İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qərb bizi xilas edəcək” - ABŞ və Avropa Ukraynanı yalqız buraxdımı?

1030 14.12.2019 12:00 Siyasət A A

“Nyu-York Tayms” qəzeti Tramp administrasiyasının Ukraynanı necə pis vəziyyətə qoyduğunu yazdı; diaspora rəhbəri Hikmət Cavadov: “Ukraynanın Qərbin maddi və hərbi yardımına ehtiyacı var, əgər ödənilsə...”

2014-cü ildə AvroMaydan təşkil edərək protest elektrota qamburqer və kola paylayan Con Makkeynin “inqilabı” Ukraynaya baha baş gəldi. Əslində Ukraynanı bəlaya salan elə Avropa Birliyi idi. O dövrün prezidenti Viktor Yanukoviç AB-dən kredit istəyəndə imtina etmişdilər və elə ki, rusiyalı həmkarı Vladimir Putin qucaq açdı, həmin krediti Ukraynaya verə biləcəyini açıqladı, bax, onda Kiyevdə Maydan təşkil olundu.

Nəticə nə oldu? “Tort”un yağlı tikəsi - Krım ilhaq olundu, Ukrayna torpaqları parçalandı. Bu gün də Ukrayna faktiki, arxa-dayaqsız qalıb, Qərb və ABŞ ona lazımınca sahib çıxmadı. Onsuz da onların demokratiya problemləri yox idi, Avroatlantik məkana inteqrasiya tələbi ilə küçələri çıxmaları axırda torpaq itkisi, separatizm bəlasına düçar olmalarına gətirib çıxardı.

Hazırda Qərb və ABŞ Ukraynanın arxasından çəkilməsə də, o səviyyədə dəstək vermir. Ölkənin korrupsiya, işsizlik və yoxsulluq problemləri qalmaqdadır. İndi Ukrayna sadəcə, Qərblə Rusiyanın münaqişə ocaqlarından biridir.

Eks-prezident Yanukoviç də postunu tərk etməmişdən öncə onu qınayanlara açıq şəkildə bildirmişdi ki, Amerika və Avropa onu müdafiə etmir və Aİ ilə müqavilə bağlayacaqları təqdirdə dövlətin təhlükəsizliyinə qarantiya vermir. Amma onun bu açıqlaması da “gözü dönmüş” xalqı sakitləşdirə bilmədi.

Ukrayna ordusu keçmiş prezident Poroşenkonun rəhbərliyi altında bir müddət öncə separatçıları geri oturda bilmişdi. Lakin Ukraynaya heç bir dəstək gəlmədiyini görən Rusiya ordusu həmin ərazilərə yenidən hücum etdi və nəzarəti ələ almağı bacardı.

Bir müddət əvvəl Beynəlxalq Valyuta Fondu (BVF) Ukrayna üçün 2 illik nəzərdə tutulmuş “stand-by” proqramını təsdiq edib. Belə ki, BFV bu ölkəyə yardım məqsədilə 17 milyard dollar kredit verməyə razı olub. İlk baxışda böyük yardım kimi görünsə də, əslində bu, Ukraynadan çox onların özlərinə xeyirlidir. Çünki Ukrayna dövləti dirçəlməyə başladığı andan bu fonddan aldığı “yardım”a görə onlara kredit faizi ödəməyə başlayacaq və bunun neçə illər davam edəcəyini ehtimal etmək çətin deyil.

Belə ağır durumda olan Ukraynanın tez bir zamanda borclarından xilas olmayacağı dəqiqdir. Bu da hər məsələdə öz maliyyə maraqlarını güdən Qərb üçün sərfəli məqamlardan biridir.

“Amerikanın marağının olmaması Rusiya və Ukrayna prezidentlərinin Paris görüşü zaman aydın oldu”, - deyə “Nyu York Taymz” qəzeti yazır. “İmpiçment dinləmələri boyunca Amerikanın Ukraynaya hərbi yardımı, nəhəngin dostun amansız rəqiblə mübarizəsinə köməyi kimi təsvir olunurdu - amansız rəqib dayandırılmasa, o öz azğınlığını davam etdirəcək. Ümumi mənzərə belədir” - qəzet əlavə edir.

Hikmət Cavadov: ile ilgili görsel sonucu

Hikmət Cavadov

Rusiya-Ukrayna münaqişəsinin mürəkkəb təfərrüatı və Tramp administrasiyasının Ukraynanı necə pis vəziyyətə qoyduğu Zelenskinin Putinlə ilk görüşü zamanı aydın oldu. “Ukrayna Azərbaycanlılarının birləşmiş diasporu” ictimai təşkilatının rəhbəri Hikmət Cavadov isə bu ölkənin təkləndiyini düşünmür. Diaspora rəhbəri “Yeni Müsavat”a bildirdi ki, ABŞ və Avropa bu münaqişədə hər zaman Ukraynanın yanında olub: “Bundan sonra da yanında olacaq. İstər Poroşenkonun prezident olduğu zamanlar, istərsə də Zelenskinin. Ümumiyyətlə, ABŞ və Avropa hər zaman Rusiyanın işğalçı, imperialist siyasətinə qarşı olacaq. Söhbət ondan gedir ki, onların maddi, siyasi və hərbi dəstəyinə Ukraynanın böyük ehtiyacı var. Bu ehtiyac ödənilsə, Ukrayna bu məsələdən tam uduşlu çıxa bilər”.

Diaspora rəhbərinin fikrincə, bu yardımın lazımi səviyyədə olması üçün Ukraynanın üzərinə də öhdəliklər qoyulub: “Ukrayna hökuməti dövlət idarəçiliyində vacib dəyişikliklər etməlidir. İslahatların aparılması qanun layihələrinin qəbulundan və onların icrasının real nəticələrindən keçir”.

Politoloq Elxan Şahinoğlu ile ilgili görsel sonucu

Politoloq Elxan Şahinoğlu qəzetimizə bildirdi ki, Ukraynada dağıdıcı proseslər elə Qərbə görə başladı: “Yanukoviç demədi ki, Avropa İttifaqı ilə assosiativ sazişi bağlamıram, dedi ləngidirəm. Bunun ardınca tələbələri meydanlara tökdülər. Bu gün Krım işğal edilib, Donbasda separatçı bölgə yaradılıb. ABŞ isə Ukraynanı NATO-nın yaxınlığına buraxmadı. Qərb bir müddət Rusiyaya qarşı sanksiyalara qoşuldu. Amma indi Avropa ölkələri Rusiya ilə əməkdaşlığı genişləndirmək üçün imkan axtarır. Artıq Almaniya və İtaliya Rusiya ilə əlaqələri gücləndirirlər, sanksiyalar arxa plana keçir”.

Siyasi şərhçi hesab edir ki, Ukraynanı yalnız özü xilas edə bilər: “Avropa və Amerika üçün Ukrayna 5 il əvvəlki qədər aktual deyil. O zaman Rusiyaya tətbiq edilən sanksiyalar müəyyən çətinliklər yaratsa da, iqtisadiyyatını çökdürmədi. Ona görə də Qərb Ukraynaya görə Rusiya ilə əvvəlki münasibətləri qurmayacaq”.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna ordusunun Donbasın Rusiya ilə sərhədini nəzarətə götürəcəyi halda ikinci Serebrenitsa faciəsinin yaşanacağını bildirib. Ukrayna prezidenti Vladimir Zelenski isə deyib ki, Ukrayna öz vətəndaşlarına hörmət edən ölkədir: “Biz başqa insanlarıq - demokratik, azad. Orada ukraynalıların yaşadığını anlayırıq və öz vətəndaşlarımıza hörmətlə yanaşırıq. Heç bir qətliamdan söhbət gedə bilməz. Bizim üçün vacib olan insan həyatıdır”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR