İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb Azərbaycanı Rusiya ilə savaşın ön cəbhəsinə çəkməyə çalışır

2333 04.06.2014 08:33 Siyasət A A

ABŞ-ın özəl kəşfiyyat şirkəti, Mərkəzi Kəşfiyyat İdarəsinin “kölgəsi” kimi tanınan “Stratfor”un direktoru, bu yaxınlarda Bakıda gizli səfərdə olmuş Corc Fridman Rusiya prezidenti Vladimir Putinin keçmiş sovet respublikalarına dair planları barədə danışıb.
Virtualaz.org saytı Corc Fridmanın Polşanın “Gazecie Wyborczej” qəzetinə verdiyi müsahibəni tərcümə edib. Müsahibədə Fridman digər postsovet respublikalarında Krımda baş verənlərin təkrar olunması riskinin qaldığını qeyd edir. Amerikalı ekspertə görə, Putinin hədəfində Ukraynadan sonra Moldova və Gürcüstan olacaq. C.Fridmana görə, xüsusən də Gürcüstan üzərində təzyiqlər Azərbaycana da təhlükə yaradacaq: “Ukraynadakı böhran isə bir müddət sonra səngiyəcək. Bunu Rusiya da istəyir, Qərb də. Və onda Putin özünə növbəti hədəf seçəcək. İlk növbədə o, Moldova və Gürcüstanda eksperiment keçirməyə başlayacaq. Gürcüstan Azərbaycan neftinin və qazının tranzitinin keçdiyi ölkədir. Əgər Rusiya bu boru kəmərlərini nəzarət altına alsa, Azərbaycan öz neftində və qazında boğulacaq. Lakin Putin ora tankları göndərməyəcək. O, çekist kimi hərəkət edəcək - dezinformasiya yayacaq, şantaj edəcək və loyal siyasətçiləri ələ alacaq, xüsusi təyinatlı bölmələr göndərəcək”.

Onun fikrincə, Qərb Putini enerji bazarında sıxmağa çalışacaq: “Həmin resurslara da Amerika malikdir, çünki şist qazı və nefti hasil etmək üçün texnologiya işləyib hazırlayıb. Əgər bura İranda və İraqda hasil oluna bilən faydalı qazıntıları da əlavə etsək, o zaman biz nəhəng gücə malikik. Söhbət təkcə Avropanı Rusiya neftindən və qazından asılılığını aradan qaldırmaqdan getmir. İdeya ondan ibarətdir ki, bazarda neftin və qazın qiymətini öldürmək lazımdır. Bu isə Putin üçün çox ağrılı olacaq”. 

Corc Fridmanın çox məlumatlı şəxs olduğunu nəzərə alsaq, o zaman dünyada yeni enerji müharibəsinin başlandığını deyə bilərik. Məsələ ondadır ki, Rusiya ilə Qərbin növbəti toqquşmasında “cəbhənin ortasında” qalacaq ölkələrdən biri də Azərbaycan ola bilər. Bəs Azərbaycanın bu mübarizədə özünü qorumaq imkanları nə qədər olacaq? 
Politoloq Arzu Nağıyev deyir ki, Qərb Azərbaycanı Rusiya ilə savaşın ön cəbhəsinə çəkməyə çalışır: “Corc Fridmanın müsahibəsini əsas götürməyə çalışanlar başa düşməlidirlər ki, burada əsas məqsəd, Dağlıq Qarabağ münaqişəsini ön plana çəkməklə Azərbaycanı bəlkə də müharibəyə təhrik etməkdir. Fridman tanınmış analitik olmaqla, ”Stratfor" özəl kəşfiyyat -analitik şirkətin rəhbəridir və Buş komandasına (konservativ respublikaçılar) daha yaxınlığı ilə tanınır, Obama administrasiyası ilə (demokratlar) çox vaxt heç də fikirləri üst-üstə düşmür. Çox güman ki, çap olunmuş müsahibə bir reklam məqsədi də daşıyır. Eyni zamanda onun fikirlərinə tək Azərbaycan, Ermənistan deyil, sırf ABŞ maraqları kontekstindən baxanda da belə görünür".

2008-ci ildə Rusiyanın Gürcüstanla apardığı beş günlük müharibə və onun nəticələrinə görə ABŞ-ın bu regionda olan təsir gücünü həddən artıq itirdiyini qeyd edək ekspertə görə, hazırda regionda Rusiya daha güclü vəziyyətdədir. ABŞ isə itirilmiş mövqelərini yenidən bərpa etməyə çalışır: “Məhz buna görə də regionda ABŞ, artıq Moskvaya qarşı aktiv siyasət aparmaq iqtidarında deyil və onu yenidən bərpa etməyə can atır. Bunun bir səbəbi də Ermənistanın Rusiyanın regionda forpostu olmasıdır. Rusiya əgər özünün regiondakı maraqlarına az da olsa nail olmaq istərsə, Azərbaycanla qarşılıqlı tərəfdaşlıq etməlidir. Rusiya dərk edir ki, Azərbaycanla ikitərəfli əlaqələr vasitəsilə Avropa və Asiya arasında tranzit daşımalar vasitəsilə enerjidaşıyıcılarını bütün dünyaya çatdıra bilər və ABŞ-Qərb layihələrinin mahiyyətini heçə endirə bilər. Bütün bunlar onu göstərir ki, Rusiya Gürcüstan ərazisindən keçən kəmərlərə qarşı hər hansı mənfi mövqe tutarsa, heç nə qazanmayacağını bilir. Çünki baxmayaraq ki, Ermənistanla hərbi müttəfiqdir, itirəcəyinin qazanacağından çox olacağına əmindir”.

Arzu Nağıyev deyir ki, bu gün geosiyasi vəziyyətindən asılı olaraq Azərbaycan nə qədər mürəkkəb durumda olsa da, yeridilən balanslı siyasət regionda sülhün bərqərar olmasına bir töhfə verə bilər: “Yəni ABŞ və ya Rusiya başa düşür ki, güclü hərbi texnika, döyüş silahı və sursata malik olan dövlət kimi Azərbaycan hərbi yola əl atsa, itkilərin, daha doğrusu, insan tələfatının say-hesabı olmayacaq. Deməli, Rusiya da regionda öz sülh siyasətini yeritməlidir. Bu isə ola bilsin, ABŞ və Qərbi razı salmasın. Çünki ərəb ölkələrindən başlayan ”inqilablar"ı da tranzit ölkələrdən keçirərək Rusiyaya çatdırmaq o qədər də asan deyil. Gürcüstan Rusiya hərbi bazaları ilə bağlıdır, İran və Türkiyə ilə bu mümkün olmadı, deməli, region kimi, Cənubi Qafqaz seçilə bilər. Yəni deyilən və sadalanan iqtisadi problemlərin əsas qayəsi siyasətə bağlıdır".

KƏNAN

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR