İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstanda ABŞ səfirinə qarşı etiraz aksiyası: “Bizə inqilab lazım deyil” - FOTOLAR

1139 27.02.2015 16:25 Dünya A A
Bu gün Bişkekdə Qırğızıstan Kommunist Partiyasının və Rusiyanın Dünya Fondunun 30-dan çox nümayəndəsi ABŞ səfirliyinin qarşısında mitinq keçirib.

Virtualaz.org saytı qırğız KİV-lərinə istinadən xəbər verir ki, aksiya Riçard Maylsın ABŞ-ın Qırğızıstandakı müvəqqəti işlər vəkili təyin edilməsinə qarşı keçirilib.

Xəbər verildiyi kimi, ötən ilin payızında Pamela Spartlen ABŞ-ın Bişkekdəki səfiri səlahiyyətlərini başa vuraraq qonşu Özbəkistana təyinat alıb.

Prezident Barak Obama onun yerinə əvvəllər 6 il Rusiyada işləmiş Şeyla Quoltninin namizədliyini irəli sürüb. Lakin hansısa səbəblərdən bu diplomatın namizədliyini Senat təsdiqləməyib. Senat Ş.Quoltninin namizədliyini təsdiqləmədiyi üçün ABŞ-ın Bişkekdəki səfiri vəzifəsinin icrası yaşı 80-i haqlamış Riçard Maylsa həvalə edilib.

Lakin Maylsın Bişkekə göndərilməsi Qırğızıstan siyasi dairələrində əməlli-başlı xof yaradıb. Qırğızıstanda deyirlər ki, Mayls harada işləyibsə, orada hakimiyyət çevrilişi olub.


Belə ki,  Riçard Maylsın işlədiyi 4 ölkədə hakimiyyət dəyişib. O, 1992-1993-cü illərdə Azərbaycanda səfir olub - 1993-cü ildə prezident Əbülfəz Elçibəy devrilib.

1993-1999-cu illərdə keçmiş Yuqoslaviyada işləyib - 1999-cu ilin martında Yuqoslaviyanın NATO tərəfindən bombardmanı başlayıb, daha sonra Slobodan Miloşeviç devrilib.

1999-2001-ci illərdə Bolqarıstanda işləyib - 2001-ci ildə bu ölkədə keçirilən parlament seçkilərində hakimiyyətə qərbyönümlü qüvvələr gəlib.

Nəhayət, 2002-2005-ci illərdə Gürcüstanda işləyib - 2003-cü ilin noyabrında Eduard Şevardnadze devrilib və qərbyönümlü Mixail Saakaşvili hakimiyyətə gəlib.

R.Maylsın təyinatına qarşı ABŞ-ın Bişkekdəki səfirliyinin qarşısında bundan əvvəl də aksiyalar olub.


Bugünkü mitinqdə iştirak edən qırğız kommunistlərinin lideri Klara Ayibekova deyib ki,Maylsın gəlişi əhəmiyyətli hadisədir: “Çünki Maylsın diplomat işlədiyi hər ölkədə silahlı münaqişə yaranıb. Biz istəmirik ki, Qırğızıstan da bu situasiya ilə üzləşsin”.

Aksiya iştirakçıları bildiriblər ki, onlar Barak Obamanın Qırğızısanda  növbəti “rəngli inqilab” həyata keçirmək barədə düşünməməsini tələb edirlər.

“Obama və Makkeynə müraciət edirik. Qırğızıstana sizin “rəngli inqilab”larınız lazım deyil! Biz artıq 2010-cu ildə ölkənin cənubunda sizin “Sağ sektor”unuzu görmüşük! Bizə sülh və stabillik lazımdır”- deyə mitinq iştirakçıları bildiriblər.


Məlumata görə, Riçard Mayls fevralın 13-dən ABŞ-ın Qırğızıstandakı müvəqqəti işlər vəkili-diplomatik missiyanın rəhbəri vəzifəsinin icrasına başlayıb. Bir vaxtlar ABŞ-ın Orta Asiyada demokratiya mayakı adlandırdığı Qırğızıstan tamamilə Rusiyanın nəzarətinə keçir.

Prezident Almazbek Atambayev Qırğızıstanın Avrasiya İttifaqına üzvlüyünə qərar verib, ABŞ-ın Bişkekdəki aviabazasını çıxaracaqlarını bildirib və Rusiya şirkətlərinin ölkənin strateji müəssələrini özəlləşdirməsinə yaşıl işıq yandırıb.

Bunları nəzərə alaraq Bişkekdə narahatdırlar ki, Maylsı məhz yaxınlaşan seçkilər ərəfəsində Atambayevi devirmək üçün göndəriblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR