Qənirə Paşayeva yeni kitabını Pakistan prezidentinə təqdim edib - FOTOLAR
Millət vəkili Qənirə Paşayeva Pakistan prezidenti ilə görüşüb və Pakistanla bağlı yazdığı kitabın ilk nüsxəsini ona təqdim edib.
Azərbaycanda səfərdə olan Pakistan prezidenti Məmnun Hüseyn millət vəkili, Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayevanı qəbul edib.
Görüş üçün təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva Pakistan prezidenti ilə Dövlət başçımız İlham Əliyev arasında yüksək səviyyədə keçirilən görüş və müzakirələrin qardaş ölkələrimiz arasında əməkdaşlığın daha da inkişafına böyük təkan verəcəyinə inandığını deyib. Pakistana səfəri zamanı onu qəbul edərək geniş zaman ayıran və Pakistanla bağlı yazdığı kitab üçün dəstəyini əsirgəməyən Pakistan prezidenti Məmnun Hüseynə təşəkkürünü bildirən Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva cənab prezident sizə söz vermişdim ki, Azərbaycana səfərinizə qədər kitab hazır olacaq və onun ilk nüsxəsini də sizə hədiyyə edəcəm deyib və "Uzaqdakı ən yaxın - Pakistan" adlı yeni çapdan çıxmış kitabının ilk nüsxəsini Pakistan Prezidenti Məmnun Hüseynə bağışlayıb. O, bildirib ki, gənc nəsillərimizin qardaş Pakistanı daha yaxından tanımasına imkan yaradacaq kitab Azərbaycan-Pakistan münasibətlərinə kiçik də olsa bir tövhə verərsə, bundan çox məmnun olar.
Millət vəkili kitabların bütün ölkə kitabxana, univerisitet və KİV-lərinə hədiyyə ediləcəyini və Pakistanın Milli Günündə Pakistanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə geniş təqdimatının olacağını da diqqətə çatdlrıb. Yüksək keyfiyyətlə hazırlanmış kitabı nəzərdən keçirən Pakistan prezidenti Məmnun Hüseyn kitabı çox bəyəndiyini deyərək millət vəkili Qənirə Paşayevanı təbrik edib və kitabın iki qardaş ölkə arasında münasibətlərin inkişafı üçün gözəl bir töhfə olduğunu deyib. Azərbaycan səfəri, Prezident İlham Əliyevlə görüşlərinə toxunan prezident Məmnun Hüseyn bu səfərdən sonra bütün istiqamətlərdə Azərbaycan-Pakistan münaisbətlərinin daha da inkişaf edəcəyini bildirib.
Pakistan prezidenti Məmnun Hüseyn millət vəkili Qənirə Paşayevanı təkrar Pakistanda görməkdən böyük məmuniyyət duyacağını deyərək, onu dəvət edib. Dəvət üçün təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva Pakistan mənim üçün çox doğma bir ölkədir və hər zaman ürəyimdədir və bundan sonra da hər zaman fəaliyyətimdə qardaş Pakistanla münasibətlər xüsusi yer tutacaq deyib.






