İnsanlara hürriyət, millətlərə istiqlal!

QHT Şurasının dəstəklədiyi Göyçə, Zəngəzur, İrəvanla bağlı layihə yekunlaşdı – mötəbər faktlar

1639 13.11.2018 14:57 Proje A A

 


Azərbaycanın tarixi torpaqları olan Göyçə, Zəngəzur, İrəvan XIX və XX əsrlərdə Azərbaycanı parçalamaq məqsədi ilə tarixən Cənubi Qafqazda yaşamamış, bura məqsədyönlü şəkildə köçürülmüş ermənilərə təslim edilib. Faktiki olaraq İrəvan, Zəngəzur, Göyçə, Dərələyəz, Ağdaban Azərbaycandan zorla qoparılıb, bu tarixi yurdlarımızdakı türk-müsəlman əhalisi deportasiya edilib. Həmin torpaqlarımız da Qarabağla yanaşı erməni əlində girovdur.
Bu məsələyə Azərbaycan prezidenti Cənab İlham Əliyev 2018-ci il fevralın 8-də YAP-ın VI qurultayında etdiyi çıxışda xüsusi diqqət ayıb. Sitat: “Bu tarixi torpaqlar unudulmamalıdır və biz bu torpaqları unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır...”


Bu həqiqətləri yerli və dünya ictimaiyyətinə təqdim etmək, erməni yalanlarını ifşa etmək üçün “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi Prezident Yanında Qeyri Hökumət Təşkilatlarında Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Göyçə, Zəngəzur, İrəvan – Azərbaycanın tarixi torpaqları və mədəni irsimiz” – mətbuatda və sosial şəbəkələrdə böyük təbliğat kampaniyası” adlı layihəsi həyata keçirib.
Layihənin rəhbəri Elşad Məmmədli bildirib ki, kampaniya çərçivəsində Göyçə, Zəngəzur, İrəvan haqda tarixi bilgilər, mədəni irsə dair faktlar toplanaraq yerli və beynəlxalq ictimaiyyətə mərhələli şəkildə təqdim olunur və qarşıdakı müddətdə də olunacaq, davamlı təbliğat aparılacaq.

***

Uzun illərdir ki, erməni təbliğatçıları Qarabağ və Göyçə, Zəngəzur, İrəvanla bağlı dünyaya yalanlar sırıyır. Hətta mətbəximizi belə öz adlarına çıxmağa cəhdlər edirlər.
Həqiqət isə bundan ibarətdir ki, Cənubi Qafqazda tarixən Ermənistan dövləti olmayıb, ermənilər bura 17-ci əsrdən sonra məqsədli şəkildə köçürülüblər. Müxtəlif illər ərzində ermənilər Rusiya imperiyasının dəstəyi ilə Göyçə, İrəvan və Zəngəzuru da faktiki olaraq zəbt ediblər.
Tarixən, 100 illərlə orada yaşamış Azərbaycan türkləri isə Göyçə, Zəngəzur və İrəvandan deportasiya olunublar, onlar bu gün Azərbaycanda, Türkiyədə, İranda və dünyanın digər dövlətlərində məskunlaşıblar.


Göyçə


Göyçə Qərbi Azərbaycanın ərazisində, Göyçə gölü ətrafında olan tarixi mahaldır. Göyçə mahalı Qərbi Azərbaycanda 1988-ci ilə qədər azərbaycanlıların kompakt yaşadığı ərazilərdən biri olub. 1747-1828-ci illərdə İrəvan xanlığının mahalı olub.
Mahal Rusiyaya müharibə ilə birləşdirilənə qədər İrəvan xanlığının, sonralar isə İrəvan quberniyasının tərkibində olub. Sovet hakimiyyəti illərində Ermənistan SSR rayonlaşdırılarkən Göyçə mahalı süni surətdə beş inzibati rayon arasında bölünüb. ( Çəmbərək rayonu, Basarkeçər rayonu, Aşağı Qaranlıq rayonu, Kəvər rayonu və Yelenovka rayonu).

Иреванское ханство.png (783 KB)

Bu mahalın Çəmbərək deyilən hissəsində, Ağbulaq, Ardanış, Qaraqaya, Yanıqpəyə, Gölkənd, Toxluca, Çaykənd, Ciyil, Şorca kimi məşhur və böyük kəndləri var idi. Böyük otlaqları, yaylaları olan Göyçə mahalında yaşayan əhali daha çox əkinçilik, maldarlıq, arıçılıq, bağçılıq, xalçaçılıq və balıqçılıqla məşğul olub.
Göyçə Azərbaycan aşıq sənətinin beşiklərindən biri hesab edilir. Bölgə Azərbaycan ədəbiyyat və mədəniyyət tarixinə Aşıq Alı, Aşıq Ələsgər, Şair Məmmədhüseyn, Aşıq Əsəd, Aşıq Qurban kimi məşhur ustadlar, saz-söz sənətkarlarını bəxş edib.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda Göyçə mahalı tarixi Azərbaycan torpağı kimi onun tərkibində olub. 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının ərazisi 114 min kv.km olub. 1920-ci ildən ADR-i işğal edən yeni rus bolşevik imperiyası Azərbaycanın ərazisi olan Göyçə mahalı, Dərələyəz mahalı, Dilican ərazisini qanunsuz şəkildə Ermənistana verib.
İrsimizi, qədim tarixmizi əks etdirən "Kitabi-Dədə Qorqud"da rast gəlinən yer-yurd adlarının izini Göyçə gölü boyunca hər tərəfdə tapmaq olar. Bu eposda Göyçə mahalı, Göyçə gölü, Ağlağan dağı, Ayğır bulağı kimi toponimlər azərbaycanlıların qədim yaddaşının və mədəniyyətinin tərənnümü və izidir. Göyçənin elə bir guşəsi yoxdur ki, orada türk-oğuz izlərinə rast gəlinməsin.

İrəvan

Tarixi Azərbaycan ərazisi olan İrəvan (hazırda süni şəkildə Yerevan adı verilməklə, Ermənistan Respublikasının paytaxtıdır) Ağrı vadisinin şimal kənarında, Zəngi çayının sahilində, 850-1300 metr yüksəklikdə yerləşir.
Evliya Çələbiyə görə sonradan şəhər olmuş bu yerdə 810-cu ildə (hicri) öncə kənd salınıb, 105 il sonra 915–ci (hicri) ildə Şah İsmayılın əmri ilə onun sərkərdəsi Rəvanqulu xan tərəfindən bu kənddə qala tikdirilməyə başlanılıb. 7 ilə inşası bitirilmiş qala xanın adı ilə Rəvan və ya İrəvan qalası adlanırdı. Ərazinin adının da buna bağlı olduğu bildirilir.
Başqa bir versiyaya görə İrəvan toponimi türk dilində "kişi", "igid" mənasını verən "ir" türk etnonimi ilə "ölkə", "yer", "kənd", "şəhər" mənası daşıyan "avan" sözü əsasında əmələ gəlib, "İgidlər ölkəsi" mənasını ifadə edir.


Tarixi qaynaqlara istinad edən bəzi yazarlar isə İrəvan adının ilk dəfə eramızın VII yüzilliyində çəkildiyini yazırlar.
İrəvan bölgəsində eramızdan öncə 4000-ci ilə aid Tunc dövrünə aid qalıqlar tapılıb. Eramızın 3-cü əsrinədək İrəvanda nələr olduğu bilinmir.
İrəvanda tarixi məhəllə adları: Təpəbaşı, Dəmir Bulaq, Toxmaq, Sabunçu, Yoncalıq, Börkçülər, Zal xan meydanı;
Məscid adları: Göy Məscid, Zal xan məscidi, Abbas Mirzə məscidi, Qala məscidi, Şəhər məscidi, Novruz Əli məscidi, Günlüklü məscid, Gümbəzli məscid, Hüseynəli məscidi, Hacı bəy məscidi və Qanlı təpə, Üç təpə, Qızıl təpə...
İndi İrəvanda bir vaxt onun əsas əhalisi olan bir türk belə yaşamır. İrəvanın türk tarixi adından Yerevan adına keçməklə sanki tarixi həqiqətin üzərinə də qara pərdə çəkilmək cəhdləri edilir. Əslində İrəvan adı Azərbaycanın hər biri yaxın olan, doğma olan adların cərgəsinə daxildir: Şirvan, Ərkivan, Karaçıvan (Ordubad yax.), Naxçıvan, Ağvan, İrəvan...

 

İrəvan qalasından söz açan bir çox səyyahların işlətdikləri bəzi toponimlər: Şiləçi, Sabunçu, Boyaqçı, Toxmaq, Təpəbaşı, Dəmirbulaq, Bağçalar, Yoncalıq, Börkü məhəllələri, Dəlməbulaq, Qırxbulaq, Sərdar bulaqları, Gedərçay, Qırxbulaq, Zəngi çayları, Dərə bağı, Dərəkənd, Şəhər, Fəhlə, Böyük meydanları, Göy məscid, Qala məscidi, Hacı Bəyim məscidi, Zal xan məscidi, Günlüklü məscidi, Günbəzli məscid, Şəhər məscidi, Novruzəli məscidi, Hüseynəli məscidi, Qanlı təpə, Üçtəpə, Qızıl təpə təpələri və s.
İrəvan bölgəsi şairlərindən şair Məmmədsoyu (1800-1884), Alməmmədi(1800-1868), Aydını (1825-1915) göstərmək olar. İrəvanda aşıq məktəbləri xüsusi rola malik idilər.
İrəvanda oğuz türklərinin ənənələrini əks etdirən təsviri sənət özünü qəbir daşlarının üzərindəki fiqurlar və müxtəlif yazılarla göstərir.
İrəvan rəssamlıq sənətinin ən görkəmli nümayəndəsi Mirzə Qədim İrəvanidir. M.Q.İrəvaninin yaratdığı rəsmlərin bir hissəsini İrəvan sərdar sarayı üçün çəkdiyi rəsmlər təşkil edir. O, XIX yüzilliyin 50-ci illərində Sərdar sarayındakı süjetli kompazisiyaları bərpa etmiş, sarayın Güzgülü zalında bir sıra portretləri – "Fətəli şah", "Abbas Mirzə", "Hüseynqulu xan", "Sərkərdə" və s. çəkib. Onun 100-dən çox rəsm əsəri olub. Bunlardan 25-i hazırda Bakıda İncəsənət Muzeyində, Tbilisdə və Sankt-Peterburqda saxlanılır.
İrəvan əhalisi əsasən maldarlıq və əkinçiliklə məşğul olub.


İrəvandan müxtəlif karvan yolları keçirdi. Bunlardan birincisi Hindistan, Mərkəzi Asiya və İranı Təbriz və Naxçıvan vasitəsilə İrəvan xanlığına bağlayan karvan yolu idi.
Tarixən İrəvanın əhalisi daim türklərdən ibarət olub. Bunu şəhərdə olmuş səyyahlar da öz qeyd və gündəliklərində göstəriblər. Şəhər və eləcə də şəhərətrafı yer, obyekt, sahə-ərazi adları birmənalı şəkildə türk dilində olub. Ermənilərin şəhərə axını digər bölgələrdə olduğu kimi Türkmənçay müqaviləsindən ( 10 fevral 1828-ci) sonra başlayıb və dərhal geniş vüsət alıb.

17-ci əsr fransız səyyahı Şarden qeydlərində yazıb: “İrəvan qalası təxminən səkkiz yüz evdən ibarətdir. Ora¬da ancaq təmizqanlı qızılbaşlar (türklər) yaşayırlar".
"Qədim İrəvan" kitabında İrəvan əhalisindən bəhs edən Yervand Şahəziz 1673-cü ildə İrəvanda olan fransız səyyahı Şardenin İrəvan qalasında yaşayan əhali haqda məlumatına toxunuraq yazır: "Ermənilərin İrəvanda şəhərində yalnız dükanları var idi...”
18-ci əsrin əvvəlində İrəvana gəlmiş missioner Monye yazır: "Evlərdən daha çox bağçalar və üzüm bağlarına qərq olmuş şəhər ikiqat qala divarları ilə əhatə olunmuşdur. Əhalinin dörddə biri ermənilərdir".


ABŞ-dan olan professor Castin Makkarti isə Rusiya işğalına - 1828-ci ilə qədər İrəvan xanlığı əhalisinin 80 faizinin Azərbaycan türkü olduğunu göstərib.
İvan Şopen 1828-1832-ci illərə qədər İrəvan xanlığında əhalinin mütləq çoxluğunu müsəlmanların, yəni Azərbaycan türklərinin təşkil etdiyini yazıb. Onun hesablamalarına görə, İrəvan əyalətində 81.749 nəfər türk-müsəlman, 25.151 nəfər isə erməni yaşayıb.
1827-ci ildə İrəvanda 2400 ailədə cəmi 12000 əhali yaşayırdı.


XIX əsrin əvvəllərindən isə İrəvan şəhəri rus qoşunlarının hücum hədəfinə çevirilmişdi. 1804-ü ildə general Sisianov, 1808-i ildə general Qudoviç İrəvan qalasını almağa cəhd edib. Nəhayət 1826-1828-ci illər Rusiya-Qacar müharibəsi zamanı, 1827-ci ilin oktyabrında rus generalı Paskeviçin komandanlığı altında rus qoşunları şəhəri işğal edir.
1828-1830-cu illərdə Azərbaycan ərazilərinə müxtəlif ölkələrdən 120.000 erməni köçürülüb və onların böyük hissəsi Yelizavetpol və İrəvan quberniyalarının ən yaxşı torpaqlarında yerləşdirilib. Məhz bu dövrdən başlayaraq Azərbaycanın qərb torpaqlarında ermənilərin yerləşdirilməsi yaxın gələcəkdə yerli Azərbaycan türklərinə əhaliyə qarşı kütləvi qırğınlara, soyqırıma və deportasiyaya hazırlıq olub.
İrəvandan zorla köçürülmüş – deportasiya edilmiş türk-müsəlman əhalisi əsasən Azərbaycanda və bir qismi Türkiyə ərazisində, habelə müəyyən faiz İranda və eləcə də dünyanın digər ölkələrində yaşayır.


İrəvan xanlığı


İrəvan xanlığının əsası XVIII əsrin ortalarında Mirmehdi xan tərəfindən qoyulub. Xanlıq Qarabağ, Naxçıvan və Maku xanlıqları, Osmanlı imperiyası, Kartli-Kaxetiya çarlığı, Borçalı, Qazax sultanlıqları ilə həmsərhəd olub. Mərkəzi İrəvan şəhəri idi.
İrəvan xanlığı Mirmehdi xandan sonra Hüseynəli xanın dövründə möhkəmləndi. Hüseynəli xanın oğlu Məhəmməd xan Qacarın dövrü İrəvan xanlığında ən uzunmüddətli xan dövrü sayılır. Məhəmməd xan fasilələrlə İrəvan taxtında 21 il oturub.
Məhəmməd xandan sonra hakimiyyətə Hüseynqulu xan Qacar gəldi. Onun hakimiyyəti dövründə İrəvan Rusiya imperiyasının dağıdıcı yürüşlərinə məruz qaldı. Hüseynqulu xanın hakimiyyəti dövrü İrəvan xanlığının mədəniyyətinin pik həddə çatdığı dövrdür. İrəvandakı Göy məscid və Sərdərabad mahalındakı eyni adlı qala Hüseynqulu xanın əmri ilə tikilib.
İrəvan xanlığının mahalları:
Qırxbulaq mahalı;
Şərur mahalı;
Zəngibasar mahalı;
Sürməli mahalı;
Gərnibasar mahalı;
Dərəkənd-Parçenis mahalı;
Vedibasar mahalı;
Göyçə mahalı;
Səədli mahalı;
Talin mahalı;
Seyidli–Ağsaqqallı mahalı;
Sərdarabad mahalı;
Körpübasar mahalı və ya Talın mahalı;
Abaran mahalı;
Dərəçiçək mahalı.
Bu mahallarda 831 kənd qeydə alınmışdı...


1849-cu il, iyunun 9-da İrəvan quberniyası yaradıldıqdan sonra bu quberniyanın mərkəzi kimi İrəvan şəhəri yeni inzibati əhəmiyyət kəsb edir. 1918-1920-ci illərdə erməni daşnak hökumətinin, 1920-ci ildən etibarən isə Ermənistan SSR-in paytaxtı olur.
Belə ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə İrəvan Fətəli xan Xoyski tərəfindən bu şərtlə ermənilərə müvəqqəti olaraq (100 illiyə) paytaxt kimi icarəyə verilir ki, onlar Qarabağa olan iddialarından vaz keçsinlər. Danışıqlar iyun ayının 4-də “Sülh və Dostluq” haqqında müqavilələrin imzalanması ilə nəticələnib...

Zəngəzur


Tarixi mənbələrdə, müxtəlif səyyahların yazılarında da əksini tapır ki, Zəngəzur türklərin qədim yurd yeridir. Zəngəzurdakı türk mənşəli toponimik adların çoxluğu da bunun əyani təsdiqidir.
XVIII əsrdə Zəngəzur mahalının ərazisinin böyük hissəsi Qarabağ xanlığının, bir hissəsi isə Naxçıvan və İrəvan xanlığının tərkibində olub. Çar Rusiyası dövründə isə Gəncə (Yelizavetpol) quberniyasının tərkibinə daxil edilib. XX əsrin əvvəllərində Zəngəzur mahalında 240 azərbaycanlı (türk), bundan üç dəfə az erməni kəndi var idi. Mahal 7 bölgədən ibarət olub: Qafan, Gorus, Qarakilsə (Sisian), Mehri, Zəngilan, Qubadlı, Laçın.
1918-1920-ci illərdə Zəngəzur Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi kimi Şuşa, Cavanşir, Cəbrayıl qəzaları ilə birlikdə Qarabağ qubernatorluğuna daxil olub. 1920-ci il 28 apreldə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra Zəngəzur Azərbaycanın tərkib hissəsi kimi ayrıca inzibati bölgə - qəza olub.
Zəngəzur mahalı Çar Rusiyası dövründə Yelizavetpol (Gəncə) quberniyasının tərkibində olub. 1905-1907 və 1914-1920-ci illərdə silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində bu mahalda təxminən yarım milyon yerli türk-müsəlman əhali həlak olub. Həmin illərdə Zəngəzurda 115 müsəlman kəndi yer üzündən silinib...
Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan KP MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həyata keçirilib. 1933-cü ildə Ermənistan SSR-in ərazisi rayonlara bölünür və Zəngəzur adı rəsmiyyətdən silinir, Qafan, Gorus, Qarakilsə (Sisian) və Mehri rayonları yaradılır...
Nəhayət, 1988-ci ildə isə təkcə Zəngəzurda deyil, Göyçədə, Dərələyəzdə, İrəvanda, Vedidə – indiki Ermənistana aid edilən tarixi Azərbaycan torpaqlarında yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovuldular. Kütləvi terrora məruz qalan azərbaycanlıların son nümayəndələri də məcburiyyət qarşısında qalıb Zəngəzuru tərk edəndən sonra, burada onlara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılaraq məhv edilib...
Tarixi Zəngəzurun Azərbaycanda qalan hissəsi - Zəngilan, Qubadlı, Laçın rayonları isə 1992-93-cü illərdə isə tarixi Zəngəzur mahalının bu əraziləri də işğal edilib...
1915-ci ildə Zəngəzur və İrəvan quberniyasının ərazisində 382 şiə məscidi, 9 sünni məscidi fəaliyyət göstərib.
Zəngəzurda oğuzların bayandur, qayı, xələc, çəpni tayfaları, xüsusilə qayı türklərin qacar, baharlı, zəngənə, zülqədər, padar, çoban qəbilələrinin adı ilə bağlı yüzlərlə toponim var.

Müxtəlif tədqiqatçıların apardıqları tarixi, etnoqrafik, linqvistik, toponomik tədqiqatlar təsdiq edir ki, 18-ci əsrdən sonrakı dövrə aid olan bir neçə kəndi çıxmaqla, Zəngəzurda erməni mənşəli heç bir topomorfant yoxdur. Ermənilik Zəngəzura 1828-ci ildən sonra gəlib.


***

Layihə çərçivəsində 6 oktyabr 2018-ci il tarixdə Gəncə və Göygöl rayonlarında məskunlaşmış Göyçə, Zəngəzur, İrəvan əsilli ağsaqqallar, orta nəsil nümayəndələri ilə bu bölgələrin canlı şahidləri kimi görüşlər keçirilib. Onlar yaddaşlarındakı tarixi ənənələr, mədəni irslər haqda informasiyaları danışıblar.

_MG_4609.JPG (6.75 MB)

Gəncədə yaşayan Göyçə əsilli, YAP-ın Gəncə Şəhər Təşkilatının İdelogiya şöbəsinin müdiri, dosent Hüseyn Budaqov bildirib ki, Göyçədə tarixən türklər, azərbaycanlılar yaşayıb:
- 1918-ci ildə deportasiya edilib bizim ata-babamız. Göyçənin çox zəngin mədəniyyəti var və bu mədəniyyət Azərbaycanın mədəniyyətinin bir hissəsidir, Göyçədəki Azərbaycan türklərinə aiddir. Sovet dövründə torpaqlarımızla bağlı maarifləndirmə aparmaq mümkün deyildi. Saxta sovet xalqı ideyası ilə buna imkan vermirdilər. Faktiki olaraq isə torpaqlarımızı itirən biz olmuşuq. Saxta beynəlmiləlçilik adı altında 1918-20-ci illərədək Azərbaycanın olan tarixi yurdlarımızı unutdurmaq istəyiblər.
Mən bir tarixçi kimi araşdırmalar aparanda şahidi olmuşam ki, ermənilər arxivlərdə xeyli saxtakarlıq ediblər məqsədli şəkildə. Bütün bunlara rəğmən, biz qədim torpaqlarımızı unutmuruq. Cənab Prezidentimiz İlham Əliyev də bu məsələyə çıxışlarında mütəmadi olaraq toxunur. Qarabağ məsələsinin həllindən sonra tarixi torpaqlarımızla bağlı digər məsələlər haqda da təbii ki, düşünüləcək.
Qərbi Azərbaycan torpaqlarında erməni adlı qövm, erməniliyə aid toponimika yoxdur.
Ermənistanın ərazisi qədim İrəvan xanlığının ərazisidir. Onlar mətbəximizi belə öz adlarına çıxmağa çalışırlar. Amma onlar dolma haqqında danışanda deyirik ki, bunun yeməyin adı türk sözüdür, necə sizin yeməyiniz ola bilər?
Müasir dövrümüzdə radiometrik ölçülərlə daha qədim tarixlər müəyyən edilir. Əgər ermənilər Qərbi Azərbaycan torpaqlarında ermənilərə aid bircə dənə arxeoloji, toponimik şey tapsaydılar, dünyaya car çəkərdilər. Belə bir element isə yoxdur.
İrəvanın paytaxt kimi Ermənistana icarəyə verilməsi 99 illik müqaviləyə söykənir və bu müqavilənin də müddəti bitib. Faktiki olaraq İrəvan Azərbaycan torpağıdır, amma beynəlxalq ictimaiyyət buna susur, ikili standartlarla yanaşır.

Şair Oruc Göyçəli:
- Qarış qarşı tanıyıram Göyçəni. Ermənilər tarixən bizim çörəyimizi yeyib, hər zaman da bizə xəyanət etdilər. Bizim Göyçə kəndlərinin xüsusi ənənələri vardı. Və bu gün də onlar yaşadılır. Göyçə Azərbaycan xanlarının, bəylərinin vətənidir.
Göyçə həm də Azərbaycanın saz-söz sənətinin beşiklərindən olub. Göyçədə xüsusən sovet dönəmində hamı ali təhsil almağa çalışırdı. Elmə mühüm əhəmiyyət verilirdi.

1988-ci ildə Göyçədən didərgin salınan pedaqoq Razim Musa oğlu Hacıyev bildirib ki, deportasiyadan sonra Gəncədə yaşayır:
- Biz işğalın, ermənilərin bizə etdiyi zülmlərin canlı şahidləriyik. Hələ 80-ci illərin ortalarında ermənilər azərbaycanlılar arasında xof yaradır, quldurluqlara başlamışdılar.
Göyçə Azərbaycanın ən səfalı yerlərindən biri olub.
İslamda nə qədər dini rituallar varsa, hətta ateist sovet dönəmində də onların hamısını tam yerinə yetirimişik. Bayram ənənnələrimiz bu gün qorunub saxlanır. Göyçədə hər kənddə qədim məscidlər vardı, hər kəsin and yeri idi.
Göyçənin çox qədim yaşam ənənələri, mədəniyyəti, spesifik mətbəxi olub. Bu ənənələri biz bu gün də yaşadırıq. Amma toplu halda dədə-baba yurdumuzda yaşayarkən bu adət-ənənələr, mədəniyyət təbii ki, tam fərqli idi. Bizim ənənələrdən xüsusən Novruz Bayramını qeyd etmək istəyirəm. Bu bayram Göyçədə çox təm-təraqla keçirilərdi. Bir ay öncədən hazırlıq gedərdi. 21-22 marta Qırmızı bayram deyilərdi. Qız-gəlinlər al-əlvan geyinər, müxtəlif şirniyyatlar bişirlər, papaq atılar, bayram axşamı səmaya lopa (şam) düzəldib atardıq. Hamı bir-birini axtarırdı. Göyçədə məskunlaşdırılmış ermənilər bizim bu bayram ənənəmizə heyranlıqla baxardılar. Novruz bayramında Göyçə azərbaycanlıları ermənilərə də bayram sovqatı göndədərdilər. Təəssüflər olsun ki, ermənilər öz mənfur xislətlərinə sadiq qaldılar.
Toylarımız çox təm-təraqlı keçərdi. Şah da bəy evinə piyada gəlib tarixdə. Amalımız, arzumuz dədə-baba yurdumuza qayıdıb, ənənələrimizi orada davam etdirməkdir.
Mənim doğulduğum Nərimanlı kəndi Göyçənin akademiyası adlanardı. 200-ə yaxın həkim, 3000-dən çox müəllim çıxıb bu kənddən.

Becan Qasımov (Göyçəli):
- Nərimanlı kəndindənəm. Uzun illər Göyçə mahalında yaşamışam, Rayon Partiya Komitəsində ermənilərlə birgə də işləmişəm. Onların nə cür saxtakar olduqlarını canlı görmüşəm. Biz nə zamansa Göyçəyə qayıdacağıq. Göyçəni görmədən onun nə cür gözəl yer olduğunu izah etmək çətindir. Göyçə Göyçək sözündən əmələ gəlib. Göyçəlilər qapını açıq qoyurdu ki, qonaq gəlsin, qulluğunda duraq.
Tarixən əhali təsərrüfatla məşğul idi, taxılın məxsusi sortu vardı, biz onu başqa heç yerdə görmədik.

Göyçəli jurnalist Amil Qurbanov:

- Göyçə mədəniyyətindən, ənənələrindən günlərlə danışsaq da, bitməz. Xüsusi yemək növləri vardı Göyçədə. 11 yaşıma qədər Göyçədə yaşamışam. Zəngin mədəniyyəti olub. Evə qonaq gələndə böyüklərin yanında çörək yeməzdik. Gözəl ənənələri ata-babalarımız bizə öyrədədirlər. Oxumayan adama yaxşı münasibət göstərmirdilər ki, oxumur. Göyçədə tarixən qızıl yataqları vardı, indi ermənilər onu dünyaya çıxarır. Novruz bayramını Göyçədən yaxşı heç yerdə keçirməyiblər.
Göyçədə təndiri yerdən hörərdilər, çörək bişəndən sonra ayaqlarını isti təndirin içinə sallayardı, bu xüsusi ənənə idi, sağlamlığa böyük faydası vardı. Evə qonaq gəlirdisə, evdə ən ləziz yeməklər ona verilərdi. Hamı nehrə yağı istifadə edirdi, mağaza yağı almaq qəribə idi.
Burdakı gənc nəsil təəssüf ki, ənənələrimizi bizim qədər mənimsəyə bilmir, çünki toplu yaşam yoxdur. Biz övladlarımıza bunu davamlı şəkildə öyrədir, yaşadırıq. Uşaqları evləndirəndə göyçəli ilə ailə qurmasına çalışırıq ki, ənənələrimizi daha çox qoruya bilək. Göyçədə hər bir kənddə məscid vardı, ermənilər onların çoxunu dağıdıblar.

“Azərfax” İnformasiya Agentliyinin rəhbəri, tanınmış jurnalist Nicat Dağlar:
- Göyçə, Zəngəzur, İrəvanla bağlı təbliğat çox mühümdür. Bu dövlətimizin strateji məsələlərindən biridir. Ermənilər, dünya bilməlidir ki, bizim Qarabağ məsələsinin həllindən sonra tarixi torpaqlarımız olan Göyçə, Zəngəzur, İrəvanı da unutmayacağıq, öz tarixi torpaqlarımıza qayıtmaq üçün addımlar atacağıq, hüquqi müstəvidə mübarizəmizi davam etdirəcəyik. Yəni ermənilər də, dünya da bilməlidir ki, bizim işğalda olan təkcə Qarabağımız deyil, daha böyük ərazilərimiz var ermənilərdə.
Ermənilər məqsədli şəkildə yalanlar quraşdırırlar. Bunları faş etmək üçün biz faktlarla danışırıq, tarixi göstəririk.

 

Göygöl Ağsaqqallar Şurasının sədri, Göyçə əsilli, 83 yaşlı Azadxan Haqverdiyev:
- Göyçənin tarixi çox qədimdir, gözəlliyinə, göyçəkliyinə görə Göyçə adı verilib. 600-cı illərdə ərəblər Göyçədən gəlib qızıl filizləri daşıyıblar dəvələrlə. Bu dəqiq bir tarixdir. 9-cu əsrin albanlar kilsəsi var Göyçədə. Göyçə gölü böyük şöhrətə malik olan göldür. Tarixi insanları olub, loğmanları, alimləri, ağaları, bəyləri olub; Səməd ağa, Böyük ağa, Qulu ağa olub. Bizim İrəvanımızı da mənimsəyiblər. Göy məscid İrəvanın Azərbaycan torpağı olmasına sübutdur. Erməni torpağı olsaydı, orada kilsə tikərdilər. Ermənilər ora 17-18-ci əsrlərdə pinəçiliklə, fəhləliklə məşğul olmağa gəliblər. Çar Rusiyası və SSRİ dövründə isə Ermənistan dövləti yaratdılar. 200 ildən o yana keçmir ermənilərin bizim Qərbi Azərbaycana gəlişi.

Göyçənin məxsusi ənənələri olub. Çox qonaqpərvər camaatdır. Mətbəximiz – naz-nemətlərin toplusudur. İnsanlar əksər məhsulları özləri becərib əldə edib. Heyvandarlıq, tütünçülük, taxılçılıq, bağçılıq sevimli məşğuliyyət olub.
Göyçə mədəniyyəti Azərbaycanın ümumi mədəniyyətinin tərkib hissəsidir. Bayramlarda az qala 10 gün şənlənir, qonaq gedirdilər.
Novruz bayramının sonunda sulaşma adlı ənənə vardı, hərə əlində bir vedrə su, qarşısına çıxanı isladırdı, hamı da buna ənənə kimi yanaşıb, kimsə inciməyib. Sovet vaxtı da qadağan edə bilmirdilər Novruz bayramını.

_MG_4672.JPG (5.79 MB)

 

 

Qazilər Birliyinin rəhbəri, döyüşçü, göyçəli İlqar Əhmədov:
- Biz Göyçəyə bu gün həsrətik. Amma bu həsrət əbədi ola bilməz. Dədə-baba qəbirlərimiz orada qalıb. Biz tarixi torpaqlarımızı unutmuruq və o yurdumuz da qayıdacağıq.

Əlil Qadınlar Cəmiyyətinin sədri, Göyçə əsilli Süsən Qurbanova:
- Bura gələndə 23 yaşım vardı. Mən ənənələrimizi Göyçənin özündə görmüşəm. Yağı dəriyə doldurub saxlayırdılar, dəyməmiş yeməzdilər. Bir çox geyimləri yundan toxuyurduq. Çay, şəkər və sabundan başqa heç nə almırdıq. Qurud bizim sevimli ərzağımız olub. Qurudlu xəngəl bu gün də məşhurdur və bütün Azərbaycanda sevilir.
Novruz bayramını, 4 çərşənbəni yüksək qeyd edərdik. Bayramda küf asardılar bacadan, oğlan-qız hamı toplaşardı. Qadınların təhsil almaq ənənəsi Göyçədə hələ əsrin əvvəllərində başlayıb.
Xalçaların, gəbələrin, kilimlərin xüsusi, Göyçəni əks etdirən naxışları olub. Neçə əsrlik tarixi olan xalılardır. Kəlağayı bizim ənənəmiz olub, anam SSRİ dövründə də bunu istifadə edirdi. Lavaş haqda birmənalı olaraq danışaq, Qərbi Azərbaycanın spesifik yeyəcəyi idi.
Ənənələrdən biri də aşıq məclisləri idi.


Göyçə əsilli Zaur Abbasov:
- Sosial şəbəkələrdə maksimum aktiv olmalıyıq. “Qərbi Azərbaycanlılar” qrupunda təbliğatı maksimum aparmağa çalışırıq. Biz də müxtəlif mənbələrdən fotoşəkillər alaraq tarixi torpaqlamızın bu gününü və dünəni müqayisəli şəkildə veririk. Yeni çəkilən şəkillərdən görünür ki, abadlaşan kənd-qəsəbə yoxdur, bizdən necə qoparıblar, eləcə də istifadə edirlər. “Erməni xəstəliyi” deyilən bir mərəz var: – yalan uydurur və sonra həm özünü, həm də digərlərini buna inandırmağa çalışır.
İrəvandan 1918 və 1948-ci illərdə deportasiya edilmiş Azərbaycanlıların bir hissəsi də kompakt şəkildə Göyçay rayonunun Potu kəndində yaşayırlar. Layihə çərçivəsində onlarla görüşüb danışarkən məlum oldu ki, ötən müddətdə öz məxsusi ənənələrini, mətbəxlərini qoruyub saxlamağa çalışırlar və tarixi vətən unudulmur.

 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR