəziyyət nə həddə çatıb ki, 2001-ci ildə satışı qadağan olunan filtrsiz siqaretlərin satışına icazə və gigiyenik sertifikat verilib. Şəkidə bu gün ”Karvan" və “Şəki” adlı siqaretlər buraxılır və buna icazə verilib. Azərbaycanda xəstəliklərin azaldılması, insanların sağlamlığının qorunması istiqamətində dövlət proqramları qəbul olunsa da, reallıqda proses bunun əksinə gedir. Xaricdən gətirilən məhsullar da keyfiyyətli deyil. Çünki Azərbaycan biznesmenləri gedib harada ucuz və keyfiyyətsiz məhsul varsa, onu alıb gətirir". 

Ekspertin sözlərinə görə, dünya bazarında neft bahalaşarsa, bu da ərzaq məhsullarının qiymətinin artmasında rol oynayacaq: “Ərzaq məhsulları son günlər daha da bahalaşıb. Çünki insanların bu məhsullara gündəlik tələbatı var. Biz digər iqtisadçılardan fərqli olaraq, neftin ucuz olmasını arzulayırıq. Çünki bu halda məhsulların istehsal xərcləri də aşağı olur. Ancaq hazırda hamı neftin qiymətinin qalxması üçün baş sındırır. 2008-ci ildə dünya iqtisadiyyatında böhran baş verəndə, Azərbaycanda bu baş vermədi. Çünki o zaman Azərbaycan dünya bazarına tam inteqrasiya etməmişdi. İndi isə müəyyən qədər inteqrasiya edib. Dünya bazarında nəyinsə qiyməti qalxanda Azərbaycanda da qalxır, amma enəndə enmir. Bu isə o deməkdir ki, ölkə başçısının da dediyi kimi, bazarda monopoliya, sövdələşmələr var. İqtisadiyyat Nazirliyi  bunun qarşısını almağa qadir deyil”. 

Nərgiz LİFTYEVA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR