Qırğızıstan prezidenti Sooronbay Jeenbekov ölkə parlamentinin (Joqorku Keneş) Sadır Japarovun baş nazir vəzifəsinə təyin olunması haqqında qərarına qarşı çıxıb.
Musavat.com xəbər verir ki, bu barədə “Sputnik Kirgizistan” saytı məlumat yayıb.
S.Jeenbekovun fikrincə, parlament həmin qərarı qəbul edərkən müvafiq səlahiyyətə malik olmayıb. Onun sözlərinə görə, həmin vaxt deputatların əksəriyyəti iclasda iştirak etməyib və beləliklə, qanunverici orqan yetərsay olmadan baş nazirin təyinatını həyata keçirib.
Xatırladaq ki, bu ilin oktyabr ayının 9-da Soorbay Jeenbekov baş nazir Kubatbek Boronov başında olduğu hökuməti tam tərkibdə istefaya göndərmişdi. Buna qədər müxalifət partiyalarının formalaşdırdığı Koordinasiya şurası toplaşaraq keçmiş deputat Sadır Japarovun hökumət sədrliyinə namizədliyini irəli sürmüşdü.
Bundan sonra toplanan parlament müxalifətin özündə bir sıra zidd fikirlərə rəğmən, sonuncunun baş nazir postuna təyin olunmasını qərarlaşdırıb.
Musavat.com






