Qırğızıstan Prezidentinin müşaviri Dosalı Esenaliev MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının Çolpon-Ata şəhərində keçirilən XXV iclasının iştirakçıları ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Dosalı Esenaliev Dünya Köçəri Oyunlarından bəhs edib. Bildirib ki, üçüncü Oyunlara qatılan 3 minə yaxın idmançı yaxşı nəticələr əldə etsə də, hələlik Qırğızıstan liderdir. Prezidentin müşaviri növbəti Dünya Köçəri Oyunlarının 2020-ci ildə Türkiyədə keçiriləcəyini qeyd edib.
D.Esenaliev, həmçinin Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Çolpon-Atada keçirilmiş Sammiti barədə danışıb. Bildirib ki, ölkəsi türk dünyası ilə əlaqələrin genişlənməsinə xüsusi önəm verir. O, həmçinin MDB üzvü olan dövlətlər arasında münasibətlərin möhkəmlənməsinin vacibliyini qeyd edib.
Sonra Qırğızıstan Prezidentinin müşaviri nümayəndələrin suallarını cavablandırıb.






