İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbdən qərəzli, Rusiyadan tarazlı mövqe: partiya sədri və ekspert təzadı şərh etdilər

1535 05.12.2020 09:00 Siyasət A A

Demokratik Qərb, insan haqlarını hər şeydən öndə tutduğunu hər addımda bəyan edən Avropa indi barbar, qəddar və işğalçı Ermənistanı müdafiə etməkdədir.

“Yeni Müsavat” bildirir ki, ondan fərqi olaraq Azərbaycan xalqının işğalçı deyib, özünə düşmən hesab etdiyi Rusiya 44 günlük müharibədə özünü daha təmkinli, daha ədalətli və korrekt apardı.

Lakin bizim gözümüzdə parıltılı Qərb və onun riyakar siyasəti hələ də nifrətə səbəb olmur. Halbuki bütün təzyiqlər də Qərbdən oldu, qərəzli yanaşmalar da Avropa mətbuatından gördük, sərsəm bəyanatlar da Qərb təsisatlarından, liderlərindən gəldi.

Adi bir analogiya aparaq, Rusiya prezidenti Vladimir Putinlə Avropanın “demokratiya beşiyi” sayılan Fransanın lideri Emmanuel Makronun 27 sentyabrdan üzü bəri davranışlarını, bəyanatlarını müqayisə edək, nə qədər antaqonist mənzərə ortaya çıxır. Halbuki biz həmişə nicatı Qərbdə görmüşük, onlardan münaqişənin həllində dəstək gözləmişik.

Faktiki isə qorxduğumuz Rusiya 44 gündə Ermənistana hərbi-siyasi dəstəyini vermədi. Bu təzadı necə izah etmək olar?

Qulamhüseyn Əlibəyli: Ermənistan dövlət deyil, terrorçu hörgütdür

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylinin Musavat.com-a bildirdiyinə görə, elə bir təzadın bir neçə səbəbi var. Onun fikrincə, Qərb ölkələrində ikili standartlar artıq dövlət səviyyəsində bir siyasətə çevrilib: “Avropanın müasir siyasətçiləri əvvəlkilərdən daha praqmatik yol tuturlar. Onlar demokratiya, insan haqları kimi dəyərləri kənara qoyaraq merkantil maraqlara üstünlük verirlər. Məsələn, Fransa prezidenti üçüncü şəxslər vasitəsi ilə Qarabağda qızıl yataqlarında iştirak edir, maddi qazancı üstün tutur. Eyni zamanda, bir xristian həmrəyliyi var və Fransanın timsalında digər Qərb ölkələri də Ermənistanı bu aspektdən dəstəklədilər. Digər amil isə Rusiyanın Qərb tərəfindən blokadaya alınmasıdır”.

Əlibəylinin sözlərinə görə, Rusiya 2014-cü ildən sanksiyalara məruz qalır, Qərb bu ölkəni çökdürməyə çalışır: “O halda Rusiya özünə yaxın tərəfdaşlar axtarışına çıxmağa başlayır. Ermənistan müttəfiqdən daha çox Rusiya üçün forpost idi. 2018-ci ildən isə Paşinyanın hakimiyyətə gəlişi ilə Ermənistanın Qərbə yaxınlaşmaq siyasəti Rusiyanın müttəfiqinə münasibətini dəyişdi.

Ona görə Qərb tərəfindən sıxışdırlan Rusiya Cənubi Qafqazda nüfuzunu bərpa etməyə start verdi. Bu baxımdan müharibənin dayandırılmasında iştirak etdi, vasitəçilik missiyasını yerinə yetirdi. Beləliklə, həm Cənubi Qafqazda, həm beynəlxalq aləmdə nüfuzunun artmasına nail oldu, geosiyasi maraqlarını təmin etdi. Yəni birmənalı şəkildə demək olmaz ki, Rusiya tam olaraq bizi müdafiə etdi”.

Ramiyə Məmmədova: “Danışıqların nəticəsi bir müdət sonra bəlli olacaq”

Politoloq Ramiyə Məmmədova Qərb dedikdə xüsusilə Fransanın canfəşanlıq etdiyini düşünür:  “Fransada da ikitirəlik var. Senat qətnamə çıxarır, rəsmi Paris əleyhinə çıxır, parlament “artsax”ı tanıyır, hökumət tanımadığını elan edir. Böyük Fransanın nüfuzu yerlə bir olmaqdadır. Makron özünü tamamilə  biabır edib. Digər Qərb ölkələri - Almaniya, Böyük Britaniya özlərini Fransanın səviyyəsinə endirməyib. Amma bütövlükdə 44 gün ərzində biz Avropadan qərəzli, Rusiyadan tarazlı mövqenin şahidi olduq. Bu, həm də Qərblə Rusiyanın strateji toqquşmasının nəticəsidir”.

Politoloq hesab edir ki, Qərbdən Azərbaycana qarşı təzyiqlərin davamına hazır olmalıyıq: “Üçtərəfli bəyanatdan kənarda qalan Avropa dövlətləri özlərini təcrid edilmiş saydılar. Onların qiymətləndirməsinə görə, arbitr rolunu Rusiya oynayıb, Moskva özünü hakim kimi aparıb. Bu da bizə olan münasibətə təsir etdi. Çünki Avropa qərbpərəst siyasət aparan Paşinyana təzyiq göstərməyəcəkdi. Ümumiyyətlə, biz Avropanı ədalət mücəssəməsi görməkdə çox tələsmişik. Qərb heç zaman hadisələrə münasibətdə haqlının tərəfini saxlamaq mövqeyində olmayıb, onu strateji addımlar, maraqlarının hansı ərazidə necə təmin olunacağı düşündürüb. Ona görə 44 gün bizə fasilə vermədən hücum etdilər, məşhur qəzetləri yalanlar yazdı, az qala müharibəni xristian-müsəlman davası kimi təqdim etdilər. Rusiya isə öz imicini yaxşılaşdırmaq yönündə mühüm addım atdı, müharibəyə müdaxilə etmədi və dünyanın gözündə reputasiyasına xal qazandırdı”.

Emil Salamoğlu,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR