Qənirə Paşayeva Sivas bələdiyyəsinə Xocalı abidəsi qoyulması təklifi verib
Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Sivas bələdiyyəsinin başqanı Sami Aydın ilə görüşüb. Gorüşdə Azərbaycan ilə Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, Sivasla Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirən millət vəkili Qənirə Paşayeva bələdiyyə başqanı ilə Dağlıq Qarabağ problemi ilə bağlı da fikir mübadiləsi aparıb, Qarabağın adını daşıyan küçə üçün Sivasa təşəkkür edib və yaxın zamanlarda Sivasın mərkəzi parklarından və ya küçələrindən birinə Azərbaycan adının veriləcəyinə, Xocalı Soyqırımı abidəsinin qoyulacağına inandığını deyib və bu istiqamətdə xahişini bir daha təkrarlayaraq Sivas bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb.
Azərbaycanı sevdiyini deyən Sivas bələdiyyə başqanı Sami Aydın Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Sivas bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyərək qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. Yaxın zamanlarda Sivasın mərkəzi küçələrindən birinə Azərbaycan adı verilməsi ilə bağlı millət vəkili Qənirə Paşayevanın təklifinin çox qısa zamanda həyata keçəcəyini deyən bələdiyyə başqanı o zaman sizi də təkrar Sivasa dəvət edəcəyik deyib.
Qarabağ problemi, Xocalı ağrısı hər zaman bizim də problemimiz və ağrımızdır deyən Sivas bələdiyyə başqanı Sami Aydın hər zaman qardaş Azərbaycanın yanındayıq deyib. Millət vəkili Qənirə Paşayeva qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması, Qarabağ həqiqətlərinin, Xocalı Soyqırımı gerçəklərinin dünyaya daha geniş şəkildə tanıdılmasında gənclərimizin üzərinə böyük bir missiya düşdüyünü deyərək Sivas Cumhuriyyet Universiteti və Türk Ocaqlarının dəvəti ilə Sivasa gəldiyini və Cumhuriyyet Universitetində bu mövzuları özündə əks etdirən konfransda məruzə ilə çıxış edəcəyini və gənclərin suallarını cavablandıracağını deyərək gənclərimiz bu məsələlərdə daha aktiv olmalıdırlar deyib. Bu cür konfransların önəminə toxunan Sivas bələdiyyə başqanı Sami Aydın bildirib ki, gənclərimizin həqiqətlərin daha çox yayılması istiqamətində rolunu artırmaq üçün bu cür müzakirələr çox önəmlidir. Millət vəkili Sivas bələdiyyə başqanı Sami Aydın və xanımını Azərbaycanda görməkdən məmnun olacaqlarını bildirərək onları ölkəmizə dəvət edib. Dəvəti məmnuniyyətlə qəbul edən Sivas bələdiyyə başqanı Sami Aydın Azərbaycana məmnuniyyətlə səfər etmək istədiyini deyib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva
Sivas bələdiyyə başqanına həmmüəllifi olduğu “Hocalı soykırımı tanıkların dilindən” kitabını, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən hazırlanan “Azərbaycan həqiqətləri” filmləri kataloqunu, Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətlərini özündə əks etdirən kitablar və müəllifi olduğu kitabları hədiyyə edib. O da millət vəkilinə Sivasın tarixi, mədəniyyəti ilə bağlı kitablar, materialları və özünün müəllifi olduğu kitabları hədiyyə edib. "Qənirə Paşayeva ilə addım-addım Türk Dünyası" kitabını bələdiyyə başqanına təqdim edən Qənirə Paşayeva kitabın növbəti hissəsində qədim və ozanlar yurdu Sivas haqqında geniş yazının da öz əksini tapacağını deyib. Bundan böyük məmnuniyyət duyduğunu bildirən bələdiyyə başqanı millət vəkilinə təşəkkür edib və gənc nəsillərin ortaq tariximiz, mədəmiyyətimizi və bu günümüzü daha yaxından bilməsi üçün bu cür kitabların böyük önəm daşıdığını deyib. Millət vəkili bələdiyyə başqanına Sivasda təhsil alan azərbaycanlı tələbələr barədə də danışıb və onlara bundan sonra da dəstək və qayğının davam edəcəyinə inandığını deyib.






