Milli Məclis ölkədə siyasi partiyalardan baş qərargahları ilə bağlı sənəd tələb edən, əks halda, həmin partiyaların qeydiyyata alınmayacağını, yaxud fəaliyyətini qadağan edən yeni müddəanı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna əlavə etdi. Edilən bir dəyişikliyə əsasən, Azərbaycandakı siyasi partiyalar hüquqi şəxs statusu almaq istəyərkən dövlət qurumlarına partiyanın rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair sənəd də təqdim etməli olacaq.
Qərargahın yerləşdiyi yerə dair sənədin (qurumun hüquqi ünvanını təsdiq edən sənəd) təqdim olunması məcburi olacaq. Dəyişiklik əsasən xarici dövlətlərin qeyri-kommersiya təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatına alınmadan və dövlət reyestrinə daxil edilmədən fəaliyyət göstərdiyi halda qanunvericiliklə müəyyən edilmiş məsuliyyəti, sənəd təqdim etməyən partiyaların qeydiyyata alınmamasını, yaxud fəaliyyətinin ləğvini nəzərdə tutur.
Qeyd edək ki, Azərbaycanda 54 partiya dövlət qeydiyyatından keçib. Onların təxminən 15-ə yaxınının qərargahı var. Qalanlarının isə qərargahı yoxdur. Bir xeylisinin isə ümumiyyətlə adları belə, cəmiyyətə məlum deyil, tanınmırlar.
Qanunun yeni tələbi həyata keçirilməli olsa, belə çıxır ki, 54 partiyanın əksəriyyətinin hazırkı vəziyyətdə qeydiyyatı ləğv ediləcək.
Qeydiyyatı olub cəmiyyətdə tanınan, ən azından sədrləri fəal olan, lakin qərargahsız fəaliyyət göstərən partiyalardan bir neçəsi ilə əlaqə saxlayıb qanuna edilən əlavəyə münasibət öyrəndik.

Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov bildirdi ki, həqiqi müxalifət partiyalarına yaradılan problemlərin fonunda qərargahın sənədinin tələb olunması məsələsi xırda problemdir. Qanuna belə bir dəyişiklik müxalifət partiyalarının sıxışdırılmasına, istənilən an qeydiyyatının ləğv olunması təhlükəsi altında yaşamalarına hesablanıb: “Real müxalifət mövqeyində dayanan partiyalara indi də bu şəkildə təzyiq mexanizmi hazırlanıb. Siyasi partiyaların fəaliyyəti üçün şərait yaradılması, o cümlədən qərargahla təmin olunması dövlət orqanlarının borcudur. Dövlət orqanları isə hakimiyyətə işləyən, real müxalifətçilikdən uzaq partiyalara qərargah verir, şərait yaradır. Bizim partiya kimi real müxalifət partiyalarının böyük əksəriyyətinə isə fəaliyyət üçün şərait yaradılmır, qərargah yeri verilmir. Bizim partiya 20 ildən artıqdır dövlət qeydiyyatına alınmış partiyadır. Dəfələrlə məktublar yazmışam, lakin qərargah verilməyib. Ona görə də partiya mənim şəxsi mənzilimdə qeydiyyatda olub. Məcbur olub mənzilimin bir otağını partiya üçün ayırmışdım. Ədliyyə Nazirliyində də partiyanın ünvanı mənim mənzilim yazılıb. Həmin mənzilin yerləşdiyi binanı isə 2010-cu ildə uçurublar. Bundan sonra mən dəfələrlə məktub yazmışam, bina söküldüyü üçün nə mənim həmin ünvanda mənzilim, nə də partiyanın qərargahı yoxdur, heç olmasa partiyaya bir qərargah yeri verin. Lakin heç bir reaksiya olmayıb. Qərargah olsun ki, sənədini təqdim edək”.

Azadlıq Partiyasının sədri Əhməd Oruc qanuna edilən məlum əlavədən ciddi narahatlıq keçirmədiyini dedi: “Azadlıq Partiyasının qeydiyyata alınmasının bu partiya üçün möhürdən başqa heç nə vermədiyi bəllidir. Ona görə də əgər partiyanın qeydiyyatı ləğv olunsa və möhürü təhvil vermək lazım lazım gələrsə, bizim fəaliyyətimizdə zərrə qədər dəyişiklik olmayacaq. İndiyə qədər necə fəaliyyət göstəririksə, elə də fəaliyyətimiz davam edəcək. Dövlət qeydiyyatının nəzərdə tutduğu üstünlüklərin heç biri Azadlıq Partiyasına verilməyib. Dövlət bizi qərargahla təmin etməlidir, etməyib. Qərargahla təmin etsinlər ki, biz də tələb olunan sənədləri təqdim edək. Bizə qərargah təklif etmədən qərargah sənədini tələb etmək məntiqsizlik olar. Real müxalifət partiyasına Azərbaycanda hansısa şəxs də risk edib mülkünü qərargah üçün vermir. Belə vəziyyətdə bizdən hansı məntiqlə qərargahımızın sənədini tələb edəcəklər”.
Etibar SEYİDAĞA