İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva Səmərqənddə Qarabağdan danışdı- FOTO

894 26.10.2022 14:30 Mədəniyyət A A



Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, iki ölkənin Mədəniyyət nazirlikləri, Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsi və Azərbaycanın Özbəkistandakı Səfirliyinin dəstəyi ilə gerçəkləşən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində paytaxt Daşkəndlə yanaşı, Buxara, Nəvai və Səmərqənd vilayətlərində də tədbirlər təşkil edilib.

Musavat.com xəbər verir ki, tədbirlərdə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayevanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edib.

Səmərqənd səhərinin “Gənclər Sarayı”nda keçirilən tədbirdə yerli hakimiyyət, mədəniyyət və sənət xadimləri, universtet tələbələri, jurnalistlər, yerli azərbaycanlılar, Azərbaycandan gələn qonaqlar və b. iştirak edib.

Səmərqənd hakiminin müavini MM Komitə sədri Qənirə Paşayevaya, Azərbaycan nümayəndə heyətinə öz təşəkkürlərini bildirərək, Səmərqənddə ikinci dəfə keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin iki ölkə arasında dostluğun möhkəmlənməsinə, mədəni-ədəbi əlaqələrin daha da gücləndirilməsinə xidmət etdiyini bildirib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov öz çıxışında dövlətlərimizin yüksək səviyyəli münasibətləri haqqında ətraflı danışaraq, dövlət başçılarımızın uğurlu siyasəti nəticəsində bu əlaqələrin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayıb.

Sonra Azərbaycan nümayəndə heyətinin rəhbəri, MM Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycanla Özbəkistan arasında bütün əməli fəaliyyət sahələri üzrə əməkdaşlığın inkişaf etdiyini deyib. O, yüksələn əməkdaşlıq xəttinin xalqlarımızın dostluq, qardaşlıq ruhundan qaynaqlandığını və ali dövlət rəhbərlərimiz sayəsində yüksək səviyyəyə yetişdiyini vurğulayıb. Belə tədbirlərin davamlı olaraq keçirilməsinin vacibliyini diqqətə çatdıran Q.Paşayeva, “əcdadlarımızın ruhunu şad, indiki nəsilləri məmnun edən, gələcək nəsillərə yol göstərən yüksək səviyyəli əməkdaşlığa hər birimiz öz töhfələrimizi verməliyik” deyib.
Q.Paşayeva Azərbaycan- Özbəkistan dərin əməkdaşlığının bütövlükdə Türk dünyasında həmrəyliyə xidmət etdiyini deyərək, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi Zəfəri və müharibədə müstəqil türk dövlətlərinin, o cümlədən Özbəkistanın Azərbaycanın haqq işinə mənəvi dəstək göstərdiyini minnətdarlıqla vurğulayıb.
Registan meydanı başda olmaqla, Səmərqəndin Orta Asiya Türk memarlığının nadir örnəklərindən olduğunu qürur hissi ilə vurğulayan Q.Paşayeva, şəhərin yalnız Özbəkistan üçün deyil, bütün Türk-İslam dünyası, tərəqqipərvər bəşəriyyət üçün özünəməxsus yerə və rola malik olduğunu söyləyib. Q.Paşayeva Səmərqənddə bir neçə dəfə olduğunu, hər səfərinin ilk səfərmiş kimi böyük maraq və vurğunluqla keçdiyini deyərək, Səmərqənddə Azərbaycan mədəniyyətinə, ədəbiyyatına yüksək marağa şahidlik etməkdən çox şad olduğunu söyləyib.
Q.Paşayeva Səmərqənddə zəngin proqramlı Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin təşkilini mədəni mübadilənin praktik və təsirli addımları olaraq təqdir edib.

Komitə sədri 2022-ci ilin Azərbaycan Respublikasında Prezidentin Sərəncamı ilə “Şuşa ili” elan olunduğunu və Şuşanın 2023-cü il üzrə Türk dünyasının, gözlənildiyi kimi 2024-cü il üzrə isə İslam dünyasının Mədəniyyət paytaxtı olacağını deyib. O, “Şuşa İli” ərzində qardaş Özbəkistanda Azərbaycanın Mədəniyyət paytaxtı Şuşa ilə, mədəni irsimizlə bağlı silsilə tədbirlərə görə əməyi keçən hər kəsə könül dolusu təşəkkür edib.

Səmərqənddəki Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri möhtəşəm konsert proqramı ilə davam edib. Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova və Səmərqənddə keçirilən “Şərq təranələri” Beynəlxalq musiqi festivalının “Qran-pri” mükafatçısı, tarzən Sahib Paşazadə milli musiqilərimizi ifa edib.
Konsert proqramında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki Kökəb Əliyeva adına "Azərbaycan qızları" rəqs ansamblı milli rəqslərimizi ifa edib.
Sənətçilərin hər birinin ifası sürəkli alqışlarla qarşılanıb.

Tədbirdə Azərbaycanlı modelyer-dizayner Afaq İsmayılzadənin hazırladığı milli geyimlər kolleksiyası nümayiş etdirilib – Azərbaycan və Özbəkistan milli naxışlarını, koloritlərini özündə əks etdirən kolleksiya tamaşaçıların böyük marağına səbəb olub.

Sonra nümayəndə heyəti və şəhər rəhbərliyinin qarşılıqlı hədiyyə bağışı olub.

Azərbaycan nümayəndə heyəti Səmərqənd kitabxanalarına və yerli diaspor təşkilatına Azərbaycana dair nəşrlər, materiallar təqdim edib.

Arzu edənlər bu linkdən izləyə bilər:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR