Qətldə ittiham olunan 20 yaşlı qız: “Peşman deyiləm”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Xaçmaz rayon sakini, 1995-ci il təvəllüdlü Səringül Ramazanovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Eldar İsmayılov sədrlik edib. Prosesdə təqsirləndilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı fevralın 18-nə təyin edilib.
Qeyd edək ki, qətl hadisəsi ötən il oktyabrın 10-u Novxanı qəsəbəsində baş verib. Xaçmaz rayon sakini Səringül Ramazanova Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Anar Məmmədovun boyun nahiyəsindən bıçaqla xəsarət yetirdiyinə görə tutulub.
A.Məmmədov aldığı xəsarətlər nəticəsində oktyabrın 12-də xəstəxanada dünyasını dəyişib.
Bildirilir ki, Səringül Ramazanova qaydasız döyüş idman növü ilə məşğul olub. Dəfələrlə yarışlarda iştirak edib. Hadisədən sonra 20 yaşlı qız ilkin ifadəsində dünyasını dəyişən 31 yaşlı A.Məmmədovu ona və ailəsinə nalayiq sözlər dediyinə görə bıçaqladığını və əməlinə görə peşman olmadığını bildirib: "Məni təhqir etdi, sonra şillələməyə başladı. Bu, mənə lap pis təsir etdi, bıçağı götürüb üstünə yeridim. Bıçağı qarnına soxmaq istəyəndə, obyektin sahibi gəldi. Əlimi geriyə çəkəndə oğlanın boğazı kəsildi. Mənim nəslimi söydü, peşman deyiləm. Özümü təqsirli sayıram, amma peşmanlıq çəkmirəm. Başqası olsaydı da eyni şeyi edərdim. Ailəmdən biri də mənim var-yoxumu söysəydi, onu da öldürərdim”.






