İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva “Yıldırım ömrü” adlı ədəbi-bədii tədbirdə çıxış edib - FOTOLAR

955 16.09.2022 14:38 Mədəniyyət A A

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində yerləşən Əntiq Əşyalar Muzeyində Azərbaycanın ünlü mühacir şairi Almas Yıldırımın anadan olmasının 115, vəfatının 70-ci ildönümü münasibəti ilə təşkil olunmuş “Yıldırım ömrü” adlı ədəbi-bədii tədbirdə çıxış edib.

Musavat.com-un xəbərinə görə, tədbirin aparıcısı – Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı Almas Yıldırımın ömür yolu və bu tədbirin təşkilini zəruri edən mənəvi ehtiyacdan, vəfa borcundan söz açıb.

O, tədbirin Milli Məclisin Mədəniyyət komitəsi, Xəzər Rayon İcra hakimiyyəti və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə baş tutduğunu bildirib, qonaqları təqdim edib.

“İçərişəhər” DTMQİ İdarə Heyətinin sədri Şahin Seyidzadə, Xəzər Rayon İcra hakimiyyətinin başçısı Elşən Salahov salamlama nitqi ilə çıxış edib.

Sonra Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva çıxış edib.

O, tədbirin və “Bir Vətəndən bir Vətənə ALMAS YILDIRIM” kitabının Azərbaycanda ilk təqdimatının şairin doğulduğu Qala qəsəbəsində təşkilini könül işi, vəfa öhdəliyi kimi dəyərləndirib.

Azərbaycanın qurtuluşu uğrunda mübarizə aparan və şüurlu həyatının böyük hissəsini Qaladan, Bakıdan və Azərbaycandan uzaqlarda keçirən şair, müəllim Almas Yıldırımın 115 illik yubileyi münasibətilə hazırlanmış “Bir Vətəndən bir Vətənə Almas Yıldırım” kitabının yazılmasını və kitabın ilk təqdimatının Türkiyədə keçirilməsinin də təsadüfi olmadığını vurğulayıb. Qənirə Paşayeva Almas Yıldırımın Azərbaycanı Türkiyədən, Qalanı Elazığdan ayırmadığını, bütün həyat və yaradıcılığına da qardaşlıq ruhunun hakim kəsildiyini söyləyib.

Q.Paşayeva şərəfli ömrünü ölkəmizin istiqlaliyyətinə həsr etmiş, öz ülküsündən geri dönməmiş, doğulduğu el-obadan didərgin salınmış şairin ruhunu şad edən ən əsas amil kimi Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsini göstərib. Özəlliklə, 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərin haqq dünyasında olan aydınlarımızın, istiqlal aşiqlərinin ruhunu şad etdiyini deyib.

Komitə sədri Qalada şairin ev muzeyinin yaradılması, abidəsinin qoyulması, Almas Yıldırım Türk dünyası Şeir Festivalının keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Millət vəkilləri Soltan Məmmədov, Rauf Əliyev, Tamam Cəfərova, Elnur Allahverdiyev, Türkiyədəki “Əhməd Yəsəvi Dərnəyi” ictimai birliyinin başqanı Dr.Fatma Sönməz, “Türk yurdu” dərgisinin baş redaktoru, yazıçı-tərcüməçi İmdat Avşar, AYB-nin katibi İlqar Fəhmi, QKTC-nin Bakıdakı nümayəndəliyinin Təhsil, Mədəniyyət attaşesi Tevfik Ulual, sözügedən kitabın həmmüəllifi Dos.Dr. Faiq Ələkbərli, Almas Yıldırımın qohumu Hacıağa Almaszadə və b. çıxışçılar onun keçdiyi çətin amma şərəfli ömür yolundan, mühacirlik həyatından, vətəncanlı yaradıcılığından, milli ruhun qorunması, zənginləşdirilməsi yönündəki xidmətlərindən danışıb.

Əməkdar artist Azad Şükürovun Almas Yıldırımın şeirini səsləndirməsi, Dövlət Akademik Opera və Balet Teatrının solisti, tanınmış xanəndə Mütəllim Dəmirovun, Muğam müsabiqəsinin qalibi Məmməd Nəcəfovun ifası tədbirə xüsusi rəng qatıb.

Arzu edənlər tədbiri bu linkdən izləyə bilər:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR