Qiymət artımı kütləvi etirazlara səbəb olacaqmı?
Manatın “ölməsi” və ölkədə son qiymət artımı sosial narazılıqlara səbəb olmaqdadır. Lakin narazılıqlar hələlik özünü məişət zəminində büruzə verir.
Prinsipcə, ölkədə qiymət artımı aclıq həddində olan cəmiyyətdə sosial partlayışa səbəb olmalı idi. Ən azından müxalifət dərhal, vaxt itirmədən sosial tələblərlə küçə və meydanlara axışmalı, protest elektoratını “sıravi vətəndaşın kəfən pulunu əlindən almağa hazırlaşan” iqtidara qarşı irimiqyaslı aksiyalara başlamalı idi. Sağlam məntiq bunu tələb edirdi. Azərbaycanda isə bu baş vermədi. Görünən budur ki, siyasətçilər üçün xalq amili mövcud deyil. Lakin hiss olunur ki, Azərbaycanın əksər siyasi qüvvələri artıq parlament seçkilərinə hazırlaşır. Kimlərsə cırtdan partiyalar təsis edir, kimlərsə fraksiyaların vacibliyindən danışır, kimlərsə artıq indidən seçkinin taleyini həll edəcək “əsas seçici”yə çıxış axtarır.
Aparıcı partiyalarda mərkəzdənqaçma tendensiyaları baş verir. Bir sözlə, seçkiyə hazırlıq gedir, lakin xalqın rəyini heç kəs nəzərə almaq belə istəmir.
Kənardan görünən odur ki, qarşıdan gələn parlament seçkiləri əsasən müxtəlif oliqarxlar arasında gedəcək. Belə olan vəziyyətdə seçkinin nəticələri də şübhə doğura bilər. Ümumiyyətlə, son illər keçirilən bütün seçkilərin nəticələri böyük şübhə doğurub. Azərbaycanda bircə dəfə də hamının etibar etdiyi seçkilər keçirtməyib.
Qərbin artan təzyiqlərinə də bel bağlamaq düz olmazdı. Qərb də gənc Azərbaycan demokratiyasını qoruya bilməyib. 2015-ci ildə Azərbaycanda keçiriləcək parlament seçkilərində də oxşar vəziyyətin təkrarlanacağı istisna edilmir.
Əslində, bir az geniş bucaqdan baxanda, analoji siyasi mənzərəni postsovet məkanındakı ölkələrin əksəriyyətində görmək mümkündür. Düzdür, əksər ölkələrdə demokratik seçkilər keçirilir, lakin klassik siyasətçilər məğlubiyyətə uğrayırlar.
Nə baş verir? Liberal düşüncəli insanların bu cür genişmiqyaslı iflasının səbəb nədir? Bəzi analitiklər bunu liberal ideyaların böhranı kimi dəyərləndirirlər, amma məsələyə təkcə bu rakursdan yanaşmaq düzgün deyil.
Əsas səbəb siyasi böhranda və geosiyasi maraqlardadır. Postsovet məkanında sağ ideyaların daşıyıcısı olan siyasi fiqurların demək olar ki, mühüm bir hissəsi cəmiyyətin nəzərində şübhəli imicə malik insanlardır, toplum onlara inanmaq, etibar etmək istəmir. Düzdür, bu insanların çoxu əxlaqlı siyasətin daşıyıcılarıdır, lakin MDB məkanı belə insanlar üçün qəbiristanlığa çevrilib. Belə siyasətçil?r isə hətta ən ali ideyanı da xilas edə bilməzlər, əksinə, ideyanın özü gözdən düşə bilər.
Hazırda postsovet məkanında bu proses gedir: “işlənib tükənmiş” fiqurlar liberal ideyaları gözdən salırlar, sonra əks əlaqə başlayır - liberal ideyalar öz daşıyıcılarına fayda gətirmək qabiliyyətini itirir; cəmiyyət əks ideyalara maraq göstərməyə başlayır. Avtoritarizmə meyl məhz belə başlanır. Avtoritarizm istənilən ideyadan daha cazibəli görünür, çünki hər halda, praktik əsası var. Hətta nəzəri ideologiya nə qədər əsaslı və gözəl olsa belə, onunla daha rəqabət apara bilmir.
Bu gün Azərbaycan cəmiyyəti yeni impulslar həsrətindədir. Yeni texnologiyalar tətbiq edilməyəndə isə cəmiyyət donur. Liberalizm - tükənməyən bir ideologiyalar toplusu olsa da radikal tendensiyalar qarşısında duruş gətirə bilmir. Lakin bədbinliyə də əsas yoxdur. Daima yeni model tapıla bilər. Əsas məsələ yenilik axtarışında olmaqdır.
Hakimiyyət nə qədər güclü görünsə də, bir o qədər də problemlərlə üz-üzədir. Əlindəki bütün vasitələrlə hücuma keçən hakimiyyət daha sərt idarəçiliyi göstərməyə başlayıb. Bu təbii zəiflikləri bilən demokratik müxalifət sistemin köklü dəyişikliyinə nail olmaq, onu çökdürmək üçün bilərəkdən “Axilles dabanı”nı dərinləşdirməyə cəhd göstərməlidir. Qiymət artımı müxalifətə əlavə divident qazandırmaq gücündədir...






