Bu gün Milli Məclisdə Miqrasiya Məcəlləsinin layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Müzakirələr zamanı millət vəkili Qənirə Paşayeva bildirib ki, xarici ölkələrdə yaşayan azərbaycanlılar, soydaşlarımız onlara əcnəbi anlayışından yanaşılmasını istəmirlər. Deputat xarici ölkə vətəndaşı olan azərbaycanlılara fərqli yanaşmanı təklif edib. Millət vəkili Qənirə Paşayeva Gürcüstanda səfərdə olarkən orada yaşayan azərbaycanlıların, soydaşlarımızın bu məsələni xüsusilə qaldırdıqlarını deyib. Dərbənddəki soydaşlarımız da eyni düşüncədədir. Millət vəkili Qənirə Paşayeva xaricdə yaşayan azərbaycanlılarla bağlı qanuna yenidən baxılmasını dilə gətirərək bu istiqamətdə ortaya çıxan həssas məqamları bu yolla həll etməyin vacibliyini dilə gətirib.
O, hesab edir ki, Azərbaycandan kənarda yaşayan soydaşlarımızın Azərbaycana gəlib-getməsi, təhsil alması, valideynləri Azərbaycan vətəndaşı olan, amma Rusiyada və bəzi ölkələrdə doğulan uşaqların Azərbaycana gəlib-getməsi, onların vətəndaşlıq məsələlərinin həlli ilə bağlı ortaya çıxan bir sıra məsələlər öz həllini tapmalıdır. Qənirə Paşayeva deyib ki, ailələr var ki, ata xaricə işləməyə gedib, 10-15 ildir gəlmir: “Əgər uşaq xəstədirsə, ana onu xaricə müalicəyə apara bilmir, çünki hər iki valideynin icazəsi olmalıdır. Bu məsələ ilə bağlı qanunvericilikdə dəyişikliyə ehtiyac var”. O təklif edib ki, yerli icra hakimiyyəti orqanlarının verdiyi arayışla bir valideynin razılığı ilə uşağın digər ölkəyə aparılmasına şərait yaradılmalıdır.






