Bu günlərdə internet resurslarında bir dünya xəritəsi dolaşır.
Bu xəritə məktəblərin coğrafiya fənni tədris edilən kabinetlərində asılan, adına “dünyanın siyasi xəritəsi” deyilən xəritələrdən çox fərqlənir.
Bu da sırf siyasi xəritədir, ancaq onda cəmi üç rəng var: qırmızı, sarı, yaşıl.
Bu rənglər dünyadakı iki yüzdən artıq ölkənin siyasi quruluşlarının mahiyyətini göstərir.
Qırmızı rəng siyasi-iqtisadi azadlıqları məhdud olan, daha dəqiqi, heç olmayan ölkələri ifadə edir. Sarı rəngin altına düşən ölkələr azad ölkələrdir. Yaşıl rəng isə qismən azad ölkələrin gününü əks etdirir.
Bu “siyasi xəritə” nə dərəcədə obyektiv hazırlanıb? Qısa desək, xeyli dərəcədə. Yüzdə yüz olmasa da, yüz doxsan beş obyektivdir.
Bəs sapmalar da varmı? Mütləq var.
Məsələn, 25 ildən bəri sırf diktatura rejimi ilə idarə olunan, qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış edən, bir balaca boyu ilə militarist siyasət yeridən Ermənistan xəritədə “yaşıl ölkə” kimi qeyd olunub.
Halbuki bu ölkədə siyasi azadlıqların olmaması, insan haqlarının bərbad durumu, adicə seçki saxtakarlığına qarşı etiraz aksiyası keçirənlərin gülləbaran edilib öldürülməsi (ötən ay qanlı qırğının növbəti ildönümü keçirildi) faktları bütün dünyaya əyandır.

Bu yaxınlarda prezident Serj Sarkisyanın yalandan bir seçki keçirərək, guya ki, hakimiyyəti başqa bir Sarkisyana dövr etməsinin də oyunbazlıq olduğu hamıya bəllidir. Vaxtilə bu oyundan Rusiyada Putin istifadə etmiş, ölkənin ali postunu öz əlaltısına vermiş, 5 ildən sonra isə geri almışdı.
İndi də Serj Sarkisyan Armen Sarkisyanı öz sarayında, öz iqtidar komandasında prezident vəzifəsinə işə götürüb. Bu, məhz belədir və mübahisə predmeti deyil.
Ancaq işə baxın ki, bu kimi kələkbazlıqlar və digər hiyləgərliklər Ermənistanın dünyanın siyasi xəritəsində “yaşıl ölkə” kimi işarələnməsinə gətirib çıxarıb.
Kimsə deyə bilər ki, özümüzdən danışaq. Özümüzdən nə danışaq ki, bir zamanlar (2000-ci ildə) “yaşıl ölkə” olduğumuz halda indi “qırmızılar”danıq. Bu ona görə belədir ki, ölkə parlamentində müxalifət partiyaları təmsil olunmur və onların teleradio kanallarına çıxışları yoxdur, siyasi həyatda iştirakları məhdudlaşdırılıb.
Vaxtlı-vaxtında demokratik seçkilər keçirilən, qaynar və rəngarəng siyasi həyata, fikir plüralizminə, azad mətbuata malik Türkiyənin, eləcə də xeyli dərəcədə demokratik ölkə olan Ukraynanın Ermənistana tay tutulması isə başqa məsələdir.
Gerçəkdən də bu üç ölkənin siyasi quruluşu və idarə edilməsi arasında o qədər ciddi fərqlər var ki, onların eyni rənglə ifadə olunması ədalətsizlikdir.
Gürcüstanın “yaşıl”ına heç kəs bir söz deyə bilməz. Vaxtilə Mixali Saakaşvili öz ölkəsini az qala “saraldıb” əkə-bükə “sarı”lara qoşmaq üzrəydi, amma onun başladığı iş yarımçıq qaldı.
Ümumiyyətlə, sözügedən xəritəyə baxanda adamın gözünə daha çox qırmızı rəng dəyir. Ona görə ki, dünyanın ən böyük iki ölkəsi Rusiya və Çin, üstəgəl doqquzuncu böyük ölkəsi Qazaxıstanın xəritədəki yeri qan qırmızıdır.
Ancaq bu qırmızı okeanın ortasında bir sarı ada var - Monqolustan.
Monqolustan gerçəkdən də son illərdə böyük inkişaf yolu keçib, azad və demokratik seçkilər keçirə-keçirə özünü bütün dünyada demokratik ölkə kimi tanıda bilib - həm də “qırmızı” qonşuların əhatəsində ola-ola.
Ən qəribəsi odur ki, qara qitədə - Afrikada 10-dan artıq “yaşıl”, 3-4 də “sarı” ölkə var. Bu, Afrikanın Asiyadan, Şərqdən irəlidə olduğunu göstərir.
Burada sadəcə bir istisna var: nədən diktator Əbdülfəttah Sisinin rəhbərlik etdiyi Misir də “sarı” ölkə kimi qeyd olunub? Heç olmasa “yaşıl” olaydı.
Əbədi diktatorlar yuvası olan Cənubi Amerika materiki isə demək olar ki, başdan-başa “saralıb”. Burada bir qırmızı köynəkli komandante Çavesdən estafeti alan Maduronun Venesuelası “qırmızı”dır, bir də Boliviya və Kolumbiya kimi ölkələr “yaşıl”dır.
Bu ölkələri də “sarı” olmasına yaşıl marixuana ilə milyardlar qazanan narkomafiyalar imkan vermir. Yoxsa o ölkələrdə azad mətbuat, leqal müxalifət var və demokratik seçkilər də keçirilir.
Uzun sözün kəsəsi, arzu edək ki, növbəti illərdə biz də “qırmızı dərya”da sarı ada kimi görünək, heç olmasa uzaq, yaşıl ada olaq.






