İnsanlara hürriyət, millətlərə istiqlal!

QƏTL TÖRƏDƏN DEPUTATLIĞA KEÇMİŞ NAMİZƏDLƏ BAĞLI YENİ XƏBƏRLƏR

4761 11.06.2011 09:46 Siyasət A A
Mərhumun yaxını öncə bildirdi ki, R.Rüstəmov kriminal ailəmə yaxın adam olmayıb: “Rövşən 1993-cü ildən 1998-ci ilə qədər Dövlət Xüsusi Mühafizə Xidmətində baş leytenant kimi çalışıb. Sonradan səhhəti ilə əlaqədar öz ərizəsi əsasında işdən çıxıb”. Onun sözlərinə görə, R.Rüstəmov qeyd olunan xidmətdən işdən çıxandan bir il sonra “Rövşən” Mənzil Tikinti Kooperativi yaradıb və ora rəhbərlik edib. Onun N.Orucovla tanışlığına toxunan həmsöhbətimiz bildirdi ki, təxminən 3 il öncə mərhumun Şakir adlı tanışı N.Orucovu onunla tanış edib. R.Rüstəmovla N.Orucovun arasında yaranan mübahisəyə gəlincə mərhumun yaxını dedi ki, sonuncu birinciyə pul borclu olub. O, həmin borcla bağlı N.Orucovla R.Rüstəmov arasında anlaşma haqda hər iki şəxsin imzası ilə imzalanan anlaşma sənədini də bizə təqdim etdi. 2009-cu ildə yazılmış anlaşmada bunlar qeyd olunub: “Mən Orucov Nadir Oruc oğlu may ayında Rüstəmov Rövşən Nəcəf oğlundan 70 min manat pul aldım. Həmin pulun müqabilində Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 23 19-cu məhəllədə Kərimov Muğan Kərim oğlunun adına tikiləcək iaşə obyektinin layihə sənədləri və sərəncamı almalıyam. Bundan başqa Rüstəmov Rövşən Nəcəf oğlundan 9-cu mikrorayonun H.Babayev küçəsində inşa etdiyi binadan 33, 95, 100, 108, 124 və 156 saylı mənzilləri götürdüm. Həmin evlərin dəyəri 440 000 dollar hesablandı. Bu məbləğə görə Orucov Nadir Oruc oğlu Rüstəmov Rövşən Nəcəf oğluna Babək prospektində yerləşən 11 sot ərazidə avtomobillərin satış mağazasının layihə və sərəncamını verməlidir. Bu anlaşma Orucov tərəfindən 3 ay ərzində yerinə yetirilməlidir. Əks təqdirdə evlərin müqaviləsi pozulacaq və hüquq-mühafizə orqanlarına müraciət olunacaq. Sənədin düzgünlüyünü imzalarımızla təsdiq edirik”.
Anlaşmanın sonunda hər iki şəxsin imzası var. R.Rüstəmovun iki dəfə Həcc ziyarətində olduğunu deyən yaxını onun xeyirxahlıqla məşğul olduğunu da söylədi: “Rövşən dindar olduğu üçün insanlara pislik etmək istəməyib. Buna görə də o, Nadir Orucovdan hüquq-mühafizə orqanlarına müraciət etməyib və düşünüb ki, pulunu qaytaracaq. Hadisədən 3 gün öncə Rövşən pulunu geri almaq üçün Nadirlə onun ofisində görüşüb”. Məlumatlara görə, N.Orucov R.Rüstəmovla yanaşı daha bir neçə şəxsə pul borclu olub.
Qeyd edək ki, cinayət işini araşdıran Nəsimi Rayon Prokurorluğunun müstəntiqi Vüsal Tağıyev bildirmişdi ki, N.Orucov istintaqa ifadəsində R.Rüstəmovu söyüş söydüyünə görə öldürdüyünü deyib. Müstəntiq onların şərik deyil, sadəcə tanış olduqlarını demişdi: “Onların arasında borc söhbəti olmayıb. Mübahisə başqa səbəbdən baş verib. Lakin istintaq sirri olduğundan açıqlamaq düzgün deyil”. Dünən təhqiqatın gedişi ilə bağlı Nəsimi Rayon Prokurorluğundan bildirdilər ki, N.Orucovun barəsində həbs-qətimkan tədbirinin seçilib-seçilməməsinə baxılması üçün günün sonunda o məhkəməyə aparılacaq.
Xatırladaq ki, N.Orucov 2005-ci ildə 9 saylı Binəqədi II, 2010-cu ildə isə 21 saylı Nəsimi I seçki dairəsindən deputatlığa namizəd olub. O, həm də “Zivər Nadir” MTK İstehsalat Kommersiya firmasının baş direktoru, sahibkardır. N.Orucovun qətl törətdiyi ofisin yaxınlığında marketi, avtoyuma məntəqəsi və kafesi var. Bundan başqa mətbuatda onun Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyinin rəhbəri olduğu haqda məlumatlar yayılıb. Bununla bağlı dünən DAK-ın İdarə Heyətinin üzvü, əməkdar artist Ağalar Bayramov redaksiyamızla əlaqə saxlayaraq bəzi məsələlərə aydınlıq gətirdi: “Qulamrza Səbri Təbrizi DAK-ın rəhbəri deyil. Qulamrza Səbri Təbrizini və böyük Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadəni hörmət əlaməti olaraq DAK-a fəxri sədr seçmişik. Nadir Orucov həmsədrləri dünya şöhrətli həkim, professor Paşa Qəlbinur və "Günaz" TV-nın rəhbəri Əhməd Obalı olan DAK-ın Azərbaycan nümayəndəliyinin sədridir".
N.Orucovun Q.S.Təbrizinin əlaqələrindən və nüfuzundan istifadə edərək deputat seçilmək istəməsi haqda iddialara toxunan A.Bayramov bunun həqiqət olmadığını söylədi: “DAK yaranandan bəri əqidəsi, vicdanı ilə xidmət edən adamlardan biri də Nadir Orucovdur. Onu istəməyən qüvvələr də var. Nadir Orucov çox xeyirxah insandır”.
Bu arada “Bizim yol” qəzetini N.Orucovun Milli Məclisin sədri Oqtay Əsədovun xalası oğlu olduğunu yazıb. Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu musavat.com-a bildirib ki, N.Orucovun O.Əsədovun xalası oğlu olması haqda yayılan məlumatlar düzgün deyil". Digər mənbədən əldə etdiyimiz məlumata görə, N.Orucovla O.Əsədov xalanəvəsidirlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR