İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəza törədən Taekvando Federasiyasının kuratorunu cəzadan yayındırmaq istəyirlər

2452 07.08.2015 21:30 Hadisə A A

Xəbər verildiyi kimi, avqustun 2-də Sabunçu rayonu, Bilgəh-Nardaran yolunda “Lexus”, “Range Rover” və “ZAZ” markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1959-cu il təvəllüdlü Ağabala Kamil oğlu Hüseynova məxsus “ZAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb və sürücü hadisə yerində ölüb. 

Maşında olan iki azyaşlı əkiz bacılar Xədicə və Zəhra Hüseynəli, onların qardaşı 11 yaşlı Hüseyn Hüseynəli, eləcə də digər sərnişin Ziya Zahidov 3 saylı Sabunçu rayon Xəstəxanasına aparılıblar. Həkimlərin səyinə baxmayaraq Hüseyn Hüseynəlinin həyatını xilas etmək mümkün olmayıb. Xəstəxanada dünyasını dəyişən 11 yaşlı Hüseyn sürücü A.Hüseynovun nəvəsidir.

Qəzanı törədən sürücü peşəkar idmançı, taekvondo üzrə beynəlxalq yarışların qalibi Fəqan Umudovdur. O, Taekvando Federasiyasında kurator vəzifəsində çalışır.

Bəzi saytlarda F.Umudovun müdafiəsinə hesablanan yazılar dərc olunur. Qeyd edilir ki, saatda 150 kilometr sürətlə hərəkət edən F.Umudov qəzadan yayınmaq istəyib, lakin “ZAZ” sürücüsü A.Hüseynovun ona yol verməməsi səbəbindən bu baş tutmayıb. Qəza zamanı F.Umudovun ayağındakı çəkələk qazın üstünə sıxıldığından qəzadan yan keçmək mümkün olmayıb. 

Bu olaydan az əvvəl Dövlət Yol Polisi sürücülərə çəkələkdə sükan arxasına keçməməklə bağlı xəbərdarlığını yaymışdı. Digər tərəfdən isə respublika ərazisində 120 kilometr saatdan artıq sürətlə hərəkət etmək qadağandır. Baş vermiş qəza A.Hüseynovun hansı bir manevri düzgün etməməsi səbəbindən baş veribsə belə, bu digər sürücüyə 150 ilə onun idarə etdiyi maşının üzərindən keçmək səlahiyyətini vermir.  Hər halda bütün bu məqamları istintaq orqanının  diqqətindən kənar qalmayacaq və F.Umudov da hər kəs kimi baş verən qəzaya görə qanun qarşısında cavab verəcək.   

Yada salaq ki, prezident İlham Əliyev hökumətin iclaslarından birində xəbərdarlıq etmişdi ki, məmur övladları qudurğanlıq etdikdə özləri cəza almaqla yanaşı ataları da işdən çıxarılacaq. Sonardan reallıqda da belə oldu. Oğlu İsmayıllıda iğtişaşlara səbəb olmuş Füzuli Ələkbərov əmək və əhalinin sosial müdafiəsi naziri postundan uzaqlaşdırıldı. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin keçmiş sədr müavini Mübariz Mədətov da oğlunun güdazına getdi; Xalid Mədətov qəza törədərək xalq artisti Ağasəlim Abdullayevin ailə üzvlərinin ölümünə bais olmuşdu. 

Yevlax Gömrük İdarəsinin keçmiş rəisi Əliməmməd Həsənovun polis orqanlarında işləyən oğlunun əməlləri də nəticəsiz qalmamışdı. Bir neçə ay öncə Zığ şossesində avtoxuliqanlıq edən Tural Həsənov daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polis orqanlarından da xaric olundu. Atası Əliməmməd Həsənov isə Dövlət Gömrük Komitəsinin Yevlax Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edildi. Tərtər rayon icra başçısının keçmiş birinci müavini Vidadi Bəylərov da övladının törətdiyi qəzaya görə işdən çıxarılanlardandır. 

Belə ki, ötən il V.Bəylərovun yeniyetmə oğlu Elxan Bəylərlinin törətdiyi avtomobil qəzası nəticəsində bir nəfər ölüb. Bu fakta görə Tərtər rayon icra hakimiyyəti başçısının keçmiş birinci müavini Vidadi Bəylərov tutduğu vəzifədən azad olundu. F.Umudovun vəzifəli şəxsin yaxını olması haqda məlumatlar olmasa da, onun tutduğu əmələ görə cəzalandırılacağı şübhəsizdir.

E.HÜSEYNOV

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR