İnsanlara hürriyət, millətlərə istiqlal!

QƏZET KÖŞKÜNDƏ QARŞOK

1731 14.01.2012 09:55 Yazarlar A A
Bu dəfə “Kiosk Press” yazılmış köşklərdən yazacam, amma bunun üçün bir əhvalatı hökmən danışmalıyam. Lap uşaq idim. Babam Tiflisdəki xəstəxanaların birində yatırdı. Ona baş çəkməyə gedən anam məni də yanınca aparmışdı. Palatada babamdan başqa 4-5 xəstə vardı. Söhbətlərdən belə başa düşdüm ki, xəstələrdən biri bizim qonşu rayondan olan türk, qalanları isə gürcülərdir. Biz bir az oturmuşduq ki, həmin türk xəstənin qohumları da ona baş çəkməyə gəldi. Bir qadın gətirdiyi yemək və sovqatları zənbildən bir-bir çıxarıb xəstənin dolabının üstünə düzməyə başladı. Lap sonda içində evdə bişmiş yemək olduğu güman etdiyim ağzı qapaqlı, təkqulplu bir emallı qabı da çıxarıb stolun üstünə qoydu. Elə həmin xəstəyə iynə vurmaq üçün palataya gəlmiş tibb bacısı bu qabı görən kimi bərkdən qışqırdı və sanki yeməyi gətirən həmin qadını öldürəcəkmiş kimi gürcücə ona deyinməyə başladı. Mən nə baş verdiyini başa düşmürdüm. Tibb bacısı deyinə-deyinə palatadan çıxdı, həmin xəstə və onun yanına gəlmiş qadın pərt idilər, qalanlar isə kimi ucadan, kimi də qımışa-qımışa gülürdülər.
Sonra məsələ mənə aydın oldu. Sən demə, qadının içində yemək gətirdiyi qab qarşok (bu sözün bizim türkcəmizdə adını bilmirəm) imiş. O qarşok ki, onu körpə uşaqların altına tuturlar. Düzü, o anadək mən də bilmirdim ki, qarşok deyilən bir şey var və o nə üçün istifadə edilir. Sadəcə olaraq o vaxtlar qarşok biz tərəkəmələrin məişətində hələ özünə yer tapmamışdı. Yazıq o arvad da mənim kimi, nə bilsin ki, bu qarşok zəhrimar nə üçündür, nə vaxtsa dükanda gördükdə elə bilib təkqulplu balaca badyadır. Bir azdan həmin tibb bacısı həkimlə bərabər palataya qayıdandan sonra məsələyə aydınlıq gətirildi. Çünki tibb bacısı əvvəlcə elə bilmişdi ki, həmin qadın tam təyinatı üzrə istifadə olunan qarşoka bu dəfə yemək doldurub xəstə yanına gətirib.
Yəqin yazını bura qədər oxuyub, həm də fikirləşirsiniz ki, qarşokun “Kiosk Press” köşkünə nə aidiyyəti var. Var, özü də birbaşa! Çünki şəhər rəhbərliyi “Kiosk Press” köşklərin içinə körpələrin qarşokun içinə etdiyindən edib. Fikir vermişəm, şəhəri həmin köşklərlə doldurublar. İnsafən çox yaraşıqlı və modern görünüşləri var. Bir qayda olaraq şəhərin tünlük, dar və basabas yerlərində quraşdırılmış bu köşklər şəhərin səkilərində əlavə sıxlıq yaradır. Digər tərəfdən isə bu köşklər qəzet-jurnal satışı üçün nəzərdə tutulsa da, orada qəzet-jurnaldan başqa hər şey satılır. Onlar əsl baqqal dükanlarıdır. Xeylisində ümumiyyətlə qəzet-jurnal yoxdur, qalanlarında isə bir küncə iki-üç dənə qəzet qoyublar. Faktiki olaraq dövri mətbuatın satışı bəhanəsi altında yüzlərlə dükan yeri satıblar. Bir nəfərdən öyrənmişəm ki, hər bir köşk üçün yaxşıca pul alıblar.
Onsuz bu mövzuda yazı yazmağı planlaşdırırdım. Dünən rastlaşdığım hadisədən sonra qərarımı qətiləşdirdim. Metronun “Neftçilər” stansiyasının üstündəki “Kiosk Press” köşkünə yaxınlaşıb “Yeni Müsavat” qəzeti istədim. Daxılın arxasında iki oğlan var idi. Onlar təzəcə gətirdikləri şirniyyat və oyuncaqları yerbəyer etməklə məşğul idi. Əvvəlcə gözlərini döyüb üzümə baxdılar, sonra da məndən qəzetin adını bir də soruşdular. Heç biri belə bir qəzet adını eşitməmişdi. Onlardan biri köşkə gətirilmiş qəzetlərin siyahısını götürüb yoxlamağa başladı. Bir-iki dəfə aşağı-yuxarı baxsa da heç nə tapa bilmədi. Birdən o birisi barmağını siyahıya tuşlayıb “ə, tupoy budur də” deyib orada qəzetin adını göstərdi. Məlum oldu ki, köşk təzə qoyulanda bir-iki gün qəzet gətirirlərmiş, indi gətirmirlər.
İndi mənə deyin, qarşokun içinə dolma doldurmaqla, qəzet-jurnal köşkünün içinə şirniyyat və xırdavat doldurmağın bir fərqi varmı?
P.S. “Kiosk Press” köşkündən aralananda gözüm satışa qoyulmuş xırdavatın içində qarşoka sataşdı, amma o, plastmasdan idi...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR