İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb Paşinyanı erkən seçkilərə sürükləyir? - sülh prosesini pozmaq üçün yeni bəhanə

849 02.12.2023 08:25 Siyasət A A

 

 

 

 

Kənan Novruzov: “Bu hekayədə yanan İrəvan olacaq”

 

“Ermənistanda gələn il növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı siyasi dairələrdə fəal söhbət gedir. Üstəlik, bu mövzu hakimiyyət tərəfindən gündəmə gətirilib”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.

Nikol Paşinyan hakim partiyanın idarə heyətinin son iclaslarından birində partiyadaşlarını növbəti dəfə hədələyib: “Əgər belə etsəniz, mən yeni seçkilər keçirəcəyəm, yenidən seçiləcəyəm, ölkənin indiki görkəmini tamamilə dəyişdirəcəyəm. Parlamentə isə yeni bir müxalifət gələcək”, - deyə məlumatda bildirilir.

Siyasi çevrələrdə isə Paşinyanın risk alaraq yenidən seçilmək üçün inzibati resurslardan geniş şəkildə yararlanmaqla erkən seçimə gedəcəyi danışılır. “Paşinyan bununla siyasi meydanı hakimiyyətin nəzarəti altına almaq və yeni müxalifət qüvvəsinin yetişməsinə imkan verməməyi planlayır”, - deyə “Hraparak” qeyd edib.

Belə bir ssenari mümkünmü, Nikol Paşinyan özünə loyal müxalifətmi hazırlamaq istəyir? O müxalifət kimlərdən ibarət olacaq? Bəzi məlumatlara görə, Paşinyanı erkən seçkilərə məhz Qərb sürükləyir ki, Rusiyayönlü  müxalifət birdəfəlik susdurulsun.

Yeni seçkilərin Bakı ilə münasibətlərə, sülh danışıqlarına mümkün təsirləri necə ola bilər? Növbəti seçkilərdə Paşinyan və partiyasının şansı necə görünür?

Yada salaq ki, Ermənistanda axırıncı dəfə (erkən) parlament seçkiləri 2021-ci ilin iyununda baş tutub. O zaman Paşinyanın partiyası müharibədəki məğlubiyyətdən sonra təkrarən qalib gəlmiş, onun özü təzədən parlamentdə baş nazir seçilmişdi.

Bəhruz Məhərrəmov: Separatçılığı təbliğ edən media orqanlarının  Azərbaycanda fəaliyyətinin dayandırılması məsələsinə baxılmalıdır

 Bəhruz Məhərrəmov

Deputat Bəhruz Məhərrəmov Paşinyanın iqtidardan gedəcəyinə inanmır: “Ermənistan və havadarlarının 3 il ərzində iki dəfə kapituliyasiyaya məcbur edilməsi fonunda Azərbaycan elə bir geosiyasi reallıq formalaşdırıb ki, İrəvanda siyasi proseslərin gedişatı artıq Bakı ilə münasibətlərdə həlledici təsir gücünə malik deyil. Bu mənada, parlamentin buraxılması, yaxud Ermənistanın erkən seçkilərə getməsi sadəcə bu ölkə daxilində qərbpərəst və Rusiyayönümlü qüvvələr balansına təsir edə bilər. Təbii ki, indiki məqamda Paşinyanın fiziki məhvi istisna olmaqla, onun hakimiyyətdən seçki, yaxud çevriliş yolu ilə kənarlaşdırılması ağlabatan görünmür. Qərbin baş nazirə dəstəyi yetərincədir. Eyni zamanda Paşinyanın seçki konfiqurasiyaları ilə Rusiyaya bağlı dairələri siyasi səhnədən silməsi cəhdləri də absurddur, çünki Ermənistanın sərhəd mühafizəsindən nəqliyyat, energetika və sənaye infrastrukturuna qədər rəsmən Moskvanın nəzarətindədir. Eyni zamanda Rusiyanın İrəvan yaxınlığında Hərbi Hava Qüvvələri, Gümrüdə isə Quru Qoşunlarının bazası mövcuddur. Yəni Rusiya amili Ermənistandan 3-5 il müddətinə, yaxud seçki manipulyasiyaları ilə silinəcək meyar deyil.

Azərbaycana münasibətdə isə Ermənistan faktiki olaraq bütün mümkün təsir vasitələrinə baş vuraraq fiaskoya uğrayıb. Ən son antiterror tədbirləri ilə Qarabağdakı erməni ordu hissələrinin çıxarılması, separatizmə son qoyulması, İrəvanın Qərb havadarlarının total hücumlarının bütün səviyyələrdə neytrallaşdırılması ilə Azərbaycanın nəyə qadir olduğunu İrəvanda yaxşı anlayırlar. Paşinyan özü də, erməni siyasi elitası və Ermənistan cəmiyyəti də yaxşı bilir ki, Paşinyan iqtidarının ittiham olunduğu məğlubiyyətlər, erməni iqtidarın bacarıqsızlığı və gücsüzlüyünün yox, Azərbaycanın güc və imkanlarının yaratdığı mənzərədir. Yəni Ermənistanda hər hansı siyasi qrupun, hətta daşnakların təkbaşına hakimiyyəti belə Azərbaycanın qələbəsinin önünü kəsə, yaxud bundan sonra cənab İlham Əliyevin yaratdığı reallığı dəyişə bilməz. Bu amil Paşinyanı daha rahat, rəqiblərini isə ehtiyatlı davranmağa vadar edir.

Bu mənada, Paşinyanın yeni seçki ritorikası sırf daxili proseslərə hesablanmış, öz iqtidarını möhkəmləndirməyə xidmət edən gedişdir və regional müstəvidə nəyisə dəyişəcək situasiya yarada bilməz".

Elçin Mirzəbəyli — Vikipediya

Elçin Mirzəbəyli: “Bu müxalifətə Ermənistanın yerli əhalisinin etimadı yoxdur”

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli Ermənistan müxalifətinin uğur qazanmayacağını bildirdi: “Ermənistanın hansısa media resursunun iddiası bu ölkədəki real mənzərənin göz önünə sərgiləməsi üçün əsas ola bilməz. ”Hrapark" Paşinyan hakimiyyətinə müxalif qüvvələri təmsil edir və çox güman ki, bu mövzu da gündəmə Ermənistanın indiki müxalifəti tərəfindən gətirilir. Ola bilsin ki, növbədənkənar parlament seçkisi şaiyəsi ilə həm siyasi hakimiyyətin reaksiyasını, həm də ictimaiyyətin münasibətini öyrənmək istəyirlər. Ermənistanda növbəti parlament seçkiləri, bu ölkənin konstitusiyasına görə, 2026-cı ildə, iyul-avqust aylarında keçirilməlidir. Yəni növbəti seçkilərə, təxminən 3 ilə yaxın bir vaxt var. Bu, kifayət qədər böyük bir zaman kəsiyidir. O zaman sadə bir sual çıxır ortalığa: Paşinyan hansı məntiqlə hakimiyyətinin legitimliyini təmin edən 3 illik bir vaxtdan imtina etməli və nəticəsi bəlli olmayan bir prosesə başlamalıdır? Ermənistan müxalifətinin, yəni müharibə caniləri Köçəryanın və Sərkisyanın tör-töküntülərinin onsuzda parlamentdə qərarların qəbul edilməsinə real təsir imkanları yoxdur və mövcud vəziyyət Paşinyana və komandasına sərf edir. Digər tərəfdən, parlamentdə konkret qütbü və maraqları ifadə edən bir müxalifət var və bu müxalifətə Ermənistanın yerli əhalisinin etimadı yoxdur, onlar hakimiyyət dəyişikliyinə çoxsaylı cəhdlər etsələr də, nəticəyə nail olmayıblar və ictimaiyyətin dəstəyini qazanmayıblar. Bir siyasi hakimiyyət üçün nüfuzunu itirmiş, gözdən düşmüş, korrupsiyaya və digər cinayətlərə bulaşmış, hər cür suçlamalara açıq olan bir müxalifətdən sərfəli nə ola bilər ki? Müxalifət parlamentdə Paşinyana mane ola bilirmi? Yox. Çığırır-bağırır, atılıb-düşür, 100-200 nəfərlik aksiya keçirir və nəticə əldə edə bilmədiyi üçün yenidən kölgəyə çəkilir... Bundan “yaxşı” müxalifəti Paşinyan hardan tapacaq? Və nə üçün Paşinyan Ermənistan cəmiyyətinin xəstə təfəkkürlü hissəsini təmsil edən, aqressiv, cəmiyyətə və dünyaya “xoxan” kimi təqdim olunmaları mümkün olan siyasi qrupların praqmatik müxalifətlə əvəz olunmasını istəməlidir?"

Beş dəqiqə... - Kənan Novruzov yazır

 Kənan Novruzov

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov Qərb dairələrinin erməni müxalifətinin dəyişməsində maraqlı olduğunu qeyd etdi: “ABŞ-ın Cənubi Qafqazla, o cümlədən Ermənistanla bağlı mövqeyi aydındır. Rəsmi Vaşinqton İrəvanın əli ilə regionda öz maraqlarını təmin etməyə çalışır. Ermənistanın taleyi isə Ağ Evi qətiyyən maraqlandırmır. Necə ki, heç Ukrayna da ABŞ-ı maraqlandırmır. Bu mənada ABŞ-ın Ermənistanda keçiriləcək parlament seçkilərinə müdaxiləsi təəccüblü olmaz. Bunun üçün Vaşinqton lazımi resurslara malikdir. Əlbəttə, Ermənistandakı müxalifətin dəyişməsi ABŞ-ın strateji maraqlarına uyğundur. Beləliklə, Vaşinqton İrəvanla Moskva arasında münasibətlərin daha da pisləşməsinə nail ola bilər. Məlum olduğu kimi, ABŞ Cənubi Qafqazda sülh istəmir. Səslənən bəyanatlar sadəcə manipulyasiya cəhdidir. Atılan addımlar isə Vaşinqtonun çirkin planlarından xəbər verir. Deməli, Ermənistanda müxalifətin dəyişməsi ilə ABŞ sülh prosesinin qarşısını ala bilər. Odur ki, baş nazir Nikol Paşinyan tələsməlidir. Əks halda onun üçün daha çətin olacaq. Hətta ABŞ bunu bacarsa, gələcəkdə həmin müxaliflərdən birinin baş nazir postuna gətirilməsi də mümkündür. Əlbəttə, ABŞ-ın niyyətlərini Rusiya da başa düşür. Moskva bunun qarşısını almağa çalışacaq. ”Bu hekayədə yanan isə İrəvan olacaq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR