Hətta deputat Fazil Mustafa cərimə sanksiyalarının 401 manatdan 50 manata endirilməsini təklif etsə də, bu məsələyə baxılmadı. Bu ərəfədə isə Gürcüstandakı “Qeyrət” təşkilatının sədri Əlibala Əsgərovun Azərbaycandan deportasiya oluna biləcəyi barədə xəbərlər yayılıb. “Bakı xəbər” qəzeti yazıb ki, Ə.Əsgərov deputat Siyavuş Novruzovun parlamentdə millətimizin kimliyi ilə bağlı səsləndirdiyi fikirlərə sərt münasibət bildirdiyi üçün qəzəbə tuş gələ bilər. Bildirilir ki, qanunvericiliyə görə, Ə.Əsgərovun Azərbaycanda parlamentin necə formalaşdırılması ilə bağlı söylədiyi fikirlər hüquqi məsuliyyət də yaradır. Bu, xarici vətəndaşın Azərbaycanın daxili siyasətinə qarışması ilə bağlı qanunvericiliklə qadağan olunan siyasi fəaliyyət göstərmə anlamına gəlir.
Məsələ ilə əlaqədar Ə.Əsgərovla danışmaq istədikdə, onun artıq Gürcüstana döndüyünü öyrəndik. “Qeyrət” sədri “Yeni Müsavat”ın suallarını elə Borçalıdan cavablandırdı.
- Borçalıya belə tez qayıtmağınız hər hansı təzyiqlərlə bağlı oldu, yoxsa özünüz getdiniz?
- Xeyr, mənə heç bir təzyiq olmayıb. Sadəcə, vaxtım çox az idi, bir günlüyə gəlmişdim və yığıncaqdan sonra da qayıtdım. Deportasiya məsələsi qətiyyən yoxdur.
- Bundan sonrakı səfərlərinizə problem yaradılacağını gözləyirsinizmi?
- Əgər mənim gəlişim qadağan olacaqsa və bu, bütün problemləri həll edəcəksə, mən çox məmnun olardım. Azərbaycana gəlmək mənimçün bir o qədər də vacib deyil. Gəlsəydim 90-cı illərdə gələrdim, kimlər ki, getdi. Amma mən buranı seçdim.
- Hesab olunur ki, Milli Məclis haqqında dediklərinizə, Azərbaycanın daxili işlərinə, siyasi proseslərə qatıldığınıza görə məsuliyyət daşıya bilərsiniz.
- Qanunverici orqanın bir nümayəndəsi böyük bir toplumu, yəni Gürcüstan azərbaycanlılarını çıxıb mətbuatda, televiziyada təhqir edəndə ona bir kəlmə deyən yoxdur. Yəni biz doğrudanmı almasatanıq? Biz doğrudanmı Elşad Abdullayevin diplomlarına möhtac qalmış camaatıq? Biz bu günə qədər Azərbaycan dövlətinə və hökumətinə 350 ziyalı vermişik. Onların içərisində professorlar, elmlər doktorları, akademikləri, yazıçıları, dövlət xadimləri var, hamısı Borçalıdan çıxıb. Heç olmasa ağızlarını açıb millət haqqında danışanda düşünsünlər nə danışırlar.
- Sizi qəzəbləndirən YAP-çı deputat Siyavuş Novruzovun çıxışıdır?
- Bəli, əsas söhbət onun dediklərindən gedir. Deməli, parlament tribunasından durub bir toplumu təhqir etmək olarmış. Bizə “almasatan”, “Elşad Abdullayevin diplomları ilə qarşımıza çıxdılar” deyiləndə o parlament hara baxırdı? Təbii ki, gürcüstanlılar buna qarşı çıxacaqdı.
- Necə bilirsiniz, İvanişvilinin Bakı səfərində Borçalılar məsələsi müzakirə olunubmu?
- Onun səfər proqramı mənə məlum deyil. Çox güman ki, Gürcüstan azərbaycanlılarının durumu gündəmə gəlməyib. Özü də mən niyə öz problemini Gürcüstanın baş nazirindən tələb etməliyəm? Axı mən azərbaycanlıyam.
- Yəqin ki, statistikanı aparırsınız, indiyədək nə qədər azərbaycanlı keçid məntəqələrində cərimələnib?
- Son iki həftədə cərimələnənlərin sayı azalıb. Gündə 3-5 nəfərdir. Amma son iki həftəyə qədər hər gün 70-80 nəfər cərimə olunurdu.
- Sizin Azərbaycan rəhbərliyinə ünvanladığınız müraciətlərdən nə xəbər var?
- Bu gün də o müraciətlərimizə baxılmayıb. Amma biz mübarizəmizi davam etdirəcəyik, heç vaxt mübarizəmizi dayandırmayacağıq. Çünki mümkün deyil ki, gürcüstanlı azərbaycanlılar Azərbaycandan təcrid olunsun. Onların ailə bağları, bir-birinə münasibəti o qədər sıxdır ki... Burdakı əhalinin hər 10-dan 8-nin bu və ya digər formada Azərbaycanla bağlılığı var. Bunun qocası, xəstəsi var. Qış mövsümündə burdakı iqtisadi çətinliklər səbəbindən əgər bir övlad valideynini Azərbaycana, öz yanına aparırsa və hər 28 gündən bir valideynini sərhəddin bu üzünə keçirir, təzədən qaytarırsa, bu, heç də millətə qarşı xoş münasibət deyil.
- Aydınlaşdıra bildinizmi qanuna bu düzəlişlər niyə edildi? Doğrudanmı məqsəd Borçalının qorunmasıdır?
- Vallah, mən yenə də aydınlaşdıra bilmədim. Bizim son konfransda da təşkilatçılar 20-dək deputat dəvət etmişdi, ancaq onların yalnız biri iştirak etdi, bir qadın deputat da içəri girdi, ancaq nümayişkaranə şəkildə zalı tərk etdi. Hələ də bizim üçün bu sərtləşdirmənin səbəbi çox müəmmalıdır və çox müəmmalı olaraq qalır. Bizlərin burdan dağılmasını istəməyən dövlət vaxtında tədbirini görərdi. Bu proses 20 ildir davam edir. 20 il bundan qabaq kimlər köçüb gedibsə, gedib, bu gün artıq köçmək iqtidarında olan insan da qalmayıb burda. Gedənlərin də hamısı bir tikə çörəyə gedir oraya. Hardasa, kiminsə qarşısında alçalıb qeyri-rəsmi iş yerlərində çalışanlar ancaq çörəkpuluna işləyir.
- Çox maraqlıdır, Gürcüstandakı ermənilər Ermənistana necə gedib-gəlirlər, onların da belə çətinlikləri varmı?
- Gürcüstandakı ermənilər Ermənistana heç bir sorğu-sualsız, müddətsiz, nə qədər istəsələr gedib-gələ, orda qala bilirlər. Onlar üçün heç bir problem yoxdur. Hətta ermənilər Ermənistan pasportu alıb Rusiyaya da gedə bilirlər...






