Qida Təhlükəsizliyi Agentliyinin adından istifadə edərək rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Səfər Vəliyev və Elnur Rzayevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.
Məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən hər iki şəxsə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Qeyd edək ki, rəsmi məlumata əsasən, Qida Təhlükəsizliyi Agentliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış birgə araşdırmalar nəticəsində Rzayev Elnur Qadir oğlu və Vəliyev Səfər Məhəmməd oğlunun qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə uzun müddət ərzində mütəmadi olaraq, Bakı şəhəri və respublikanın ayrı-ayrı rayonlarında fəaliyyət göstərən ərzaq mağazaları sahiblərinə özlərini Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları kimi təqdim edərək, mağazalarda yoxlama aparılmaması müqabilində sahibkarları rüşvət verməyə təhrik edərək onlardan pul almasına dair əsaslı şübhələr müəyyən edildiyindən, E.Rzayev və S.Vəliyevə Cinayət Məcəlləsinin 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4-cü, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
İlkin Muradov,
Musavat.com






