İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qərbi azərbaycanlılar hansısa boşboğazın yox, dövlətin yanındadırlar” – Fəzail Ağamalı

2537 18.10.2019 18:00 Gündəm A A

 

“Əli İnsanov təmsil olunduğu komandaya xəyanət eləyib”

Sabiq səhiyyə naziri Əli İnsanov həbsdən azadlığa çıxanda bəziləri az qala onu Nelson Mandela kimi qarşılayırdılar. Bir eyforiya, bir ajiotaj varıydı ki, gəl görəsən...

Sonra bu entuziazm öləziməyə başladı. İndi cəmiyyəti Ə.İnsanov personajı qətiyyən maraqlandırmır. Onun çıxışları, açıqlamaları solğun görünür, müzakirələrə səbəb olmur. Elə sonuncu müsahibəsi də ictimaiyyətin diqqətini cəlb eləmədi. 

O, müsahibəsində gah siyasi təşkilat yaratdığını, gah müxalifət olacağını, gah ofis axtardığını deyir, gah da ölkədə azadlıqların olmadığını bildirir. Amma İnsanovun “ölü doğulacaq” təşkilat indidən cazibədar görsənmir.  

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı ilə söhbətimizdə bu və digər məsələlərdən danışdıq. Onun “Yeni Müsavat”a müsahibəsini təqdim edirik: 

- Fəzail müəllim, Əli İnsanov azadlığa çıxanda fərqli reaksiya varıydı, indi başqa mənzərədir. Sizcə, bu, onun personası ilə bağlıdır?

- Bu, gözlənilən idi. O, həbsdən çıxanda elə bildi ki, verdiyi bəyanatlar ona nüfuz gətirəcək, cəmiyyətə azadlıq mücahidi təsiri bağışlayacaq. Amma belə olmadı. Çünki onun keçmişi göz önündədir. 

Əli İnsanov təmsil olunduğu komandaya xəyanət elədi. O, Rəsul Quliyev və Fərhad Əliyevlə bir araya gələrək dövlət çevrilişinə cəhd etdi və vaxtında bunun qarşısı alındı. 

Ondan sonra Əli İnsanov layiqli cəzasını aldı. Nəticədə həbsdə özünü əyilməz biri kimi göstərmək istədi. Halbuki, istintaq dövründə onun prezidentə yalvarış dolu məktubu mətbuatda çıxmışdı. Ona görə də insanların gözü açıqdır, Əli İnsanovun avantürüst çağırışlarına cəmiyyətdən dəstək gəlmədi. Elə güman edirdi ki, Qərbi azərbaycanlılar onun yanında olacaqlar. Amma bu məsələdə də yanlışlığa yol vermiş oldu. 

Çünki Qərbi azərbaycanlılar hasısa boşboğaz, avantürist birinin yox, dövlətin və dövlətçiliyin yanındadırlar. Onlar Heydər Əliyevin siyasi kursunu dəstəkləyirlər. Bu gün də dövləti inkişaf etdirən, ciddi uğurlara imza atan prezident İlham Əliyevdir. 

Əli İnsanov o vaxt hörmət qazanardı ki, həbsdən çıxanda belə aqressivlikdənsə evinə gedərdi, ona böyük imkanlar açan ulu öndərin məzarını ziyarət edərdi, baş əyərdi, sonra addımlarını ölçüb-biçərdi. 

Amma bunu etmədi. Əvəzində onun çağırışları puça çıxdı, fiaskoya uğradı. Bu gün Əli İnsanov heç kimin yaddaşında qalmayıb. O, sadəcə, komandasına xəyanət etmiş qisasçı kimi özünü ifadə etməkdədir. 

- Sizcə, onun aqressiyasının arxasında nə dayanır? 

- Hikkə insanı idarəolunmaz vəziyyətə gətirir. Onun kifayət qədər yaşı var. Əli İnsanov özü-özlüyündə götür-qoy edib addımlar atmalıdır. Əgər öz iddialarında qalırsa, bu, öz seçimidir. Hər kəs qurum yarada və ya təşkilata üzv ola bilər. İnsan seçimində azaddır. O, necə arzulayırsa, buna Azərbaycandakı mühit və qanunlar məhdudiyyət yaratmır. 

Lakin əminəm ki, təşkilat yaratmaq arzusu boşa çıxacaq, fiaskoya uğrayacaq. Hətta ən gözəl ofis tuta bilər. Birmənalı şəkildə deyərdim ki, İnsanovun siyasətdə yeri yoxdur, çünki bu yerlər tutulub. 

Təbii ki, o, müxalifətdə olmağa çalışacaq. Amma görəsən Müsavat, REAL, AXCP adı altında olan kəslər, Ümid Partiyası, VİP, yoxsa parlament partiyaları ilə rəqabət aparacaq? Olsa-olsa məhdud imkanları ilə dərnəyə bənzər ofis yarada bilər. Amma siyasi həyata böyük təsir imkanları olmayacaq. Heç onun yaşı da imkan vermir ki, siyasi proseslərdə uzun müddət missiyasını yerinə yetirə bilsin. Ən əsası isə cəmiyyət tərəfindən qəbul olunmayacaq. Yenə də özü bilər. 

- Maraqlıdır ki, İnsanov azadlıqdan, korrupsiyadan pafosla danışır. Amma ona qarşı olan əsas arqument budur ki, nazir işləyəndə səhiyyədə rüşvət baş alıb gedirdi. 

- Bir hikmətli rəvayət var: atanın övladı xəstəlikdən əziyyət çəkir. Oğlu üçün əlindən gələni edir, alınmır... Eşidir ki, bir loğman var, oğlunu onun yanına aparır. Loğman baxır və deyir ki, sabah gəlin. Onlar gecələyir və bir də gəlirlər. Loğman söyləyir ki, oğlunun xəstəliyi xurmadır, əgər yenə yesə, öləcək. Atası loğmana qayıdır ki, elə bunu dünən deyərdin də, bizi niyə bir gün gözlətdin? Loğman deyir ki, dünən özüm xurma yemişdim. İndi Əli İnsanov nazir işləyəndə korrupsiyanın içindəydi. Ən azı bunları danışmasın. 

- Fəzail müəllim, İnsanov hesab edir ki, siyasət meydanı daralıb, daxili və xarici siyasət yoxdur, ayrı-ayrı şəxslərin siyasətləri var. Siz necə düşünürsünüz? 

- Mən bir daha qeyd edirəm ki, Əli İnsanov üçün siyasət meydanı tutulub. Çünki siyasət meydanında olanlar öz fəaliyyəti ilə məşğuldur və bunu dövlətin üzərinə qoymaq ədalətsizlikdir. Dövlət bütün imkanları yaradıb. Prezident müşavirədə hər birimizin düşündüyünü açıq şəkildə bəyan etdi və kifayət qədər ciddi məsələləri ortalığa qoydu, iradəsini ifadə etdi. Xarici siyasətdə isə ən uğurlu ölkələrdən biriyik. Azərbaycan regional layihələrin, Şimal-Cənub nəqliyyat dəhlizinin müəllifidir. 

Əli İnsanovun həbsdə imkanı olmayıbsa, indi tarix kitablarını oxusun. Azərbaycan elə bir ölkədir ki, Ermənistan istisna olmaqla, bütün dövlətlərlə yüksək münasibətləri var. Elə bu günlərdə Bakıda türk dövlətlərinin növbəti sammiti keçirildi. Bu ideya böyük türkçü Nursultan Nazarbayevin təşəbbüsü ilə olsa da, cənab İlham Əliyev tərəfindən reallaşdı. Bunlar ona görə baş verir ki, Azərbaycanın xarici siyasəti uğurludur. 

Bizə müxtəlif ölkələrin rəsmiləri təəccüblə deyirlər ki, Azərbaycan Ermənistan istisna, heç bir ölkə ilə nəinki düşmən, heç soyuq münasibətlərə malik deyil. Bura gələnlər özlərini rahat hiss edirlər. Daxili siyasətə gəlincə, Əli İnsanov Azərbaycanın bölgələrini, Bakını gəzsin, paytaxta nəzər salsın. O zaman fikirlərini korrekt etməli olacaq. Ümumiyyətlə, bu insan bütün şanslarını 2005-ci ildə itirdi. Burada heç kəsin günahı yoxdur, öz günahıdır. 

Bu günahlarını yumaq üçün daha bir şansı var - içindəki qərəzi, hikkəni bir kənara atsın, səmimi olsun və ulu öndərin məzarını ziyarət eləsin, onun ruhundan üzr istəsin, tövbə eləsin, mənim ona bundan sonra əlavə deyəcəklərim yoxdur, vəssalam və nida!

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR