İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbin təzyiqləri siyasi məhbusların azadlığa buraxılmalarını ləngidirmi?

555 19.09.2015 08:30 Siyasət A A

Son günlər Qərbin Azərbaycan hakimiyyətinə  təzyiqləri artıb.  Əvvəlcə Avropa Parlamentinin məlum qətnaməsi, ardınca isə ATƏT-in noyabrın 1-də keçiriləcək parlament seçkilərinə müşahidə göndərməkdən imtina etməsi, əvvəllər də soyuq olan Azərbaycan-Qərb münasibətlərini daha da kəskinləşdirdi.

Hazırda rəsmi Bakı ilə Avropa arasında söz savaşı gedir. Bəzi ekspertlər hesab edirlər ki, münasibətlərin bu şəkildə davam etməsi ilk növbədə, hazırda həbsxanada olan siyasi məhbuslarımızın azadlığa çıxmasına ciddi əngəl törədəcək. Çünki xarici təşkilatların Azərbaycan əleyhinə olan bəyanatlarının, xüsusilə, Avropa Parlamentinin qətnaməsinin əsas məğzini siyasi məhbusların azadlığa buraxılması təşkil edir. Təcrübədən çıxış edərək qeyd etmək olar ki, Azərbaycan hakimiyyəti indiyə qədər Qərbin tələblərini yerinə yetirmək əvəzinə, daim dirəniş göstərib. Son günlərdə də Qərbin ölkəmizə qarşı göstərdiyi münasibətə iqtidarın sərgilədiyi mövqe hər kəsə aydındır. Rəsmi Bakı sentyabrın 14-də keçirdiyi parlamentin növbədənkənar sessiyasında Avropaya “müharibə” elan etdi. Bütün bunların fonunda bir sual meydana çıxır. 

Qərbin təzyiqləri Azərbaycanda siyasi məhbusların azadlığa çıxmalarını gecikdirdimi?

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı hesab edir ki, əfv sərəncamının verilməməsinə səbəb olan amillərdən biri də, bayramqabağı Azərbaycana qarşı olan beynəlxalq təzyiqləridir: “Əfv yalnız siyasi məhbuslara aid olmur. Əfv fərmanı ilə çoxlu sayda insan azadlığa buraxılır. Gördüyünüz kimi bu il çoxlu sayda ailənin gözü yolda qaldı. Düşünürəm ki, dediyiniz kimi əfvin gecikdirilmə səbəblərindən biri də ,ölkənin əlamətdar günləri qabağı beynəlxalq təşkilatlardan olan təzyiqlərdir. Beynəlxalq təşkilatların siyasi məhbusların müdafiəsi ilə bağlı apardığı mübarizəni qiymətləndirir, onlara təşəkkür edirəm. Ancaq düşünürəm ki, müdafiə strategiyasında müəyyən dəyişiklik etsələr, bu daha müsbət nəticə verə bilər”.

Politoloq Natiq Miri bildirdi ki, hakimiyyət bu cür situasiyalarda fərqli mövqe sərgiləyir: “Bu illərdə hakimiyyətin psixoloji xarakterini cəmiyyət bilməmiş deyil. İqtidar təzyiqləri qətiyyən xoşlamır. Hesab edilər ki, təzyiqlərdən sonra müəyyən güzəştlərə getsələr, cəmiyyət daxilində  mənfi fikir formalaşar. Hakimiyyətin əleyhinə çevriləcəyindən ehtiyatlanırlar. Fikir verirsinizsə, bir təzyiq olan kimi, iqtidar üsyankar formada mövqe bildirir. Xüsusilə, Qərb çevrələrinə. Bu baxımdan deyə bilərəm ki, bu cür bəyanatlar məhbuslar məsələsini ləngidə bilər. Çünki hakimiyyət istəmir ki, beynəlxalq təzyiqlər altında öz vətəndaşını azad etsin. Dəfələrlə demişəm ki, bunu hakimiyyət Qərbin təzyiqləri yox, cəmiyyətimiz naminə etməlidir. Həbsdəki insanlar kimliyindən asılı olmayaraq, ”beşinci kolon" adlandırılsa da, cəmiyyət üçün heç bir təhlükə törətmirlər. Bunlar barədə sadəcə onu demək olar ki, onlar Azərbaycanın Qərbə inteqrasiya xəttini dəstəkləyirlər. Ola bilsin ki, maliyyə məsələsində Qərbdən ciddi dəstək alıblar. Amma demək mümkün deyil ki, Azərbaycanın bütün mənalarda mövqelərini Qərbə satıblar. Azərbaycan Rusiyadan təzyiqlər olanda, geri çəkilməyi özünə eyib bilmir. Amma Qərbdən bir tələb olanda dərhal təzyiq kimi qələmə verilir. Bütün bunlar əfv və bu kimi proseslərə ciddi əngəl törədir".

Cavanşir ABBASLI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR