İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırmızı guşənin siyasətçiləri

1689 14.11.2019 09:30 Yazarlar A A

“Şeyx Əhməd, bu camaatın içində bacılardan heç gözümə dəymir?”

(Mirzə Cəlil, “Ölülər”)

Şeyximiz Allahşükür müəllim deyir, 1990-cı ildə SSRİ-nin başçılarından olan Yevgeni Primakov Bakıya gəldi, təklif elədi hakimiyyəti götürüm, lakin mən götürmədim. Sən demə, din, mənəviyyat, Allah sevgisi uca şeyximiz üçün hər bir hakimiyyətdən vacib imiş. Bəs o zaman nə üçün hazırda bizim hökumət dövlət büdcəsindən mollalara maaş və maşın verir? Hökumətdən ayrısınızsa, süfrəni də ayrı sərin.

Eyni zamanda şeyxin hökuməti götürməsi xalqımız üçün çox yaxşı olarmış. İndi hərəmizin bir nəzir qutumuz var idi, ölülərimizi də dirildərdi. Yoxsa Ayaz Mütəllibov kimi qorxağı başçı gətirdilər, it də getdi, ip də. Şeyx prezident olsaydı onun qudası Hacı Qalib müqəddəs həcc səfərinə 270 dəfə gedərdi. İndi cəmi-cümlətanı 27 dəfə getmişdir.

Ümumiyyətlə, hansı tərəfdən baxsan Allah adamının hökumətdə olmağı yaxşıdır. Məsələn, İndoneziyada 200 milyona yaxın müsəlman qardaşımız yaşayır, onlardan Muxlis ibn Məhəmməd adlı yoldaş təzəlikcə dünya KİV-lərinin gündəminə gəldi, BBC onun parlaq həyatından reportaj hazırladı. Sən demə, Muxlis müəllim İndoneziyanın şəriət qanunları hökm sürən Açex adlı bölgəsində Üləmalar Şurasının üzvü imiş və nikahsız cinsi əlaqəyə girənlərə qarşı qanunları sərtləşdirmək tərəfdarıymış. Lakin bir gün polis Muxlis müəllimin özünü çimərlikdə başqasının arvadıyla sevişərkən tutmuşdur. Nəticədə Muxlis müəllimə 28 dəyənək, məşuqəsinə isə 23 dəyənək zərbəsi cəzası verilibdir (müsəlman aləmində qadına hörmət var). Xalq keçmiş üləmanın çırpılmasını həvəslə izləmişdir. Hazırda çimərlikdə heç kim qalmayıb, çünki günaha görə ola bilsin Allah növbəti dəfə sunami göndərib İndoneziyanı batırdı. İslam aləmində belə şeylər tez-tez olur. Örnək üçün, zənənlər kəkilini azca açanda İranda zəlzələnin Rixter şkalası bir neçə bal qalxır. Sözgəlişi, Tehranda da vaxtilə belə bir vəzifəli yoldaş var idi, yadımda yaxşı qalmayıb, ya mer, ya şəhər polisi şefiydi, başıaçıq qadınları tutub döyürdü, sonra bunun özünü yüngül zənənlərlə əxlaqsız işlər zamanı yaxaladılar. Mənəviyyat müsəlman aləmində çox vacibdir.

Əgər şeyx o zaman prezident olsaydı, yəqin biz Qarabağı itirməzdik, hamımız “Allahu Əkbər” deyib tankın altına atılardıq. Elə Qafqaz Müsəlmanları İdarəsindən neçə molla torpaqlarımız uğrunda şəhid olmuşdur, bəziləri belinə nəzir qutusu bağlayıb özünü partladıbdır. İrandakı din qardaşlarımız da savaş zamanı bizə xeyli yardım elədilər, misal üçün, ermənilər Qarabağdan sökdükləri darvazaları aparıb İranda satırdılar. Yoxsa bu qədər müddətdə darvaza paslanardı, dəyişməyimiz çətin olardı. Hələ təzəlikcə iranlı yoldaşlar ermənilərlə birgə Şuşada məscidi remont ediblər, Allah razı olsun. Bəlkə Paşinyan tövbə eləsə, o məsciddə müsəlman olacaqdır.

Mənəviyyat teması açılmışkən... Əli İnsanovun müxalifətin liderinə çevrilməsi son günlər çox müzakirə edilir. Keçmiş səhiyyə nazirimiz doğrudan da müxalifətin gəncləşməsinə, yeniləşməsinə töhfə verər. Örnək üçün, onun evinin 2005-ci ildə yağmalanmasında iştirakçı olmuş müstəntiq açıqlama veribdir, deyir, Əli müəllimin villasının birində hər cür təchiz olunmuş qırmızı otaq tapmışdıq. Əlbəttə, bu, kommunistlərdən qalma qırmızı guşə, Lenin otağı olmayıb, yəqin burada qırmızı başqa məsələni nəzərdə tutur. Xaricdə, mənəviyyatsız Avropada azad sevişmək üçün qırmızı fanar küçələri olur, onun tipində bir şeydir. Əgər adamın 60 yaşında elə işləri olubsa, deməli, gənc ruhludur, əsl xalqımıza layiq liderdir.

İkincisi, onun ev-eşiklərindən toplanan qızıllar, var-dövlət xüsusi vurğulanır, bu da tənqid üçün məncə, lazımsız söhbətlərdir. Çünki adamı ona görə türməyə basmışdılar, cəzasını çəkib, ta ikinci dəfə eyni şeyə görə tuta bilmərik ki? Həm də MTN Eldar Metro Tağıdan 3 milyon dolları qopartmışdı, hələ geri verməyibdir. Əli müəllimin villasından isə 1 milyon yarım dollar tapıblar. O cümlədən, Tağı müəllim məhkəmədə həmin 3 milyonun mənbəyini “40 illik maaşımı yığmışdım” kimi göstərmişdi. Yəqin İnsanov da maaşını yığırmış. Bizim xalq yığımcıl xalqdır. Göz dəyməsin. Bu saat ən yetim azərbaycanlını qaldır, altından 3 maşının, 4 villanın, 5 məşuqəyə sponsorluğun, 6 vəzifənin, 7 diplomun, nə bilim, 77 toy və xınayaxdının pulu çıxacaqdır. “Süleyman peyğəmbər və qarışqa” rəvayətində bir buğda dənəsinin yarısını 7 il yeyib yaşayan o qarışqa bizik.

İndi söz əlaqədar təşkilatlarındır - açıqlayın görək sizi hakimiyyətə kim gətirdi?

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR