İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva VI Beynəlxalq Rəsm Festivalının açılış mərasimində çıxış edib - VİDEO

296 08.06.2023 20:13 Son xəbər A A

MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva “Naxçıvan – bəşəriyyətin beşiyi” adlı VI Beynəlxalq Rəsm Festivalının açılış mərasimində çıxış edib.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi və Milli Məclisin Mədəniyyət Komitəsinin təşkilatçılığı, Azərbaycan Rəssamlar İttifaqının, Muxtar Respublikanın müvafiq dövlət qurumlarının dəstəyi ilə keçirilən festivalın açılışında çıxış edən Komitə sədri Qənirə Paşayeva Millət vəkili, Komitənin üzvü və Muxtar Respublika Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyevaya və festivala dəstək duran hər kəsə təşəkkürlərini bildirib.
Q.Paşayeva bir festivalın artıq 6-cı dəfə keçirilməsini və onun ənənəvi xarakter daşımasını iştirakçıların, təşkilatçıların, bütövlükdə sənət aləminin festivala verdiyi önəmin ifadəsi kimi şərh edib.

Sözünə davam edən Q.Paşayeva deyib:

-Festival bu il Ulu öndər Heydər Əliyevin 100 illik əlamətdar yubileyinə həsr olunub. Festivala Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Ukrayna, Bolqarıstan, Rusiya Federasiyası, Finlandiya və Latviyadan rəssamların qatılması festivala bəslənən yüksək marağı göstərir.
Bəli, “Naxçıvan – bəşəriyyətin beşiyi” festivalı yalnız Naxçıvanın deyil, ümumən respublikamızın mədəni həyatında mühüm hadisədir. Mədəniyyət təsərrüfatımız üçün əlamətdar hadisə olan bu festival, rəssamlarımız üçün geniş yaradıcılıq imkanları açır.

Mərasimdə muxtar respublikanın mədəniyyət kollektivlərinin bir-birindən maraqlı çıxışları, rəqslər, sərgilər, festivalın bir bayrama çevrildiyini göstərməkdədir.

Ümidvaram ki, iştirakçılar rəsm əsərləri ilə tanış olduqca, özlərinə yeni rəssam dostlar qazanacaq, ümumən müxtəlif yaradıcılıq fakturasına malik insanlar, kollektivlər, sənət dostları arasında əlaqələr, əməkdaşlıq mühiti yaranmış olacaqdır.

Naxçıvan Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda festivalda çəkilmiş əsərlərdən ibarət sərginin açılış tədbirinin keçirilməsini xüsusi fərqləndirərkən, qədim Naxçıvan torpağının təsviri incəsənət baxımından, ümumən zəngin mədəniyyət ənənələrinə malik olduğunu vurğulamaq istərdim.

Artıq qeyd edildiyi kimi, bu il respublikamızda “Heydər Əliyev İli”dir. Azərbaycanımızın qədim və gözəl guşələrindən olan Naxçıvanımızda 2012-ci ildən, iki ildən bir keçirilən Beynəlxalq Rəsm Festival 2023-cü ildə mötəbər hadisələrin cərəyan etdiyi dönəmdə keçirilir.

Bəli, Naxçıvan özünün tanınmış elm-sənət, mədəniyyət, siyasət xadimləri ilə tanınır. Naxçıvan Ulu öndərin həyata gözlərini açdığı məkandır. Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi hər iki dönəmdə - istər SSRİ vaxtında, istərsə müstəqillik illərində sənətə, sənətkara, o cümlədən rəssamlarımıza, rəssamlığa diqqət və qayğı göstərib. O, sözün əsl anlamında, mədəniyyətin, mədəniyyət işçiləri və incəsənət xadimlərinin himayədarı idi.

Artıq deyildiyi kimi, heç təsadüfi deyil ki, Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Muxtar Respublika Təşkilatı Ulu öndərin ali hakimiyyətə gəlişinin ilk illərində - 1971-ci ildə, bilavasitə onun tapşırığı əsasında yaradılıb. Bu yaradıcılıq qurumunun öz fəaliyyətini yeni çağırışlara, reallıqlara uyğun davam və inkişaf etdirməsinə şahid olmaq çox xoşdur.

Əgər bu gün Naxçıvan Rəssamlar Birliyi üzvlərinin səsi-sorağı ümumrespublika miqyasında və respublikamızın hüdudlarından kənarda – yüksək və mötəbər sərgilərdən, elm-sənət ocaqlarından gəlirsə, bu, Birliyə bəslənən inamın doğrulmasının ifadəsidir. Eyni zamanda, başqa ölkələrdən dəvət olunan rəssamlar Naxçıvana təşrif buyuraraq, öz etimadlarını nümayiş etdirmiş olur.

Bir daha bütün iştirakçılara və dəstək göstərənlərə ən qəlbi duyğularımla öz məhəbbətimi, sayğılarımı yetirirəm!

Uğurlar”!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR