
“Qərb Azərbaycana ”şotland variantı" təklif eləmək niyyətindədir..."
Görüşlərdə Dağlıq Qarabağ probleminin həlli istiqamətində hansısa razılaşmaların olub-olmayacağı günün aktual mövzusudur. Bu barədə “Yeni Müsavat”a danışan politoloq Qabil Hüseynli bildirdi ki, Ermənistan prezidenti Paris görüşünə arxasında həm öz xalqının, həm də Rusiyanın nəfəsini hiss edərək gedir. Onu daxildən birləşmiş müxalifət, xaricdən Rusiya sıxır. Ona görə də Sərkisyan bu görüşdə radikal addımlara, qərarlara gedə bilməz. Heç Qərb ölkələri, o cümlədən Fransa da onu radikal addımlara getməyə vadar etməz: “Amma hər halda Qərb ölkələri təşəbbüsü Rusiyanın əlindən almağa çalışmaqdadırlar və buna nail olmaq istəyirlər. Ona görə də Paris görüşünü fərqli bir formatda aparmaq niyyətindədirlər.
Ən azından burada saziş xarakterli sənəd olmasa da, müəyyən bir bəyannamənin imzalanmasına nail olmaq istəyirlər. Bu bəyannamədə sülh yaratma prosesinin prinsipləri öz əksini tapa bilər. Belə bir fikir səsləndirilir ki, guya bəyannamədə məsələnin hərb yolu ilə deyil, sülh yolu ilə həlli barədə tərəfləri razılığa gətirmək niyyətindədirlər. Məlum olduğu kimi, ”tərəflər" deyəndə əsasən Azərbaycanı razılığa gətirmək niyyətindədirlər. Mən inanmıram ki, Azərbaycan prezidenti məsələnin yalnız sülh yolu ilə həlli barədə öhdəliyi öz üzərinə götürsün. Amma hər halda Parisdə buna can atılacağı ehtimal edilənlər sırasındadır. Düzdür, görüş ərəfəsində mediada daha çox yayılan 7 rayonun geriyə qaytarılması məsələsidir. Bu məsələ ABŞ tərəfindən də öz mövqeləri kimi geniş yayılıb və təbliğ edilir. Fransa da, Avropa İttifaqı da bu mövqeyi müdafiə edir. Yəni bu, populyarlaşmış və gündəmdə möhkəm yer tutmuş bir məsələdir".

Q.Hüseynli Rusiyanın da indiyə qədər 7 rayon ətrafında bizimlə siyasi alver etdiyini xatırlatdı: “Rusiya alverin müqabilində kifayət qədər böyük şeylər tələb edirdi. Məsələn, silahlı qüvvələrinin bölgəyə gətirilməsi, Azərbaycanın hansısa abstrakt birliklərə daxil olması kimi məsələləri qoyurdu. Ancaq Qərb yeddi rayon məsələsini sərt şəkildə qoyur və Rusiya kimi sərt şərtlər, tələblər irəli sürmür. Azərbaycandan ciddi bir şey tələb etmədən Azərbaycanın Rusiya təzyiqlərindən qorunması istiqamətində müəyyən vədlər səsləndirirlər. Amma Qərb tərəfi Dağlıq Qarabağın statusu məsələsində yeni bir ideya ortaya atır. Bu ideya ”şotland variantı" deyilən bir layihədir. Böyük Britaniyanın tərkibində Şotlandiya əyaləti var. Bu əyalət muxtar qurum hesab edilsə də daha çox konfederativ quruma bənzər hüquqları var. Bu mənada formal olaraq Britaniyanın ərazisi hesab olunur. Lakin dövlət atributlarının bir çoxunu özündə saxlayır. İndi Qərb Azərbaycan həmin variantı deyilən variantı təklif etmək niyyətindədir. İnanmıram ki, Azərbaycan bu varianta razılaşsın. Bu variant ermənilər üçün faydalı ola bilər. Yəni Paris görüşü ərəfəsində həm ekspertlər səviyyəsində, həm də dövlət başçıları səviyyəsində konsensus üçün ciddi axtarışlara baş vurulub. Avropa İttifaqı ABŞ-ın dəstəyi ilə sözün həqiqi mənasında Cənubi Qafqazın mühüm problemi olan Dağlıq Qarabağ problemində təşəbbüsü ələ almaq niyyətindədir. Bununla əlaqədar olaraq, hər iki tərəfi bəlli bir kompromislərə inandırmağa çalışırlar".
Politoloqun fikrincə, Avropanın budəfəki yanaşması əvvəlkilərdən fərqlənir: “Hər halda bu dəfə Azərbaycanın suverenliyi məsələsinə daha diqqətlə yanaşılmasının müəyyən əlamətləri nəzərə çarpır. Düzdür, bu, Azərbaycanı qane edəcək səviyyədə deyil, amma ilk dəfədir ki, biz sülh müqaviləsində Dağlıq Qarabağı böyük muxtariyyətlə də olsa Azərbaycanın tərkibində görən bir təklifin meydana çıxmasının şahidi ola bilərik. Hər halda söylədiklərim mətbuatdan əxz edilsə də həqiqətə yaxın fikirlərdir. Danışıqlar prosesində irəliləyiş ola bilər fikri də məhz bu yayılan informasiyalara əsaslanılaraq söylənilir”.
Qabil Hüseynli Ermənistanın prezidentinin də əvvəlkilərdən fərqli ifadələr işlətməyə başladığını qeyd etdi və vurğuladı ki, nizamlanma prosesində biz indiyə qədər keçirilmiş görüşlərdən fərqli görüşün və fərqli təkliflərin şahidi ola bilərik.
Etibar SEYİDAĞA






