Qırmızı körpü məntəqəsinin keçid açarı - rüşvət!!! - (Foto,Video)
“Qadan alım, nə dəyişəcək? Təzə rəis gəlib, kartof-kələm tökülüb qalıb "qranitsa"da, buraxmırlar. Dərdimizi kimə deyək, bilmirəm. Gürcüləri, türkləri buraxırlar. Vay bizimkilərin halına. Bu camaatı görürsən də qalıb küçədə" - bu sözləri Qırmızı Körpü keçid məntəqəsinin qarşısında dayanan Nazilə Əsədova dedi.
Onun sözlərinə görə, gürcülərə həsəd aparırlar: “Bu dəqiqə sərhəddə nə qədər yük maşını qalıb. Hamısı növbə gözləyir, camaatı incidirlər. Burda biri varıydı, adını da bilmirəm. Onu tutub aparıblar. Deyirlər Gəncədə döyüblər. Millətə gün verir, işıq
vermirdi. Ancaq nə olsun tutub aparıblar, nə dəyişib ki? Yenə köhnə xarabalıqdır. Gürcüyə həsəd apara-apara qalmışıq. Sən Allah keç onların "qranitsa"sına gör necə vəziyyət yaradıblar".
***
“Onsuz da həmin pulu yenə bizdən alırlar. Qiymət dəyişməyib ki?! Ancaq bir dəyişən odur ki, daha bizi məntəqəyə daxil olandan sonra saatlarla, günlərlə ləngitmirlər, incitmirlər. Sürücüləri yorurdular. İndi pulumuzu alıb, 10-15 dəqiqəyə sənədlərimizi rəsmiləşdirib geri qaytarırlar”.
Bu sözləri isə Gürcüstanın Poti şəhərindən olan sürücü Georgi bizimlə söhbətində dedi. O, Qırmızı Körpü keçid məntəqəsinin arşısında növbəsini gözləyən gürcü maşın karvanını əli ilə göstərir: “1996-cı ildən Azərbaycana yük daşıyıram. Saakaşvili iqtidara gələnə qədər bizdə də gömrükdə dəhşətli vəziyyət idi. Ancaq indi çox şey düzəlib. Əgər bir gürcü gömrükçüsü 2 lari rüşvət alsa 6-7 il həbsdə yatacaq. Onu heç kim xilas edə bilməz. Sizdə isə açıq-aşkardır, pulunu ver, keç. Azərbaycan ərazisinə keçmək üçün dövlət rüsumu 200 laridir (100 manat). Həmin pula kart alıb, üzərindəki şifrəni silib dövlət büdcəsinə köçürürük. Azərbaycan tərəfi isə 220 dollar alır və yaxşı yol deyirlər".
***
Georgi əlindəki sənədləri bizə göstərərək orada qeyd olunan məqamları oxudu: “Bizdən 220 dollar alandan sonra Azərbaycan ərazisinə giriş-çıxış və tranzit keçid üçün icazə blankı verilir. Bu sənəddə göstərilir ki, sürücüdən 78 dollar rüsum alınır. Sumqayıt gömrüyündə isə Bakı ərazisinə daxil olmaq üçün daha 25 dollar alınır”.
Həmsöhbətimizin sözlərinə görə, ümumilikdə Qırmızı Körpü sərhədindən ölkəmizə daxil olan Türkiyə və Gürcüstan sürücüləri, “TIR” sürənlər rəsmi sənədə görə 103 dollar ödəyirlər: “Əslində isə bizdən alınan 220 dolların 117-sinin hara getdiyi sənədlərdə göstərilmir. Məlumdur ki, bu pullar necə və kimlərə çatır”.
Digər gürcü sürücü Gevorq artıq üç gündür Azərbaycan sərhədində gözləyir:
“220 dollarımı da alıblar, amma hələ də gözlədirlər adamı. Deyirlər ki, guya vəziyyət yaxşılaşıb, təzə rəis gəlib, bundan sonra lap yaxşı olacaq. Amma mən dəyişən nəsə görmürəm. Bakıya ayın 21-də getmişəm. Ondan sonra təzə rəis qoyublar. Hələ ki, burdayıq, gözləyə-gözləyə qalmışıq”.
***
Türkiyəli yük maşını sürücüləri də şikayətçidirlər. Onlar rüşvətsiz sərhədi keçməyi mümkünsüz sayırlar. Texniki avadanlıqlar daşıyan bursalı Aydın deyir ki, 100 dollar rüşvət alıb onu buraxıblar: “Sizdə gömrük qapısının açarları rüşvətlə açılır. Bu nə qardaşım? Gürcüstanda sorun yox, bizdə heç yox. Elə ki, Azərbaycana girdin para istəyirlər. Mən də artıq bu vəziyyətə alışmışam. Neçə illərdir bu yolları gedib gəlirik. Bilirik ki, hər dəfə maşını yoxlayıb, rüşvət almasalar bir bəhanə tapıb buraxmayacaqlar". Digər türkiyəli sürücü Suat deyir ki, 80-100 dollar arası əlavə xərci çıxır: “Rüsum parası nədirsə onu almırlar. Qanundan kənar pul yığırlar. Maşın burda durmasın deyə verib gedirsən ki, Allah kahr etsin. İndi bizi çox gözlətmirlər, pulumuzu ki alırlar”.
Oxşar vəziyyət sərnişin avtobuslarında da yaşanır.
Türkiyədən ölkəmizə gələn “Mahmut-turizm”, “Ramazanoğlu”, “Hasanoğlu” kimi turizm şirkətləri artıq yük daşımaqla məşğuldur. Yalnız “Metro” avtobusları karqo qəbul etmirlər. Adıçəkilən digər şirkətlərin avtobusları yarı sərnişin, yarı yüklə doldurulur. Buna görə də Azərbaycan sərhədində yükləri yoxlayıb bitirənə qədər sərnişinlər saatlarla gözləməli olurlar. Çünki gömrükçülər rüşvət almamış avtobusları sərbəst buraxmırlar.
***
Sərhəd məntəqəsinin qarşısında söhbətləşdiyimiz taksi sürücüləri isə yeni rəisdən danışdılar. Onların dediyinə görə, rəhbər dəyişikliyi böyük ajiotaja səbəb olub. Kənan Nehrəmli adlı birinin təyinatından sonra gömrükdə yeni iş rejimi başlanıb.
Sürücülər bildirirlər ki, yeni rəis gömrükçülər qarşısında sərt tələb qoyub. Onları bir yerə düzüb əmr edib ki, gürcü və türkiyəli vətəndaşlarla, xüsusilə onların sürücüləri ilə ehtiyatlı davransınlar, qeyd-şərtsiz sərhəddən buraxsınlar, şikayət üçün əsas yaratmasınlar.
Mətbuatın yazdığını təsdiqləyən sürücülər deyirlər ki, Azərbaycan gömrüyündən Türkiyə hökumətinə şikayət olunub: “Onların əlindən nə siqaret, içki, nə də ərzaq məhsulları keçirmək olur. Hələ böyük malları, tikinti materialı daşıyan sürücülərin nə çəkdiklərini demirik. Günlərini qara etmişdilər. Deyilənə görə, brokerlərdən şikayət olunub. Bundan sonra məsələ böyüyüb və monopolistlər keçid məntəqəsindən təmizlənib. Burda məşhur söz var: “Qırmızı Körpüdə günü qara olanlar”. Ancaq inanmıram ki, həmin brokerlər birdəfəlik burdan çıxarılsın. Onlar iri məmurlara yekə pullar aparır”.
Onu da deyək ki, hazırda Qırmızı Körpü keçidində gərginlik davam edir, sürücülər yenə növbə gözləyir, köhnə bazarda yeni qaydalar hələ qüvvəyə minməyib. Odur ki, naümid sürücülər gözləməkdə dava edirlər, sərhədi keçəcək “TIR”lar lövbər salıblar.
***
Yada salaq ki,Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları bu yaxınlarda Qırmızı Körpü gömrük məntəqəsində əməliyyat keçirib. Əməliyyat nəticəsində gömrük məntəqəsində olan “Broker” MMC-nin brokerləri oradan uzaqlaşdırılıb.
“Broker” MMC prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun patronajlığı altındadır. “MMC-nin rəhbəri Əbülfəz Məlikov da generalın adamı kimi tanınır. MTN-in əməkdaşları əməliyyat zamanı Ə.Məlikovu da saxlayıblar. O, bir neçə saat dindirmədən sonra sərbəst buraxılıb. Əvəzində isə gömrük məntəqəsində “keşik çəkən” brokerlər oradan qovulub. Bir sözlə, iddialara görə, Qırmızı Körpü B.Əyyubovun inhisarından çıxarılıb.
Məlumat yayılıb ki, MTN-in əməliyyatı Türkiyənin təkidi ilə baş tutub. Türkiyə vətəndaşlarının və iş adamlarının Türkiyənin Bakıdakı səfirliyinə edilən çoxsaylı şikayətlərdən Ankara rəsmi şəkildə bu məsələyə qarışmalı olub. Gömrük məntəqəsində brokerlərin qanunsuz əməlləri (rüşvət tələbindən tutmuş ölkəyə gətirilən malların sənədləşməsindəki saxtakarlıq faktlarına qədər) üzləşən Türkiyə vətəndaşları öz ölkələrinin səfirliyinə şikayət ediblər.
“Yeni Müsavat”ın reportyor qrupu
Qazax, Qırmızı körpü






